Əbu-Dabi bəyannaməsi 51
dövlətin parlamentini Xocalı faciəsini insanlığa
qarşı törədilmiş cinayət kimi tanımağa
çağırır
İslam Konfransı Təşkilatı
Parlamentlər İttifaqı (İKT Pİ) Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət"
beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə
qəbul etmişdir.
İKT Gənclər Forumunun (İKT GF) İstanbulda yerləşən qərargahından verilən məlumatda deyilir ki, İKT Parlamentlər İttifaqı (İKT Pİ) Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyası öz işini başa çatdırmışdır. Baş katib Elşad İskəndərovun başçılığı ilə Forumun nümayəndə heyəti Şuranın işində iştirak etmişdir.
İKT Pİ Şurası üzv dövlətləri Xocalı faciəsini "insanlığa qarşı törədilmiş kütləvi cinayət" kimi tanımağa çağıran Əbu-Dabi bəyannaməsini qəbul etmişdir. E.İskəndərov demişdir ki, bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş "İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamənin Şura tərəfindən təsdiqlənməsi nəticəsində baş vermişdir. Qətnamənin 3-cü bəndində qeyd edilmişdir ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar. İKT Pİ Şurası Leyla xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirmiş və bu rəy qətnamədə öz əksini tapmışdır. Xatırladaq ki, qətnamə İKT GF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət" kampaniyasının tərkib hissəsi idi.
Sənədin əhəmiyyətini şərh edərkən İKT GF-nin baş katibi Elşad İskəndərov demişdir: "Məlum olduğu kimi, keçən il faciəyə insanlığa qarşı cinayət kimi prinsipial qiyməti İKT Pİ spikerlərinin konfransı vermişdir. O vaxt rəsmi İrəvan bu hadisəni belə qələmə vermişdi ki, spikerlər diplomat deyil və nəyi imzaladıqlarına baxmırlar. Ötən ildən bəri İKT-yə üzv bəzi ölkələrin parlamentlərinə bu mövqedən imtina etmək üçün təzyiqlər də edilmişdi. Şuranın qətnamə vasitəsilə Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıması həm İKT-nin bu məsələdə prinsipial mövqeyini bir daha nümayiş etdirir, həm də faciənin siyasi yolla tanınması prosesini praktiki müstəviyə keçirir".
E.İskəndərov əlavə etmişdir ki, qətnamədə təşkilata üzv parlamentlərə birbaşa çağırış vardır və bu, öz növbəsində, faciənin milli səviyyədə hüquqi və siyasi tanınması mərhələsini açır. İKT Pİ-nin dünya parlamentlərinin dörddəbirini öz sıralarında cəmləşdirdiyini nəzərə alsaq, mühüm siyasi-hüquqi tərkibə malik "insanlığa qarşı cinayət" ifadəsinin istifadə olunması Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin tərkib hissəsi kimi tanınması və cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunması baxımından yeni mərhələdir. Qətnamənin qəbulu ideyası Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının milli koordinatorları ilə görüşündə irəli sürülmüş və kampaniyanın fəallarının öz ölkələrinin parlamentləri ilə apardıqları lobbiçilik fəaliyyəti nəticəsində uğurla reallaşdırılmışdır.
E.İskəndərov daha sonra sessiyanın işi zamanı İKT GF-nin bu təşəbbüsünü fəal şəkildə dəstəkləyən İKT Pİ Katibliyinə, Türkiyə, İordaniya, İran İslam Respublikası, Pakistan, Küveyt və bir sıra digər ölkələrin deputatlarına, Azərbaycan Respublikası Milli Məclisinin və Xarici İşlər Nazirliyinin nümayəndələrinə öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası 2008-ci il mayın 8-də - Şuşanın işğalının ildönümü günü İKT GF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüşdür. Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş kampaniya hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.
İKT
Pİ öz sıralarında 51 üzv dövlətin
parlamentini birləşdirir və illik olaraq Şuranın
sessiyalarını, iki ildə bir dəfə isə Afrika,
Asiya və ərəb bölgəsinin müvafiq ölkələrindən
birində konfransın sessiyasını keçirir.
Azərbaycan.- 2011.-20 yanvar.- S. 7.