Türkiyənin "Hürriyyət" qəzeti 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc etmişdir

 

Nüfuzlu "Hürriyyət" qəzetinin ingiliscə nəşr olunan sayında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanovun "Sovetlərin son zülmü: 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qətliam" başlıqlı məqaləsi dərc edilmişdir.

Son 150 ildə ermənilərin və havadarlarının güclü və dünyada nüfuzu olan Azərbaycan dövlətinin təşəkkül tapmasına qarşı təxribatlarını qabardan müəllif Sovet İttifaqının dağılması ərəfəsində bu meyillərin daha da gücləndiyini qeyd edir. Göstərir ki, ümummilli lider Heydər Əliyevin həmin dövrdə SSRİ rəhbərliyindən istefaya məcbur edilməsi ermənilər üçün bir fürsət oldu və onlar bu vakuumdan istifadə edərək Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər.

Məqalədə qeyd olunur ki, bütün bu prosesləri yaxından izləyən xalqımız öz haqq səsini ucaltmaq üçün "Azadlıq" meydanına toplaşdı O zamankı sovet rəhbərliyinin göstərişi ilə bu dinc insanlara qarşı vəhşi və amansız əməliyyat planı hazırlandı. Bakıya soxulan qoşun dəstələri silahsız insanlara atəş açdı, 134 insan ödürüldü, 600-ü yaralandı, 800-dən çox şəhər sakini həbs olundu. O dövrdəki Azərbaycan rəhbərliyi bu qanlı faciəyə siyasi və hüqüqi qiymət verilməsi məsələsində qətiyyət göstərə bilmədi. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi bu vəhşi qətliamın günahkarlarının adlarını açıqlayan qərar qəbul etdi.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.- 22 yanvar.- S. 4.