Sarıqamış məğlubiyyəti Anadolunun şərqində Ermənistan dövlətinin yaradılması ilə nəticələndi

 

Tarixin ən genişmiqyaslı silahlı münaqişələrindən sayılan Birinci dünya müharibəsinin başlanmasına 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans Ferdinandın serbiyalı terrorçu P.Qavrilio tərəfindən Sarayevoda qətlə yetirilməsi səbəb oldu. Həmin gün Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Lakin bu, bəhanə idi, tezliklə müharibə dalğası dünyanı bürüdü və 39 dövlət bu müharibədə iştirak etdi. Müharibə Osmanlı dövləti üçün çox böyük fəlakətlə nəticələndi. İstanbul hökuməti Antanta dövlətlərindən tamamilə asılı vəziyyətə düşdü. Anadolunun böyük bir hissəsi və boğazlar ingilis-fransız və yunan işğalçılarının nəzarəti altına keçdi. Sarıqamış məğlubiyyətindən sonra Anadolunun şərqində Ermənistanın və Kürdüstanın qurulması planlaşdırıldı.

 

Dünya savaşında Türkiyənin düşdüyü vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan etdi. Cənub-Şərqi Anadolunun azad olunması üçün Osmanlı dövləti yeni - 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Hərbi nazir Ənvər paşa hazırladığı plana əsasən Sarıqamışa iki istiqamətdən -Sarıqamış və Allahuəkbər dağlarından hücum edərək Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər.E

Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərindir. Sarıqamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan buralar 1920-ci ilə qədər çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad edir. Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.

1915-ci il dekabrın 16-da "Turan fatehi", "Sarıqamış fatehi" olmaq arzusu ilə alışıb yanan Osmanlı hərbi komandanı Ənvər paşa qışın həddən artıq soyuq olmasını, əsgərlərin isti paltar və ərzaqla yaxşı təmin olunmamasını nəzərə almadan Qafqazda hərbi əməliyyatların başlamasına əmr verir. Vəziyyət elə bir vaxta təsadüf edir ki, Osmanlı ordusuna ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır. Vəziyyətin son dərəcə ağır olduğunu görən tədbirli və güclü sərkərdə istefada olan Hasan İzzət paşa tələbəsi, 34 yaşlı Ənvər paşaya əl saxlamağı, bir az gözləməyi məsləhət görür: "Qara qışın ən sərt çağıdır. İndi hərəkət etmək gözgörəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar açılsın, biz də hazırlıqlarımızı bir az artıraq, ondan sonra düşmənə həddini bildirərik" deyir. Lakin Ənvər paşa razılaşmır. Beləliklə, 1914-cü il dekabrın 21-də Şərq cəbhəsində əməliyyatlar başlayır və Ənvər paşa müəlliminə "Dərhal hərəkətə keçib rus ordusunu məhv etməlisiniz!" əmrini verir. Sözlərinə etina edilmədiyini görən Hasan İzzət paşa savaşa girməkdən imtina edərək istefa verir.

125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış ordu dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayır. Onların arasında yüzlərlə azərbaycanlı könüllü də var idi. Canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. Tarixçilər bu mənzərəni belə ifadə edirdilər: "Altı əsrlik qoca Osmanlı ölüm növbəsində idi".

Ruslar vaxt itirmədən Qafqaz cəbhəsini açır və Qərbi Anadolu torpaqlarına girirlər. Avropa və Asiyanın bir çox ölkələrinə səpələnmiş Osmanlı ordusu ingilis, fransız, yunan, rus hücumları qarşısında duruş gətirə bilmirdi. Hər gün sayı azalırdı. Hərəkət planına görə, 9-cu ordu Sarıqamış dağlarını, 10-cu ordu isə Allahuəkbər dağlarını aşaraq rusları Sarıqamışda mühasirəyə almalı idi.

1915-ci il yanvarın 18-idi. Yaşam dövründə zəfərləri qədər faciləri də çox olan Osmanlı dövləti tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazdı. Sarıqamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrildi... Soyuqdan bir-birinə sarılanlar elə bu vəziyyətdəcə ölmüşdülər. Türk qanına susamış işğalçı yadellilər bu savaşda bir qurşun belə işlətmədən istəklərinə nail olmuşdular. Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun kismi küllisi mahvoldu".

Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər.

Sarıqamış faciəsi və Osmanlının yaşadığı ağır tarixi günlər Azərbaycanda da narahatlıqla qarşılanır, əli yetən, gücü çatan qardaşlarının köməyinə tələsirdi. Kimi isti corab, yun əlcək, isti canlıq toxuyub göndərir, kimisi qiymətli zinət əşyalarından keçirdi. Ərzaq, dava-dərman və başqa yardımlar Azərbaycan Xeyriyyə Cəmiyyətində toplanaraq Türkiyənin şərq vilayətində müsibətə düçar olmuş insanlara göndərilirdi. Azərbaycandan dəstə-dəstə könüllülər qardaşlarının köməyinə getmişdilər. Türk mehmetcikləri ilə bir-birinə sarılaraq Sarıqamışda donan 90 min şəhidin arasında yüzlərlə azərbaycanlı könüllü əsgər vardı.

Yardım aparanların arasında görkəmli Azərbaycan şairi Əhməd Cavad da var idi. Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq, böyük türkçü şair yardım işlərində yorulmadan çalışır, ölümü göz altına alaraq özünü türk qardaşlarına yetirirdi. O, 1915-ci il yanvarın 18-də Qarsda, Sarıqamışda gördüklərini "Nə gördümsə" şeirində belə ifadə edirdi:

 

Armağanım yaslı nəğmə,

Bir quş oldum, çıxdım yola.

Getdim, gördüm dost elində,

Nə bir səs var, nə bir layla.

 

Gördüm qərib minarədən,

Axşam olmuş, əzan hanı?

Bayquş qonmuş minbərlərə,

Deyən hanı, duyan hanı?

 

Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, işğal olunmuş türk torpaqlarında, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar.

Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi. Tədqiqatçı jurnalist A.Aşırlı "Nargin adasının türk əsirləri" məqaləsində göstərir ki, Azərbaycanın böyük dövlət və ictimai xadimi Nəriman Nərimanov "Hümmət" qəzetinin 28 noyabr 1917-ci il sayında "Göz yaşı tökdürən cəzirə" məqaləsində yazırdı: "Kaş bu cəzirəyə (Nargin) getməzdim, kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməzdim. Kaş "Əfəndim, su", "Əfəndim, yemək", "Əfəndim, paltar" sözlərini eşitməyəydim. Kaş çılpaq dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balalarla sözləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim". N.Nərimanov 1200 əsir türkün hazır ölüm növbəsində durduğunu, 6 min nəfərin də növbəyə hazırlaşdığını, tif, vəba kimi yoluxucu xəstəliklərin yayıldığını göz yaşları ilə yazırdı. Nargində yaşanan müsibətlərdən, rusların və ermənilərin Nargində türk əsirlərinin başına gətirdikləri amansızlıqlardan xəbər tutan Bakı İslam Xeyriyyə Cəmiyyəti bu barbarlığa etiraz əlaməti olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin sədri Oldenburqa müraciət edir.

Sarıqamış faciəsi türk tarixinin qanlı səhifəsi və ən uğursuz hərbi əməliyyatı olsa da, 1920-ci ildə qəhrəman türk ordusu Sarıqamışı işğaldan azad etdi.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 7.