Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2011-ci il oktyabrın 18-də
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu
illər ərzində demokratik, hüquqi və dünyəvi
dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Hələ ötən əsrin
70-ci illərindən başlayaraq Azərbaycanın
böyük oğlu Heydər Əliyevin strategiyasına
uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı
proqramlar müasir iqtisadi potensialın
formalaşdırılmasına, sosial-mədəni həyatın
canlandırılmasına və milli-mənəvi dəyərlərin
dirçəldilməsinə yönəldilərək gələcək
müstəqilliyimizin təmin olunması üçün zəmin
hazırlamışdı.
SSRİ-nin süqutunun
qaçılmaz şəkil alması onun tərkibinə daxil
olan bütün müttəfiq respublikalara müstəqillik əldə
etmək imkanı yaratdı. Azərbaycan Respublikası 1991-ci
il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan
Respublikasının Müstəqilliyi haqqında Konstitusiya
Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi
olduğunu bəyan edərək öz dövlət müstəqilliyini
və suverenliyini beynəlxalq aləmə bildirdi. Qısa bir
müddətdə dünya birliyi ölkələri və Birləşmiş
Millətlər Təşkilatı tərəfindən
tanınmaqla o, beynəlxalq hüququn subyektinə çevrildi.
Həmin gün tariximizə dövlət müstəqilliyinin
bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət
atributları kimi qəbul edildi və onun yarandığı
28 may günü Respublika günü kimi qeyd olunmağa
başladı.
Müstəqilliyimizin ilk illərindəki
hərc-mərclik və xalqımızın maraqlarına zidd
siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin
talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi.
1993-cü ilin iyun ayından ölkədə
formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş
müharibəsi təhlükəsini aradan qaldırdı,
separatçılıq meyillərinə son qoydu və Heydər
Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə
gətirib çıxardı.
1994-cü ildə imzalanan
"Əsrin müqaviləsi" Azərbaycanın neft
strategiyasının reallaşması üçün imkan
verdi və Xəzər hövzəsində irimiqyaslı layihələrin
uğurla həyata keçirilməsini təmin etdi. 2006-cı
ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə
başlaması böyük strateji uğur və Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil
oldu.
1995-ci ildə müstəqil
Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə
ölkədə dövlət quruculuğu üçün zəruri
hüquqi baza formalaşdı. Ölkəmizin daxili və
xarici siyasət konsepsiyası beynəlxalq hüquq
normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda
bütün istiqamətlərdə dövlət quruculuğu
prosesi uğurla həyata keçirilmiş, dövlətçilik
ənənələri zənginləşdirilmişdir.
Keçid dövrünü
başa vuran respublikamız bu gün özünün
uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini
müəyyən edən bir ölkədir. Azərbaycan
dünya miqyasında iqtisadi artım sürətinə görə
ön sıralarda gedərək islahatçı ölkə
kimi tanınır. Respublikamızda neft və qeyri-neft
sektorlarının yüksəlişi, çoxşaxəli
iqtisadiyyatın ahəngdar inkişafı təmin
olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta
ehtiyatları ildən-ilə artmaqdadır. Güclü
sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın
enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni
infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara
verilir, minlərlə kilometr yol və müasir körpülər
salınır. Mühüm sosial əhəmiyyətə malik
obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri
istismara verilmişdir. Tarixi İpək Yolunun bərpası ilə
bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın
tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir.
Azərbaycanda ordu
quruculuğu prosesi böyük uğurla gedir. Silahlı
Qüvvələrimizin peşəkar hazırlıq səviyyəsi,
maddi-texniki bazası və döyüş qabiliyyəti
möhkəmləndirilir. Ölkəmizdə müdafiə sənayesi
inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə
həyata keçirilir. İnformasiya-kommunikasiya
texnologiyaları sahəsində əldə olunan nailiyyətlər
informasiya cəmiyyətinin qurulması üçün
möhkəm zəmin yaradır.
Regionların inkişafı
proqramı çərçivəsində böyük nailiyyətlər
əldə edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət
və sosial həyatda qazanılan müvəffəqiyyətlərin
miqyasının parlaq göstəricisi tikilən yüzlərlə
məktəb, yaranan tibb müəssisələri, yeniləşən
mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman
kompleksləri və olimpiya mərkəzləridir. Aparılan
quruculuq və abadlıq işləri sayəsində bu gün
paytaxtımız yeni görkəm almaqdadır, şəhər
və rayonlarımız ildən-ilə gözəlləşir.
Ölkəmizin ərzaq təhlükəsizliyi təmin
olunmuş, yeni iş yerləri açılaraq yoxsulluğun səviyyəsi
bir neçə dəfə azaldılmışdır.
Azərbaycan çoxsaylı
uğurlara hələ də yaşadığı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi şəraitində
nail olmuşdur. Beynəlxalq qurumların qəbul etdiyi qərar
və qətnamələrə baxmayaraq, ölkəmizin ərazi
bütövlüyü indiyədək bərpa
olunmamışdır. Danışıqlar prosesində Azərbaycanın
tələbi beynəlxalq hüquq normaları çərçivəsində
ölkəmizin zəbt olunmuş torpaqlarının
işğaldan azad olunması və ərazi
bütövlüyümüzün bərpa edilməsindən
ibarətdir. Bu, Azərbaycanın qəti və dəyişməz
mövqeyidir. Hazırda ölkəmizin zəbt olunmuş
torpaqlarının işğalına son qoymaqdan daha vacib vəzifəmiz
yoxdur.
Münaqişə öz həllini tapana qədər məcburi köçkünlərin sosial müdafiəsi təmin olunmaqdadır. Bu gün Azərbaycan ərazisində çadır şəhərciyi qalmayıbdır. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, evlər tikilib və bu istiqamətdə görülən işlər davam etdirilir.
İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir.
2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı meydanının açılışı olmuş və dünyanın ən yüksək bayrağı ucaldılmışdır. Bu meydan Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun rəmzinə çevrilmişdir.
Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.
2. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 yanvar
2011-ci il
Azərbaycan.- 2011.- 22 yanvar.- S. 3.