İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

Azərbaycanın İstanbuldakı baş konsulluğu Qanlı Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirmişdir.

Baş konsul Həsən Zeynalov xalqımızın başına gətirilən müsibətlərdən bəhs etmiş, 20 Yanvar qətliamının faciə olmaqla yanaşı, xalqımızın tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulamışdır. O bildirmişdir ki, gələcək nəsillər bu qəhrəmanların xatirəsini layiqincə yaşatmalı, vətənpərvər olmalıdırlar.

Tədbirdə çıxış edən ziyalılar 20 Yanvar faciəsindən bəhs etmiş, Prezident İlham Əliyevin şəhid ailələrinə qayğısını vurğulamışlar.

Tədbir iştirakçıları qanlı hadisələrdən bəhs edən sənədli filmə tamaşa etmişlər.

Türkiyənin Kayseri şəhərində də 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Kayseri Turan Mədəniyyət Dərnəyinin təşəbbüsü ilə "Azərbaycan" meydanında keçirilən mərasimdə çıxış edənlər Türkiyənin qardaş Azərbaycanın kədərli günlərində həmişə yanında olduğunu vurğulamışlar. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq meydana tər qərənfillər düzülmüşdür.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın

xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.- 22 yanvar.- S. 4.