Tarixi yaşadan şəkillər

 

Azərbaycan İstiqlal Muzeyinin ekspoziyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. "Tarixə çevrilmiş şəkillər" adlı sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan və Qanlı Yanvar gecəsinin dəhşətlərini özündə əks etdirən 50 ədəd fotoşəkil, həmçinin 20 Yanvar şəhidlər Azər Ələkbərovla Ağabəy Novruzbəylinin şəxsi əşyaları nümayiş olundu.

Tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi 20 Yanvar faciəsi zamanı şəhid olan Vətən övladlarının xalqımızın qəlbində daim yaşayacağını bildirdi. O, siyasi dayaqları çökməyə məhkum sovet imperiyasının o gecə əlləri qana batmış cəlladlarına nifrətin də heç zaman qəlblərdən silinməyəcəyini qeyd etdi. Tədbirdə istiqlal, müstəqillik uğrunda şəhid olmağın şərəfini yaşayan xalqımızın şanlı tarixində belə səhifələrin az olmadığı xatırladıldı. Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası, Respublika Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova çıxışında azadlıq aşiqlərinin torpağa tökülən hər damla qanından min-min mücahidin cücərdiyni və onların işğal altında qalan Vətən torpaqlarının daşı-qayası uğrunda canından keçməyə hazır olduqlarını bildirdi. Milli Qəhrəmanın anası belə övladları olan Vətənin daim qürurlu olacağını bildirərək dedi: "Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olmaq hər birimizin müqəddəs və şərəfli borcudur".

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Asif Şirinov azadlıq aşiqlərinin xatirəsinin əbədiləşdirilməsində dövlətin gördüyü məqsədyönlü tədbirlərdən danışaraq təşkilatların üzvü, respubika "Xatirə" redaksiyasının əməkdaşı Vüqar Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" kitabını muzeyin fonduna hədiyyə etdi.

"Tarixə çevrilmiş şəkillər" əsasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilən tədbirdə o günlərin canlı şahidi və "fotoaparatı ilə döyüşən" rəssam-fotoqraf T.Cəfərov, şəhid atası O.Novruzbəyli, şəhid anası B.Allahverdiyeva və başqaları çıxış edərək ötən müddət ərzində xalqımızın mübarizlik ruhunun dəfələrlə artdığını və bunun da nəticəsi kimi hər qarış torpaq uğrunda təkcə şəhid olmağın deyil, döyüşməyin şərəfini yaxşı bildiyini qeyd etdilər.

Muzeyin elmi əməkdaşı Gülay Ramazanovadan aldığımız məlumata görə, tədbirin sonunda Qanlı Yanvar haqqında tədbir iştirakçılarına təqdim edilən sorğu-anketin doldurulması da məhz istiqlal tariximizin şərəfli olduğunu gələcək nəsillərə anlatmaqdan ibarətdir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 6.