20 Yanvardan Qarabağa gedən yol

 

20 Yanvardan keçən yol ölümsüzlüyə, əyilməzliyə, azadlıq və müstəqilliyə aparırdı... Bu yolun yolçuları təkcə o gecə - qanlı, Qara Yanvarda ölümün və imperiya cəlladlarının gözlərinə dik baxanlar deyil, bütövlükdə xalqımız idi...

O gecə şəhidlik zirvəsinə bir yol açıldı. Kimimiz o gecə, kimimiz isə sonralar Qarabağda, Vətənimizin digər guşələrində, onun azadlığı, torpaqlarının müdafiəsi uğrunda şəhid olmalı idi... Qəti əmin olduq ki, 20 Yanvarda qəhrəman kimi yenidən azadlıq üçün doğulanlar Qarabağın qara günlərinə son qoymaqdan ötrü gəliblər bu dünyaya...

1990-cı ilin 20 Yanvar gecəsində sinəsi sipərə çevrilənlərin şərəfli ömür yolları gənc nəsil üçün örnəyə çevrildi. Bir gecənin şəhidlərinin qanı torpaqdan qurumamış Qarabağda və onun ətrafında qanlı döyüş yolları başladı. O yolla gedənlərdən və bu ali məqama - şəhidlik zirvəsinə ucalanlardan biri də Nəsimi Rza oğlu Əliyev oldu.

Tale yolu 20 Yanvardan Qarabağa qədər uzanan Nəsimi 11 sentyabr 1973-cü ildə Bakıda anadan olmuşdu. Bu tarixi gündə Azərbaycanın böyük oğlu, görkəmli söz ustadı, bu cahana sığmayan, lakin qəlbinə iki cahan sığan İmadəddin Nəsiminin (Seyid Əlinin) 600 illik yubileyi qeyd edilirdi. Uşaqlıqdan atasızlığın ağır dərdini çəkən, uzun müddət Azərbaycan Dövlət Televiziyasının texniki heyətində çalışan Rza Əliyev o gecə qürur hissi ilə xoş xəbərin sevincini yaşadı: İmadəddin Nəsiminin 600 illik yubiley günündə dünyaya sonbeşik oğlu gəlmişdi. O, elə bu şərəfə görə də övladının adını Nəsimi qoymuşdu.

Sonbeşiyinin yeniyetməlik dövründə dəfələrlə üzləşdiyi qeyri-adiliklər onu narahat edirdi. Uşaqlıqdan ata üzünə həsrət qalmış Rza kişi sonbeşik oğlunun onu daha çox istəməsini taleyin qəribəliklərindən sayırdı. Ona görə də atasından doymayan Nəsiminin xətrinə dəyə bilmirdi. Bütün bunlarla yanaşı, oğlunun xətrinə çox şeyləri güzəştə getsə də, Nəsimi bu istəkdən, həvəsdən sanki qida alır, bir gündə bir boy artırdı. Xasiyyəti də onu bir az sevdirir, bəlkə də elə ona görə tez-tez "gözə gəlirdi".

İlk möcüzə belə olmuşdu: körpə Nəsimini peyvənd olunmaq üçün həkimə aparıb evə qayıdanda Tbilisi prospektində sürətlə keçən maşın onları vurub kənara tullasa da, hər ikisi yüngülcə yaralanmışdı.

...Nəsimi orta məktəbin səkkizinci sinfini bitirəndə peşəyə olan marağını nəzərə alıb atası onun Bakı Rabitə Texnikumuna qəbul olunmasına razılıq vermişdi. Atasının iş yerinə - telestudiyaya da onu bağlayan məhz operatorluq peşəsi idi.

Texnikumda oxuduğu illərin çox hissəsini telestudiyada, təcrübə-sınaq meydanında keçirmişdi. Texniki avadanlıqlarla "dil tapanda" sanki qanad açıb uçmaq istəyirdi. Fikri var idi ki, texnikumu bitirdikdən sonra Politexnik Universitetində təhsil alsın və ali təhsilli mühəndis-texnik olsun.

Tələbəlik illərinin şirinliyini dadanda Bakıda sovet tanklarının vəhşi hayqırtısı qopdu. 20 Yanvar hadisələrinin ağrısını o da yaşadı. Telestudiyada dəmirdəbilqəlilərin vəhşi hərəkətlərini görüb əsəbiləşərək, babasının divardan asılmış şəklinin qənşərində dayanaraq, dərin fikrə gedər və dodaqaltı "Eh, ay zavallı babalar, gör bir kimi kimdən qorumusuz?! Nə biləydiniz ki, öyündüyünüz, sıralarında fəxrlə xidmət etdiyiniz Sovet Ordusunun qırmızı güllələri sizin oğul-uşağınızı, nəvə-nəticələrinizi bir gecənin içərisində qanına qəltan edəcək" - deyir və düşüncələrə dalırdı.

O gecə atasının da başına az müsibət gəlməmişdi. Eyvanları Tbilisi prospektinə baxdığından, Birinci mikrorayonun girəcəyindən, Biləcəri istiqamətindən Bakıya daxil olan qoşunun güllə yağışı altında qalmışdı. Atası vəziyyətin onsuz da ağır olduğunu hiss etmişdi. Ona görə də fotoaparatını hazırlayıb, hər ehtimala görə, bir neçə kadr çəkmək qərarına gəlmişdi.

...Yanvarın 19-dan 20-nə keçən gecə, axşamdan hamı kimi, onun da anası möhkəm-möhkəm tapşırmışdı: "A bala, silahınız-filanınız yoxdur. Siz tankın qabağına əliyalın çıxıb nə edəcəksiniz?"

O, anasına söz vermişdi:

- Qorxmayın, lap elə bu yaxınlıqda, svetaforun yanında tonqal qalayıb otururuq. Bir azdan qayıdacağam.

Gecənin bir aləmi dünya od tutub yananda, vəhşi hayqırtı ilə şəhərə soxulan tankdan açılan atəş Nəsimigilin balkonundakı əşyaları, çilik-çilik edərək hələ ağlının zorla kəsdiyi vaxtlarda divara yazdığı "Nəsimi" sözünün tən ortasından dəyəndə evdə nə Rza var idi, nə də Nəsimi. Atası da fotoaparatı götürüb svetaforun yanındakı borunun arxasında özünə yer edərək dinc əhaliyə tuşlanmış avtomatlardan atılan işıqsaçan güllələri lentə köçürürmüş. Amma onun da vəziyyəti yaxşı deyilmiş: fotoaparatın işığı çıxan kimi avtomatın bir daraq patronu həmin istiqamətə boşalırdı.

Nəsimi gecə səhərə kimi qayıtmamışdı. Evdəkilərin əlləri qoynunda qalanda Rza kişi üzə salmasa da, vəziyyəti gözləri ilə gördüyündən, çox qorxmuşdu.

Nəsimidən soraq almaq üçün o, arxa yollarla şəhərə çıxanda bu vaxt Nəsimi, sən demə, küçələrdə qalmış yaralıları xəstəxanaya çatdıranlardan, qan verənlərdən biri imiş.

Texnikumu bitirdikdə sonra atasının fikri var imiş ki, Nəsimini yanında, telestudiyada işə düzəltsin ki, gözündən kənarda olmasın, çünki ixtisası bunu tələb edirdi.

Nəsimi sanki böyüməyə də tələsirdi. Danışığı, dərrakəsi, fəhmi, qabiliyyətindəki qeyri-adiliklər onu, az qala, dilə-dişə salırdı. Özü də bilmirdi ki, bu tələskənlik qaçhaqaç onu ömrünün son akkordlarına aparır. Yeniyetməlikdən həyatın hər üzünü görməyə çalışan, zəhmətə alışan atasının ailə qayğılarına bir övlad kimi kömək göstərməyə tələsən Nəsimi, sən demə, eyni zamanda həyatda bir iz qoymağa can atırmış. Arzularının gündən-günə çoxalması onu bir boy da böyüməyə səsləyirdi...

Rayon hərbi komissarlığından gəlmiş çağırış vərəqəsi ilə komissiyaya getməli olduğunu anasına bildirəndə atası gətirmişdi Biləcəriyə. Deyəsən, elə o günü də rayona getməli idilər. Oğluna həkim komissiyasından sonra evə qayıtmağı tapşırmışdı.

Evə qayıdanda anası Rza kişini tək görüb Nəsimini niyə özü ilə gətirmədiyini soruşanda, ona bir az qəzəblənmişdi. Amma nədənsə, Nəsiminin indiyə kimi evə qayıtmaması onu narahat etdiyindən, yenidən Biləcəriyə dönmüşdü. Qapıdan yenicə çıxanda telefon zəngindən bilmişdilər ki, Nəsimi ön cəbhəyə, Ağdamın Quzanlı kəndinə yola düşüb.

Beləliklə, ön cəbhədə xidmət keçməyi hərbi komissarlıqdan tələb edən Nəsiminin döyüş yolu Qarabağ uğrunda döyüşlərdən başlamışdı.

Nəsiminin qısa vaxt ərzində keçdiyi döyüş yolundan bir soraq almaq üçün ön cəbhəyə gedəndə oğlundan nigaran qalmamağı tapşıran komandir və əsgər dostları Rza kişini arxayın etmiş və üstəlik, "kaş, gələn cavanların hamısı onun kimi döyüşçü olsun" - demişdilər.

Həyat yoldaşı ilə birlikdə, digər əsgər valideynləri kimi, onlar da Ağdama, Ətyeməzliyə-Kəngərliyə gedəsi oldular. Birtəhər Şellinin qənşərinə kimi gəlib çıxmışdılar. Ora çatanda marıqda yatan quldurlar onları gülləyə tutmuşdular. Yaxşı ki, Qızbəst ananı aşağıda - qayalıqda qoymuşdular. Yarım saatdan sonra Nəsiminin al-qanın içində sürünə-sürünə gəldiyini görən ata əvvəlcə qorxmuş, elə bilmişdi ki, o, yaralıdır. Öyrəndi ki, yaralı əsgər yoldaşını atəş altından çıxaranda qəlpələr onu da "sınağa çəkib"...

Aradan çox keçməmişdi, xəbər göndərmişdi ki, Yeni ildə komandiri ilə evə gələcək. Ona görə də fikirləşmişdilər ki, dekabrın 25-nə kimi gəlməsə, onlar özləri getsin.

...Dekabrın 31-də səhər tezdən evdən çıxıb həyətə düşəndə çoxdan xəyalından keçirdiyi bir fikri Rza kişi dilinə gətirmişdi: "Burda bir mağar yeri var ki, min restorandan yaxşıdır. Heyif deyil, öz toy mağarın olsun. Elə buradaca bir xeyir-şər mağarı tikmək pis olmazdı. İnşallah, Nəsimiyə burda bir toy mağarı tikdirəcəyəm. Qoy ondan sonra toy edənlər restorana verdiyi yer pulu ilə toy xərcini ödəsin"...

...Bayaqdan onu fikir aparmış, evdəkilərin hay-harayını eşitmirdi. Birdən ayılıb ayağa qalxdı ki, mən niyə oturub gözləyirəm. Durum qaçım xəstəxanaya.

Geyinib qapıdan çıxanda həyətdəki "UAZ" markalı maşının yanında dayanmış oğlanların çiyinlərində tabut görüb dizləri qırılmış, başa düşmüşdü ki, qonşunun yalan deməsi onları sakitləşdirmək üçün lazım imiş.

Nəsimi o gecə sonuncu dəfə olaraq ata-anasının qonağı oldu. Amma nə qədər səsləsələr də cavab gəlmədi...

 

* * *

 

Nəsiminin şəhid olmasından hələ qırx gün keçməmişdi. Hər yan yaslı-yaralı idi. Ev başdan-başa qaraya bürünmüşdü. Əslində, evdəkilərin xəyalları qaralmış, arzuları su üzünə həsrət dibçəkdəki güllər kimi saralmışdı. Mətbəxdən eyvana çıxanda Qızbəst ana gözlərinə inanmamışdı. Xəyalında oğlu ilə danışırmış... Hələ Qanlı Yanvar gecəsində bu eyvana çıxmağa ürək etməyən ana buradan gizli-gizli boylanıb, Nəsiminin yolunu gözləyəndə belə qorxmamışdı. İndi daş-divar sanki onun üstünə yerimişdi.

Yox, deyəsən, gözləri onu aldatmamışdı: qabaq-qənşər dayanıb ona baxan, sinəsindən qan axan Nəsimi idi. Yaralanmışdı. Ananı dəhşət bürümüşdü: "Bəs, indi niyə qanayır balamın yarası"? Qulağına səs gəlmişdi:

- Ana, qorxma, mənəm. Yaram qanayır, yaxın gəl, sarı. Güllə məndən keçib evimizə dəyib. Odey divara bax! Gör bir necə qan axır ordan?

Qızbəst ana var səsi ilə qışqırmışdı:

- Yox, sən Nəsimi deyilsən, ay oğul! Nəsimi yoxdur day!

Hamı bir-birinə dəymişdi. Nəsiminin bacısı Sevda mətbəxə keçmiş, eyvana açılan qapının yan divarda güllədən hələ də deşik qalan "Nəsimi" sözünü görcək qışqırmışdı:

- Nəsimi!!!

Hay-küyə hamı mətbəxə qaçmışdı. Sevda divara yazılmış "Nəsimi" sözünün önündə diz çökərək hönkürmüşdü: "Nəsimi" sözünə 1990-cı ilin 20 Yanvarında iki-üç güllə dəymişdi. Rza onda başa düşmüşdü ki, Qızbəstin və Sevdanın qorxudan gözləri böyüyüb. Divardakı söz isə Nəsiminin öz əli ilə yazılmışdı. 1990-cı ilin 20 Yanvar gecəsində "Nəsimi"yə və onun ailəsinə atılan güllə divara yazılmış sözə dəyərək, onu parçalayıb keçmişdi.

Nəsimi o gecə şəhid ola bilməmişdi. O, Vətən üçün doğulan milyonlardan biri idi. Ona imperiya gülləsi dəyməmişdi, o, yaralı vətənin köməyinə yetmək, 20 Yanvardan Qarabağa gedən yola düşüb, sinəsini sipər etmək üçün doğulmuşdu! Bu isə ölümsüzlük, ədəbilik, şəhidlik zirvəsinə aparan yol idi... Bu şərəfli adın və yolun mübarək, Vətən oğlu!

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-22 yanvar.- S. 5.