Prezident İlham Əliyev
Lökbatan qəsəbəsində Heydər Parkı, Heydər
Əliyev Mərkəzi və "Cırtdan" uşaq əyləncə
parkının açılışlarında iştirak
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və "Cırtdan" uşaq əyləncə parkının açılışlarında iştirak etmişdir.
Mərasim iştirakçıları dövlət başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə Lökbatan qəsəbəsinin mərkəzində yerləşən Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, ölkənin ən böyük sənaye mərkəzlərindən olan Qaradağ rayonunun inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Qaradağ rayonunun inkişafı ilə bağlı böyük tədbirlər həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır.
Diqqətə çatdırıldı ki, Heydər Parkının ərazisi əsaslı yenidənqurma işləri nəticəsində xeyli genişləndirilmiş, burada qəsəbə sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq inşa edilmiş parkda yeni yaşıllıq zolaqları salınmış, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, yaraşıqlı fəvvarələr tikilmişdir.
Bildirildi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə parkın ərazisində Heydər Əliyev Mərkəzi inşa edilmişdir.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham ƏLİYEV Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik edərək dedi:
- Sizi Heydər
Əliyev Mərkəzinin açılışı
münasibətilə ürəkdən təbrik edirəm. Bu,
çox gözəl mərkəzdir. Biz bu mərkəzin
açılışında da bərabər iştirak edirik.
Mərkəz həm Qaradağ rayonuna, onun mərkəzi olan
Lökbatan qəsəbəsinə əlavə yaraşıq
verir, həm də funksional baxımdan çox dəyərlidir.
Bütövlükdə burada gedən işlər məni
çox sevindirir. Əminəm ki, siz də mənim fikrimlə
razılaşırsınız. Qəsəbənin sakinləri
burada gedən gözəl dəyişiklikləri
görürlər və bu dəyişikliklərin həyata
keçirilməsində fəal iştirak edirlər. İndi bu park demək olar
ki, Bakının ən gözəl parklarından biridir.
Gözəl şərait yaradılıb, abadlıq işləri
görülüb. Parkdan başqa, bütün bu binalar təmir
olunub, küçələr salınıb, genişləndirilib.
Yəni, burada gedən abadlıq-quruculuq işləri onu
göstərir ki, iradə, istək və işgüzarlıq
olan yerdə hər şeyi etmək mümkündür.
Mən çox şadam ki,
son dövrlərdə Qaradağ rayonunda belə gözəl
işlər görülmüşdür, özü də
qısa müddət ərzində. Bilirsiniz ki, Qaradağ
rayonuna mənim həmişə xüsusi münasibətim,
xüsusi diqqətim olub. Mənim demək olar ki, siyasi fəaliyyətim
bu rayonda başlayıb. Birinci dəfə 1995-ci ildə
qaradağlılar mənə etimad göstərmiş, Milli Məclisə
deputat seçmişlər. Mən də
çalışırdım ki, bu böyük etimadı
doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm,
vəziyyətlə
Rayonun iqtisadi və sənaye
inkişafı sürətli gedir. Qaradağ rayonu Azərbaycanın
güclü sənaye mərkəzinə çevrilir. Burada
yaradılan müəssisələr və tikilməkdə
olan zavodlar rayonun iqtisadi gücünü artıracaq, yeni
iş yerlərinin açılmasına gətirib
çıxaracaqdır.
Bir müddət bundan əvvəl
xarici investorlar tərəfindən tikilən böyük
sement zavodunun təməl daşını qoyduq. Yəqin ki, gələn
il bu zavod fəaliyyətə başlayacaqdır. Ondan sonra
Qaradağ rayonunda ölkəmiz üçün çox
böyük əhəmiyyətə malik olan gəmiqayırma
zavodunun təməl daşı qoyuldu. Keçən il
Bakının yeni ticarət limanı yenə də
Qaradağda tikilməyə başlanmışdır.
Əlbəttə, Qaradağ
rayonunun ərazisi çox böyükdür. Ərazi
baxımından Bakının yarısı qədərdir.
Coğrafi vəziyyəti belədir ki, buranı böyük sənaye
mərkəzinə çevirmək üçün
yaxşı imkanlar vardır. Ancaq digər tərəfdən,
o da həqiqətdir ki, Qaradağ rayonunun ölkəmizin sənaye
potensialının inkişafında öz rolu olmalıdır.
Ölkəmizdə indi çox güclü sənayeləşmə
siyasəti aparılır. Biz müxtəlif istiqamətlərdə
güclü sənaye potensialının yaradılması ilə
məşğuluq. Hazırda biz ölkə miqyasında əlbəttə
ki, Bakıdan sonra iki böyük sənaye mərkəzinin
yaradılması ilə ciddi məşğuluq. Onlardan biri
neft-kimya sənayesinin ənənəvi mərkəzi olan
Sumqayıt şəhəridir. Hazırda bu ənənəvi
sahə ilə bərabər Sumqayıtda çox güclü
sənaye potensialı yaradılır. İkinci sənaye mərkəzi
Qaradağ rayonu olmalıdır. Gələcəkdə
Qaradağ rayonunda böyük neft-kimya kompleksinin
yaradılması da planlarımızda vardır.
Rayonun bu sürətli
inkişafını nəzərə alaraq, hələ bir
neçə il bundan əvvəl mənim təşəbbüsümlə
Qaradağ rayonunda böyük elektrik stansiyası tikilib istifadəyə
verilmişdir. Modul tipli Səngəçal elektrik
stansiyasının istehsal gücü 300 meqavata bərabərdir.
Yəni, bu, gələcəyə atılmış bir
addımdır. Çünki biz bilirdik ki, burada yaradılacaq
yeni sənaye müəssisələri əlavə elektrik
enerjisi tələb edəcəkdir. Biz hər şeyi
planlı şəkildə edirik və yenə də demək
istəyirəm ki, sənaye sahəsində görülən
bütün bu işlərlə bərabər, rayonda qısa
müddət ərzində belə gözəl abadlıq
işlərinin aparılması məni çox sevindirir. Mən
istəyirəm ki, bütün şəhərlərimiz,
bütün meydanlarımız belə gözəl olsun,
insanlar üçün gözəl şərait
yaradılsın, Azərbaycan vətəndaşları rahat
yaşasınlar. Biz bu meydandan bu yaxınlarda istifadəyə
verilmiş gözəl evi də görürük. Şəhid
ailələri, Qarabağ müharibəsi əlilləri
üçün tikilmiş gözəl bina da bu meydana əlavə
yaraşıq verir.
Həm iqtisadi, həm də
sosial məsələlərin həlli daim diqqət mərkəzindədir.
2011-ci ili biz böyük ümidlərlə
başlayırıq. 2011-ci ildə mənim ilk belə
görüşüm Qaradağ rayonundadır. Keçən
ildə də, əvvəlki illərdə də dəfələrlə
rayonda olmuşam, gələcəkdə də gələcəyəm,
çünki burada hələ açılışlar
çox olacaqdır.
Sizi görülən bu
işlərlə, əldə edilmiş uğurlarla ürəkdən
təbrik edirəm. Sağ olun.
Lökbatan qəsəbəsinin
sakinləri adından dövlət başçısı
İlham Əliyevə minnətdarlığını bildirən
Təranə İSMAYILOVA dedi:
- Hörmətli möhtərəm
cənab Prezident!
Sizi - ulu öndər Heydər
Əliyevin layiqli davamçısını, ölkəmizi
dünya miqyasında tanıdan görkəmli rəhbərimizi
Sizin üçün həmişə doğma və əziz
olan Qaradağ rayonunda səmimi qəlbdən salamlayıram və
bütün rayon ictimaiyyəti adından Sizə "Xoş gəlmisiniz!"
deyirəm.
Biz həmişə fəxr
etmişik ki, Siz böyük siyasətə məhz Qaradağ
rayonundan başlamısınız. 1995-2000-ci illərdə Siz
parlamentdə bizim rayonun deputatı olmusunuz və o zaman da bizim
rayon üçün çox böyük işlər
görmüsünüz. Sizin təşəbbüsünüzlə
yaradılmış Qaradağ rayonunun Sosial-İqtisadi
İnkişafına Yardım Fondunun köməyi ilə
rayonda bir çox işlər görülmüşdür. Bu
işlər bu gün də davam edir. Fond bütün əlamətdar
günlərdə, bayramlarda rayonun ən çox sosial
müdafiəyə ehtiyacı olan təbəqələrinə
maddi kömək göstərir, bayram sovqatları paylayır.
Biz fəxrlə bildiririk ki, ölkəmizin bütün
bölgələrində inşa olunan olimpiya idman komplekslərinin,
şəhid və əlil ailələri üçün
çoxmərtəbəli yaşayış binalarının
birincisi məhz Lökbatan qəsəbəsində
tikilmişdir. Bu obyektlərin açılışında
ümummilli lider Heydər Əliyev şəxsən iştirak
etmiş və öz xeyir-duasını vermişdir.
Möhtərəm cənab
Prezident!
Sizin Qaradağ rayonuna
qayğınız bu gün də davam edir. Qaradağda Sizin təşəbbüsünüz
və dəstəyinizlə çox böyük infrastruktur
layihələrinə rəvac verilmişdir. Qeyd etdiyiniz kimi,
Sahil qəsəbəsində regionun ən böyük gəmiqayırma
zavodu və Ələt qəsəbəsində dəniz
limanının təməli qoyulmuşdur. Qaradağ rayonunun
inkişafında Heydər Əliyev Fondunun prezidenti, əzizimiz
Mehriban xanım Əliyevanın da çox böyük zəhməti
vardır. Rayonun ucqar qəsəbələrindən olan
Çeyldağ və Ələtdə yeni orta məktəb
binaları inşa olunmuş və balalarımızın
istifadəsinə verilmişdir.
Möhtərəm cənab
Prezident!
Bu gün çox rəmzi məna
daşıyır. Tanrının məsləhəti və
taleyin qisməti ilə Siz yenə Qaradağ rayonunda obyektlərin
açılışında şəxsən iştirak
edirsiniz və bununla bizə çox böyük şərəf,
sevinc yaşadırsınız. Bu diqqət və
qayğıya görə Sizə bütün
qaradağlılar adından səmimi qəlbdən təşəkkür
edirəm. Əmin olun ki, qaradağlılar hər zaman sizinlədir
və Sizin bütün işlərinizi dəstəkləyirlər.
Sizə və ailənizə möhkəm
cansağlığı, uzun ömür, Azərbaycanımızın
gələcəyi, dövlətimizin inkişafı naminə
böyük uğurlar arzulayıram. Tanrı Sizi və Mehriban
xanımı bizim millətimiz üçün qorusun. Çox
sağ olun.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun, xoş sözlərinizə görə təşəkkür
edirəm. Mən doğrudan da, 1995-ci ildən 2000-ci ilə qədər
çalışırdım ki, imkan daxilində rayonun problemlərini
həll edim. O vaxt burada dediyiniz fondun xətti ilə
yaşayış binası da tikilmişdi, "Ümid" qəsəbəsi
salınmışdı. Əlbəttə, o vaxt
imkanlarımız o qədər də geniş deyildi. Amma bu
gün Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkədir. Əlbəttə, ölkəmizin
maddi imkanları da çox artıbdır. Biz
çalışırıq və nail oluruq ki, bu böyük
sərvəti ölkəmizin inkişafına, insanların
rifah halının yaxşılaşmasına yönəldək.
Təsadüfi deyil ki, keçən il dünyada hələ də
maliyyə və iqtisadi böhran hökm sürürdü,
Avropa qitəsində ölkələrin böyük əksəriyyətində
maddi sıxıntılar ucbatından maaşlar, pensiyalar kəsilirdi
və bilirsiniz ki, bu çox böyük etirazlara səbəb
olurdu. Buna baxmayaraq, keçən il Azərbaycanda minimum əməkhaqqı,
pensiyanın baza hissəsi artmışdır, investisiya layihələri
icra edilmişdir, sosial məsələlər həll
olunmuşdur, 70-dən yuxarı məktəb, 40-dan artıq xəstəxana
tikilmiş və təmir edilmişdir, olimpiya kompleksləri,
belə gözəl parklar, xiyabanlar, yollar
salınmışdır.
Bəli, Azərbaycanın
uğurlu inkişafı artıq reallıqdır və təbii
ki, iqtisadi imkanlarımız artdıqca biz daha da böyük
işlər görməyə qadir olacağıq.
Keçən il böyük
infrastruktur layihələrinin arasında Qaradağ rayonunda
görülən işlər də xüsusi yer tutur. Dairəvi
yolun tikintisi nəinki Bakı sakinlərinə, bütün
ölkə vətəndaşlarına rahatlıq
yaradacaqdır. İndi bu yoldan bütün istiqamətlərdən
gələn avtomaşınlar istifadə edir. Gələcək
planlarımız da çox böyükdür. Bu gün
görülən işlər sadəcə olaraq, gözəl
bir başlanğıcdır. Baxmayaraq ki, böyük işlər
görülübdür, gələcək planlarımız
daha da böyükdür. Biz elə etməliyik ki, Azərbaycan
dünya miqyasında inkişaf etmiş ölkələrin
sırasına daxil olunsun. Bunu etmək üçün bizdə
çox ciddi proqram hazırlanır. Elə etməliyik ki,
iqtisadi və sosial məsələlərin həlli işində
bizdə bütün meyarlar ən yüksək səviyyədə
olsun. Biz buna nail olacağıq. Ölkəmizin çox
gözəl bugünü və gələcəyi vardır.
Bu gün - Heydər Əliyev
Mərkəzinin açılışı günündə
bu barədə söhbət aparmaq yerinə düşür.
Çünki bütün uğurlarımızın təməlində
ulu öndərin fəaliyyəti dayanır. Əgər
1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi
hakimiyyətə dəvət etməsəydi, ölkənin
inkişafı tam başqa istiqamətdə gedə bilərdi.
Biz o günləri, 1991-ci, 1992-ci, 1993-cü illəri, vətəndaş
müharibəsini, iqtisadi böhranı yaxşı
xatırlayırıq. Hamımız yaxşı
xatırlayırıq ki, şəhərlərimiz,
rayonlarımız hansı vəziyyətdə idi. Bu gün Azərbaycanın
uğurlu inkişafı məhz o illərdə şərtləndirildi.
Bizim vəzifəmiz ondan ibarətdir ki, bu siyasəti davam etdirək,
ölkəmizi inkişaf etdirək, qabağa aparaq və həmişə
iqtisadi, sosial məsələlərin həlli işində
dünya miqyasında birincilər sırasında olaq. Bu
işlərdə sizə və bütün Azərbaycan
xalqına yeni uğurlar arzulayıram.
* * *
Qəsəbə sakinləri
Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
* * *
Sonra dövlət
başçısı burada orijinal üslubda inşa
edilmiş Heydər Əliyev Mərkəzinin rəmzi
açılışını bildirən lenti kəsdi və
bina ilə yaxından
Vurğulandı ki, burada ulu
öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi
və təbliği üçün hər cür şərait
yaradılmışdır, müasir avadanlıqla təchiz
olunmuş internet zalı fəaliyyət göstərir.
Prezident İlham Əliyev mərkəzin
foyesində ulu öndər Heydər Əliyevin həyat və
fəaliyyətini əks etdirən fotolara baxdı.
Bildirildi ki, Heydər Əliyev
Mərkəzində nümayiş olunan bu fotolar ümummilli
liderin Qaradağ rayonuna səfərlərini, böyük sənaye
obyektlərinin açılışında
iştirakını əks etdirməklə yanaşı,
rayonun inkişafının hər zaman ulu öndərin diqqət
mərkəzində olduğunu bir daha sübut edir. Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra da ölkəmizin
iqtisadi qüdrətinin artmasında Qaradağ rayonu
mühüm yer tutur.
Qeyd edildi ki, Lökbatanda Heydər
Əliyev Mərkəzinin yaradılması müasir Azərbaycan
tarixinin, Heydər Əliyev irsinin, ulu öndərin zəngin
siyasi fəaliyyətinin öyrənilməsi və təbliği
baxımından böyük önəm daşıyır. Gənc
nəslin milli mənəvi ruhda tərbiyə edilməsində
də ulu öndərin fikirlərinin əvəzsiz rolu
vardır. Yeni mərkəz Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi
və azərbaycançılıq məfkurəsinin dərindən
öyrənilməsi, geniş təbliğ olunması
baxımından da mühüm əhəmiyyətə malikdir.
Diqqətə
çatdırıldı ki, mərkəzdə ümummilli
liderin həyatından bəhs edən nəşrlərin
toplandığı kitabxana, kiçik kafeteriya fəaliyyət
göstərir. Burada 50 yerlik konfrans və 220 yerlik iclas
zalları vardır.
Dövlət
başçısı iclas zalında yaradılan şəraitlə
Heydər Əliyev Mərkəzi
ilə tanışlıqdan sonra dövlət
başçısı Xatirə kitabına ürək
sözlərini yazdı.
* * *
Daha sonra Prezident İlham Əliyev
Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə
ərazisində yeni salınmış "Cırtdan"
uşaq əyləncə parkı ilə
Bildirildi ki, Lökbatan qəsəbəsində
uşaqlar üçün salınan park xüsusi zövqlə
inşa edilmişdir. Ərazidə inşa edilmiş qapalı
"Cırtdan" uşaq kafesi müasir mebel dəstləri
və avadanlıqla təchiz olunmuşdur. Bildirildi ki, 10 min
kvadratmetr ərazisi olan park xüsusi dizayn əsasında
qurulmuş, burada müxtəlif attraksionlar və əyləncəli
qurğular quraşdırılmışdır.
Vurğulandı ki, parkda
uşaqların mənalı istirahətinin təşkili
üçün geniş imkanlar yaradılmışdır.
Bu, uşaqlara göstərilən diqqət və
qayğının Azərbaycanda dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu təsdiq edir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
çoxsaylı layihələr bu sahədə xüsusi
önəm daşıyır. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın bu nəcib missiyası
uşaqların xoşbəxt gələcəyinin təmin
olunmasına yönəlmişdir. O, öz xeyirxah əməlləri
ilə Azərbaycan uşaqlarının ən böyük
dostu və himayədarına çevrilmişdir.
Prezident İlham Əliyev
görülmüş işlərdən
razılığını bildirdi.
* * *
Azərbaycan Prezidenti
İlham Əliyev Lökbatan qəsəbəsinin girişində
yeni salınan dəmir yolu ötürücüsü ilə də
tanış oldu.
Bildirildi ki, köhnə
yolötürücü müasir tələblərə cavab
vermirdi. Dövlət başçısının
tapşırığı ilə yeni
yolötürücünün inşasına
başlanılmış və yüksək tələblərə
cavab verən dəmir yolu ötürücüsünün
tikintisi qısa vaxt ərzində başa
çatdırılmışdır. Burada müasir
işıqlandırma sistemi
quraşdırılmışdır.
Prezident İlham Əliyev ətraf
ərazilərdə abadlıq və
yaşıllaşdırma işlərinin həyata
keçirilməsi ilə bağlı tövsiyə və
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2011.-22
yanvar.- S. 2.