BMT-nin Azərbaycan üzrə
rezident əlaqələndiricisi Diplomatik Akademiyada
çıxış etmişdir
Yanvarın 21-də BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura Diplomatik Akademiyada "İnsan kapitalının inkişafı və BMT-nin İnkişaf Proqramının Azərbaycanda gördüyü və görməkdə olduğu işlər" mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xarici Siyasət Proqramının direktoru Aygün Hacıyeva qeyd etmişdir ki, ADA Azərbaycana səfər edən professorlar, ölkədə fəaliyyət göstərən beynəlxalq qurumların və diplomatik nümayəndəliklərin təmsilçiləri ilə görüşlər keçirir, onların fəaliyyətini işıqlandırmağa çalışır. BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura ilə də görüş bu müstəvidə təşkil olunmuşdur.
F.Akçura BMT-nin İnkişaf Proqramının dünya üzrə tərtib etdiyi ənənəvi illik hesabatı barədə məlumat vermişdir. Hesabatın tərtib olunmasında istifadə olunan statistik məlumatlar, ayrı-ayrı göstəricilərin açılışı və Azərbaycan üçün əhəmiyyətdən danışılmışdır.
BMT-nin rəsmisi təşkilatın 2010-cu ilin "İnsan kapitalı" indeksində Azərbaycanın 16 pillə yuxarı qalxaraq dünyada bu indeksin ən sürətlə artan ölkə olduğunu xatırlatmışdır. O, yerli hökumətin insan kapitalına, iqtisadiyyata, nəqliyyat infrastrukturuna sərmayə qoymasını da müsbət hal kimi qiymətləndirmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 22 yanvar.- S. 3.