Ürəklərə köçən
ünvan
Onlar ayrı-ayrı ailələrdə, şəhərlərdə, kəndlərdə dünyaya göz açdılar, böyüyüb boya-başa çatdılar. Başa çatdılar, ona görə ki, qısa ömürləri ilə şəhidlik zirvəsinə yetişdilər, əbədiyyətə qovuşdular.
Vətənin üstünə tanklar hücum çəkəndə ölümün gözünə dik baxaraq sinələrini yurda atılan güllələrə sipər etdilər. Qana boyandı Bakının küçələri, meydanları. Çaşbaş qaldı böyük də, kiçik də. İnandığımız, özümüzünkü sandığımız "Qızıl Ordu" üzünü bozardıb üstümüzə hücum etmişdi. Ərşə qalxdı anaların naləsi, ataların fəryadı. Yumruğa döndü həmin gün bütövlükdə Azərbaycan xalqı. Qərənfillərin beli büküldü həmin vaxt. İndi onlar nə görüşə gedə bilirlər, nə toya-bayrama. Bax beləcə yaddaşlara həkk olundu, tarixə düşdü 1990-cı ilin faciə, qəhrəmanlıqla dolu olan 19-dan 20-nə keçən yanvar gecəsi.
Artıq 21 il keçir o acı, faciəli, həm də qürur duyduğumuz gündən, soyuq qış gecəsindən. Ziyarətgaha, and yerimizə dönüb onların məzarları, Şəhidlər xiyabanı. Eyni zamanda, onların adı döyünən ürəyimizdədir. Hər birimizin borcu, məsuliyyəti var nigaran şəhid ruhları qarşısında.
Nə qədər ki Vətənimizin dilbər guşəsi Qarabağ - Xankəndi, Şuşa, Ağdam, eləcə də Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl və digər ata-baba torpaqlarımız düşmən tapdağı altındadır, şəhidlərimizin ruhları rahatlıq tapmayacaq. Bu gün hər birimiz ürəyimizi düşmənə qarşı nifrət, qəzəb hissilə yükləyib, Ali Baş Komandanın əmrinə hazır dayanmışıq.
Müqəddəs şəhidlik məqamı hamımız üçün müqəddəs və ülvidir. Odur ki, sözlərin ən alisi şəhidlərə ünvanlanır:
Əbədi yaşayanlar
Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə amal seçib,
Ömrün bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
Yaşanan hər ömürdə qanınız, canınız var!
* * *
Səs verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs
şəhidlik zirvəsinə,
Məzarınız dönübdür ziyarət
türbəsinə.
İnanın, and içirik,
qanınız alınacaq,
Xatirəniz, ruhunuz həmişə anılacaq!
* * *
Bir ata övladından el oğluna
döndünüz,
Kim deyər
ki, öldünüz,
kim deyər
ki, söndünüz?!
Gələcək nəsillərə yetişəcək
ününüz.
Siz bu gün də, sabah da,
əsrlərlə sağsınız,
Bu yurdun sinəsində vüqarsınız,
dağsınız!
* * *
Siz yazdınız
millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulub min çələngə,
min gülə.
Tərsiniz çiçək
kimi, həmişə
baharsınız!
Azərbaycan köksündə
əbədi yaşarsınız!
Seyran Cavadov
Azərbaycan.- 2011.- 20 yanvar.- S. 6.