Erməniliyin növbəti absurd teatrı tamaşası və tarixi həqiqətlər

 

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən

 

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin erməni liderlərinin beynəlxalq ictimaiyyəti uydurma və yalanlarla çaşdıraraq tarixi saxtalaşdırmaq cəhdlərini yeni elmi dəlillərlə ifşa edən "Gorus-2010: absurd teatrı mövsümü" adlı kitabı artıq oxucuların ixtiyarına verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində kitabın təqdimat mərasimi keçirilmiş, AMEA-nın prezidenti Mahmud Kərimov, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və başqaları əsərdə qoyulan problemlər barədə ətraflı çıxışlar etmişlər.

Son dövrlərdə Azərbaycanın müasir inkişaf strategiyası, milli inkişaf modeli, ictimai və humanitar elmlərin vəzifələri və cəmiyyət üçün mühüm aktuallığa malik digər mövzularda ciddi fəlsəfi tədqiqatlar aparan akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsəri saxta erməni yalanlarının ifşası baxımından son dərəcə sanballı elmi tədqiqat kimi dəyərləndirilməlidir. Kitabda ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda və tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri barədə geniş məlumat verilir, o cümlədən erməni-daşnak ideoloqlarının rəhbərliyi altında xalqımıza qarşı amansızlıqla həyata keçirilən soyqırımı, terror və deportasiya siyasətindən bəhs olunur. Əsərin tarixi və ideoloji təsirini gücləndirən amillərdən biri də odur ki, görkəmli filosof konkret faktlarla, əsaslı arqumentlərlə Ermənistan prezidentinin ötən ilin 16 oktyabrında Gorusda erməni diasporunu təmsil edən jurnalistlərlə görüşündə səsləndirdiyi fikirlərin həqiqətdən uzaq, xəstə təxəyyülün məhsulu olduğunu göstərir.

Bu əsər müasir həyatımızda tarixi bir hadisədir.

Erməni millətindən olan yazarların müxtəlif səviyyəli böhtan, saxta və yalanlarla dolu məqalə və çıxışlarına çox rast gəlmişik. "Erməni dövləti", "erməni xalqı", "ermənilərin vətəni", "Şərqi Ermənistan", hətta "böyük Ermənistan" adlı uydurmalarla çox qarşılaşmışıq. Bu adamlar cəfəng, elmilikdən və ciddilikdən uzaq arqumentlərlə konsepsiyalar belə yaratmışlar. Hətta son dövrlərdə ortaya çıxmış üzdəniraq "tədqiqatçılar" özlərininki saydıqları erməni mənbələrinə etinasız yanaşaraq, yeni siyasi ideologiya yaratmaq niyyətindədirlər. Onlar əcdadlarının - Eqişe, Movses Xorenatsi, Favstos Buzand, Arakel Təbrizli, I.A.Orbeli kimi tarixçilərin yazdıqlarını da inkar edirlər. Çamçiyan, Emin, Karaulov, Padkanov kimi saxtakar nəzəriyyəçilərin qondarma konsepsiyasından çıxış edərək, ermənilər üçün daha yeni, daha müasir "tarix" icad etməklə məşğuldurlar.

Bu məsələnin mahiyyəti vaxtilə B.B.Pyatrovskinin Ermənistan SSR Elmlər Akademiyasına yazdığı məktubda öz şərhini tapmışdır. Həqiqətin isə bir üzü var. Bu da ondan ibarətdir ki, Azərbaycan xalqı bu torpaqların qədim sakinidir. Xalqımız qədim daş dövrünün Quruçay mədəniyyətini, sonrakı Kür-Araz, Xocalı-Gədəbəy mədəniyyətlərini yaradan, 5 min ildən artıq dövlətçilik ənənəsi olan xalqdır. Biz onların varisləriyik. Xalqımızın intensiv olaraq böyük dövlətlər və imperiyalar yaratdığı da tarixi həqiqətdir.

Adətən, bədnam erməni ideologiyasının başında erməni tarixçiləri, ədəbiyyatçıları, filosofları durmuşlar. İndi isə estafetin davamını erməni siyasətçiləri və dövlət başçıları öz üzərlərinə götürmüşlər. Ermənistan prezidenti Serj Sarkisyanın erməni jurnalistlərini Qarabağa, oradan da Gorusa gətirərək onlara tarixdən yazmağı tövsiyə etməsi, reallığa uyğun gəlməyən tapşırıqlar verməsi həqiqətən də erməniliyin səhnələşdirdiyi yeni tamaşadır. Həm də absurd teatr tamaşasıdır. Görkəmli filosofun vurğuladığı bu tamaşanın baş qəhrəmanı isə "hansısa adi artist deyil, Ermənistan prezidenti Serj Sarkisyanın özüdür".

Qarabağda "bacarıqlı" separatçılığına görə Ermənistan hakimiyyətinə gəlmiş bu qarabağlı oradakı "uğurlu fəaliyyəti" ilə yanaşı, Qarabağa (Azərbaycana) qarşı əvvəllər başladığı "mübarizəni" davam etdirir. Bilmədiyi bir sahədən - tarixdən cəfəngiyat danışan siyasətbaza akademik Ramiz Mehdiyev öz yerini göstərib, elmi yanaşmalar əsasında ermənilərin uzun illər apardıqları uydurma təbliğat kampaniyasını, saxta siyasi mülahizələri alt-üst edib. Ona və onun havadarlarına əsl tarix dərsi verib.

"Gorus-2010: absurd teatrı mövsümü" əsərində obyektiv tarixi faktlara əsaslanan müəllif müasir dövrdə ermənilik və erməni siyasətinə, erməni saxtakarlığı və hiyləgərliyinə siyasi və fəlsəfi baxımdan kəskin münasibət bildirmişdir.

Xalqımızın tarixini yaxşı bilən ulu öndər Heydər Əliyev bütün dövrlərdə beynəlxalq səviyyədə etdiyi çıxışlarında Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı və ərazisinin bir hissəsi olduğunu yaxşı başa düşsünlər deyə, onları dinləyicilərinə müxtəlif xəritələrdə belə göstərirdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurlu siyasətində bu prinsipi davam etdirir və ermənilərin yersiz iddialarının qarşısını almaq üçün müdafiədən hücum taktikasına keçməyə üstünlük verir. Son hadisələr göstərir ki, ölkə başçısının "Biz müdafiədən hücuma keçməliyik" fikri artıq özünü doğruldur.

Akademik Ramiz Mehdiyev son əsərində tarixi faktlar və məntiqi fikirlərlə ermənilərin nəinki Azərbaycana, həmçinin Ön Asiyaya və Cənubi Qafqaza gəlmə, köçürülmə xalq olduqlarını sübut etmişdir. Görkəmli filosof ermənilərin İrandan Ağdərənin Marağa (adını Marquşevan qoyduqları) kəndinə köçürülmələrini göstərir, eyni zamanda bu tarixi faktın 150 illiyi şərəfinə ucaltdıqları abidəni xüsusi şəkildə vurğulayır və iz itirməkdə mahir olan mənfur millətin saxtakarlıqlarını ifşa edir. Akademik onların qədim xalqlardan biri olması fikrini də əsaslı şəkildə dəlillərlə təkzib edir, kütləvi şəkildə Balkan yarımadasından gəldiklərini dəqiq mənbələr, faktlar əsasında təsdiqləyir. Ermənilərin Şərqdə yalnız Van gölü sahilində kiçik bir knyazlığı olması tarixindən söz açır. Akademik Ramiz Mehdiyev ermənilərin vaxtilə Balkan yarımadasından Ön Asiyaya köçürülərək Suriya və Mesapatomiya sərhədlərində yerləşdirildiklərini, onların "böyük" və "kiçik" adlandırdıqları ərazini guya üç dəniz arasını tutan "Böyük Ermənistan dövləti" olması kimi iddialarının sərsəmləmə olduğunu, bu ad altında dünya ictimaiyyətinə təqdim etməyə çalışdıqlarının cəfəngliyini təkzibedilməz tarixi arqumentlərlə göstərir.

Bir faktı qeyd edək ki, erməni uydurma və iddialarının əsassız olması barədə son vaxtlar diqqətəlayiq əsərlər yazılmışdır. Belə əsərlərdən biri də AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun müəllifliyi və rəhbərliyi ilə (AMEA-nın Tarix İnstitutunun və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında) üç dildə çapdan çıxmış "İrəvan xanlığı" kitabıdır. Əsər erməni düşüncəsinə hakim kəsilmiş saxtakarlıqları açıqlamış, tarixi həqiqətləri ortaya qoymuşdur. Akademik Ramiz Mehdiyevin haqqında danışdığımız bu əsəri isə sanbalına görə indiyə kimi yazılanların gücünü birə-beş artırmışdır.

Akademikin əsərindəki özəlliklərdən biri də tədqiqat mənbələrinin seçilməsidir. Ermənilərin mənfur xislətini dünya ictimaiyyətinə çatdıran kitabda təkcə Azərbaycan alimlərinin araşdırmalarına deyil, dünya ölkələri tədqiqatçılarına da istinad edilir. Fikrimizcə, bu da təsadüfi xarakter daşımır. Bu, miqyas genişliyi ilə yanaşı, həm də obyektivlik nümunəsidir.

Azərbaycanlıları faşizmdə ittiham edən, həyatda isə Xocalı soyqırımını təşkil edən və onu törədən Serj Sarkisyana ulu əcdadlarımızın yaratdığı tarixi abidələri dağıdan, saxtalaşdıran, məhv edən vandalların məhz ermənilər olduğunu bildirən müəllif yazır: "Bu gün ermənilərin işğal etdikləri torpaqlarda mədəni terror həyata keçirilir. Separatçılar tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar". Bu ittihamla müəllif ermənilərin törətdiyi vandalizmi sillə kimi sifətlərinə çırpır. Müəllif daha sonra: "Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur" - deyərək, soruşur: "Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur?"

Akademik Ramiz Mehdiyev bir qayda olaraq əsərlərində "Böyük Ermənistan" yaratmaq xəstəliyinə tutulmuş millətin Rusiyanın Cənubi Qafqaza ayaq basdığı gündən Azərbaycan xalqına qarşı həyata keçirilən bütün soyqırımların, o cümlədən 1905-1907-ci illər qırğınlarının, 1918-ci il Mart soyqırımının, sovet dövründəki bütün qanlı repressiyaların, 20 Yanvar qırğınının, Xocalı soyqırımının, Dağlıq Qarabağ münaqişəsinin də əsasında məhz Rusiyanın imperiyapərəst, şovinist dairələri ilə erməni millətçilərinin ittifaqının mənfur siyasətinin dayandığını açıqlayır (Mehdiyev R. "Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri", Bakı, "Azərnəşr", 2000).

Müəllif, adətən, tarixi müasir planda və konkret faktlar əsasında şərh etmişdir. Kreml rejiminin Dağlıq Qarabağın erməni separatçılarını açıq-aşkar himayə və müdafiə etməsini, xalqımıza qarşı aparılan informasiya müharibəsini kəskin tənqid edən akademik Ramiz Mehdiyev əsərində Qərb dövlətlərinin - ABŞ-in seyrçi, Rusiyanın imperiyapərəst mövqelərini, xarici ölkələrdəki erməni diasporunun və erməni millətçilərinin fəallığını və s. bütün incəlikləri ilə açıb göstərmişdir (Mehdiyev R. "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri", Bakı, "Azərnəşr", 2000).

Görkəmli filosof "Gorus-2010: absurd teatrı mövsümü" kitabının hədəfini də dəqiq müəyyənləşdirmişdir. Akademiki təsirləndirən səbəblərdən biri cani səviyyəsində olan bir adamın yüksək kürsü imkanından istifadə etməsi və ağa qara deməsidir.

Müəllif kitabda erməni separatçılarının bu millətin qədimliyi və müstəsnalığı barədə sərsəm ideyalarını nasistlərin ideologiya və əməlləri ilə müqayisə edərək maraqlı ifadələr işlətmişdir: "Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar". "Öz gözündə tiri qoyub, özgənin gözündə tük axtaran" Ermənistanın bugünkü rəhbərliyinə bundan yaxşı tövsiyə ola bilərmi?!

Akademik Ramiz Mehdiyev Ermənistan prezidentinin tarixi həqiqətə uyğun gəlməyən ideya və fərziyyələrinin əks-sədasının gülüş doğuracağı səviyyəsini detalları ilə nəzərə çatdırmışdır. Kifayət qədər zəngin tarixi və faktoloji mənbələrə əsaslanan, dolğun məna kəsb edən, elmi, siyasi və mənəvi fikirlərlə dolu olan bu əsər oxucular üçün etibarlı mənbə rolunu oynayır.

Kitaba Azərbaycanın qədim və müasir dövrünün xəritələri də əlavə edilib. Müəllif Azərbaycanı bütöv görmək istəməyənlərə bu xəritələri təqdim etməklə onları tarixi həqiqətləri anlamağa və qəbul etməyə çağırır.

Əsərdə Azərbaycan ərazilərinə köçürüldüyü vaxtdan münaqişələr yaradan, torpaq iddiası ilə etnik təmizləmə aparan, separatizm, terrorizm yolu ilə dövlətçiliyə və insanlığa qarşı vəhşiliklər törədən ermənilərin haqq-ədalətdən danışmağa haqqı olmamasından söhbət açılır. Köçürüldüyü gündən bütün təbii imkanlarından istifadə edən, adət-ənənələrindən, elm və mədəniyyətindən geninə-boluna bəhrələndiyi xalqın tarixi və mədəni irsini saxtalaşdıran, ona müxtəlif şəkillərdə böhtan atan, xəyanət edənlərdən nə gözləmək olar?!

Akademik Ramiz Mehdiyevin bu kitabında erməni riyakarlığına tutarlı cavab verilir. Çoxsaylı tarixi faktlarla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti yığcam və konkret şəkildə şərh edilir. Görkəmli filosof Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini belə açıqlayır: "Onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyonlarla qaçqından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmamışlar - Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra".

Kitabda, həmçinin son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə elmi-siyasi fikir bildirilmişdir. Atəşkəs rejiminə uyğun olaraq Qarabağda döyüş dayandırılıb, ancaq ideoloji mübarizə davam edir. Əsərdə deyilir: "Bu gün Ermənistan özünü tamamilə təcrid etmişdir, nəqliyyat yolları və boru kəmərləri ondan yan keçir, onun dənizə çıxışı yoxdur. Sərhədlərinin çox hissəsi bağlıdır və onun 4 sərhədindən 2-si bundan sonra da "qıfıllı" vəziyyətdə qalacaqdır. Daha hansı ölkənin sərhədlərinin 85 faizi onun öz təqsiri üzündən bağlıdır?".

Akademikin daha bir müqayisəsinə diqqət yetirək: "Erməni tərəfin arqumentlər bazası hər iki halda zəif olmuşdur və yenə zəifdir, çünki o, tarixi baxımdan uydurmalara, saxtalaşdırmalara və qeyri-elmi mühakimələrə, hüquqi baxımdan - beynəlxalq hüquq müddəalarının özbaşına interpretasiyasına əsaslanır".

Müəllif haqlı olaraq vurğulayır ki, "Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi və hərbi qüdrətinin artması fonunda Ermənistan hərbi blokun arxasında gizlənməyə çalışır. Halbuki Ermənistandan başqa bu blokun bütün üzvləri Azərbaycana dost ölkələrdir və onlar Ermənistanın işğalçı mahiyyətini başa düşürlər". Astana sammitində Ermənistanın özgə çalğısına oynayan prezidentinin çıxışı bunu bir daha göstərdi.

Haylar (ermənilər) neçə illərdən bəri təbliğ etdikləri xristian birinciliyi ideyasını əlində bayraq edib bundan öz mənfur niyyətlərinə dəstək qazanır, "həmrəyliyə" nail olurlar. Hətta bu dini siyasətdən onlar xristianlığın diofizitizm və monofizitizm cərəyanlarından fərqlənmək üçün yaratdıqları qriqoriyanlığın əsl mahiyyətini pərdələyərək kənara qoyub, xristian qardaşlığı kontekstində doğmalaşırlar. Özü də bu, ümumi mənafelərinə zidd olan "düşmən" obrazı ilə qarşılaşanda ciddi xarakter alır və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərin həllində özünü daha parlaq göstərir.

Akademikin "Azərbaycan tarixşünaslığında heç vaxt deyilməmişdir ki, Qafqaz albanları xristianlığı hamıdan əvvəl qəbul etmişlər. Amma erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər" - iradı bu niyyətlərin həqiqi üzünü açır.

Müəllif haqlı olaraq yazır: "Münaqişənin lap əvvəlində, 1988-ci ildə ABŞ-ın Miçiqan Universitetində işləyən erməni tarixçisi Ronald Suni bugünkü Qarabağın ərazisində orta əsrlərdə Qafqaz albanlarının dövlətinin mövcud olmasını qeyd edirdi". Onu da əlavə edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Moskvanın mövqeyinə öz münasibətini bildirən kaliforniyalı tarixçi qeyd edir ki, "ermənilər DQMV-nin demoqrafiyasında üstünlüklərinə, demokratik prinsiplərə və hətta Lenin prinsiplərinə üstünlük verirlər. Azərbaycanlılar öz mövqelərində ərazi bütövlüyünə və konstitusiyaçılığa əsaslanırlar. Qarabağ il yarım müddətinə Moskvanın birbaşa idarəçiliyinə verildi" (Suny R. The Revenge of the Past. Stanford. Ca. USA, 1993, s.134).

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl erməni tarixçilərinin Arsaxı Qafqaz Albaniyasının tərkibinə daxil olan və bu vilayətin əhalisinin alban olması barədə mübahisə etmədiklərini xatırladır və ermənilərin nə vaxt, hansı şəraitdə bu əraziyə gəldiklərini təsdiq edən yazılı mənbələrə, arxeoloji materiallara və mötəbər tədqiqatlara əsaslanır. "Ermənilər (haylar) XV əsrin ortalarınadək Cənubi Qafqazda, demək olar ki, yaşamırdılar. 1441-ci ildə Qaraqoyunlular türk-Azərbaycan dövlətinin hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzini əhalisi tamamilə türklər olan İrəvan yaxınlığındakı Kilikiyanın Sis şəhərindən qədimdə alban monastrı olmuş Üçkilsə monastrına (yaxud Üç Müədzinə) köçürmüşdür". Ermənilərin Qafqazda yerləşdirilməsini təmin edən Rusiya dövlətinin məmur və canişinlərinin məlumatları (İ.Şopen, N.Şavrov, Qriboyedov) göstərir ki, hələ XIX əsrin axırları və XX əsrin əvvəllərində indiki Ermənistan Respublikasının ərazisində 100 minlərlə azərbaycanlı hələ öz doğma yurdlarında yaşayır və əhalinin əksəriyyətini təşkil edirdi. Bu ərazidəki azərbaycanlı əhalinin say tərkibinin azalmasında köklü dəyişikliklər 1918-1920-ci illərdə bədnam daşnak partiyasının yaratdığı Ararat Respublikası zamanından başlanmışdır. Həmin illərdə bu ərazilərdəki yüzlərlə azərbaycanlı kəndləri dağıdılıb viran qoyulmuş, azərbaycanlı əhali isə kütləvi surətdə məhv edilmiş və ya qovulmuşdur. Deportasiya və soyqırımlarla müşayiət olunan bu proseslər zaman-zaman təkrar və davam etdirilmişdir.

Müdrik siyasət hər şeyi vaxtında və düzgün həll edir. Bu kitabda ermənilərə əsl adı ilə, "haylar" deyə müraciət edilməsi, tarixi qoyub tarix ətrafında uydurmalar söyləyənlərə nəyi bilməli olduqlarını eşitdirir. Haqlı olaraq şərh edilir ki, ""Arsax" toponimi də "erməni" toponimi olmuş və əlüstü "Vararakn" adlı "erməni məskəni" uydurulmuşdur. Heç bir mənbədə "Vararakn" deyilən məskən adı çəkilmir. Əlbəttə, əgər ermənilərin tarixi saxtalaşdırmaq laboratoriyalarında belə bir şey uydurmağa və əsası Qarabağ xanları tərəfindən qoyulmuş Xankəndinin yerləşdiyi əraziyə bağlamağa hələ macal tapmayıblarsa, Berdzor, karvaçar, kaşataq və bir sıra başqa uydurma "qədim erməni" adları kimi, bu "vararakn" da erməni təbliğatının faydasız icadıdır. Məsələn, onlar Azərbaycanın işğal edilmiş Ağdam rayonunda qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edilmiş tikilinin bünövrəsinin ətrafındakı yeri özbaşına, ciddi elmi faktlara əsaslanmadan "Tiqranakert" adlandırmağı qərara almışlar". Akademik haqlı olaraq soruşur: "Nə üçün başqa ad deyil, məhz "Tiqranakert" və nə üçün başqa yerdə deyil, məhz bu yerdə? Təkcə ona görəmi ki, bu yer ermənilərin xoşuna gəlmişdir və tarixi saxtalaşdırmaq laboratoriyasının ilhaqçı planlarının həyata keçirilməsinə kömək etmək üçün adətləri üzrə saxta şəhadətlərə və salnamələrə istinad edir və indi özləri də alimnüma görkəmlə bu mənbələrə istinad edirlər". Sarkisyan bu suala heç vaxt düz cavab verməz, ümumiyyətlə, verə bilməz. Ona görə yox ki, bunu bilmir, ona görə ki, əvvəla o, ermənidir, həm də digər ermənilərdən bir qədər də fərqlidir, ikincisi onun əcdadlarını buraya köçürənlər ondan imtina edərlər, arxasız, köməksiz qalar.

Müəllif yazır: "Məgər 1921-ci ilin iyununda Qafbüronun plenumunda Qarabağın Azərbaycanın tərkibində qalmasına ermənilərin özləri (məsələn, A.M.Nazaretyan) səs verməmişdilər? Məgər Qarabağ ermənilərinin liderlərinin özləri (məsələn, Sero Manutsyan) bu qərarı alqışlayaraq qeyd etmirdilərmi: "Azərbaycanın tərkibində muxtariyyət aktı erməni kəndliləri tərəfindən tam yekdilliklə qarşılanmışdır". Bu sözlərlə onların keçmiş tarixinə bir daha və düzgün baxmaları tövsiyə edilir.

Akademik Ramiz Mehdiyev "Gorusda beş faizi güclə adlayan "köçəri" türk-müsəlman əhalisi və Qarabağın "yekcins" "yerli" erməni əhalisi haqqında danışarkən, Serj Sarkisyan ermənilərlə türklərin yerini dəyişmiş və "köçəri" sözünün ünvanını səhv salmışdır" deyimindən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrəvanın ermənilərə verilməsi haqqında fikirlərindən sonra çox pis fənalaşan Serj Sarkisyan çətin ki, özünə gəlsin.

"Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın guya qədim erməni torpağı olduğunu "sübut" etməklə onu özlərinə birləşdirməyə nail olacaqlar". Təəssüf ki, tarixdə belə ədalətsizliyə yol verilmə halları olub, lakin indi artıq bu mümkün deyil. Kitabın məzmunundan belə bir qənaət hasil olur ki, ermənilər mənasız iddialarından əl çəkməlidirlər, əgər bu davam edərsə, həmin yurdun əzəli sahibləri ayağa qalxıb torpaqlarını tələb edərlər. Onda bu mənfur millətin yerdə qalanları da dünyaya səpələnəcək, günahın özlərində olduğunu başa düşəcəklər.

Tutarlı fakt və dəlillərlə, son dövrlərin antropoloji tədqiqatlarının nəticələrindən çıxış edən akademik Ramiz Mehdiyev qeyd edir ki, "ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir". Burada bir məsələni də vurğulamaq lazımdır ki, vaxtilə Qarabağ ərazisindən Azərbaycan türklərinə məxsus maddi mədəniyyət nümunələrini (qoç heykəllərini, bütləri, ...) oğurlayub Ermənistana daşıyan, alban xristian abidələrini (monastrları, xaçdaşları, sövmələrdəki yazıları pozub) saxtalaşdıran, alban xaçlarını qriqoryan xaç nişanları ilə əvəz edən, müasir daşları Tiqranın istifadə etdiyi daşlara oxşatmaqla Azərbaycan ərazisində ikinci Tiqranakert icad etməyi, Şuşa ətrafında özləri ağılda xarici ölkə "tədqiqatçılarını" dəvət edib "yeni" tunc dövrü abidəsi tapmağı, güya ermənilərin qədim əcdadı olan "qarqarlara" dair "tarix" yazmağı bacaran, qədim qəbiristanlıqları, məscidləri dağıdıb yer üzündən silən "sənətkarlar"a, deyəsən, bundan sonra qəbirlərin içərisindəki ölülərin başlarını dəyişdirmək qalır.

Akademik Ramiz Mehdiyevin bu əsərinin əhəmiyyəti bir də ondadır ki, əgər indiki Ermənistan ərazilərinin vaxtı ilə bizə məxsus olduğunu desək, tələb etsək, onlar öz başlarının hayına qalar, Qarabağı unudarlar. Ermənistan tərəfindən indiyə qədər əsassız iddialar irəli sürülməsi, onların bu günə qədər hələ də konstruktiv mövqe tutmaması imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədildiyi təqdirdə Azərbaycan Respublikasının indiki Ermənistan, İrəvan şəhəri də daxil olmaqla ərazisi haqqında iddia qaldıraq.

Çoxsaylı elmi mənbələrə istinadən yazılmış bu əsər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in Minsk qrupunda təmsil olunmuş vasitəçilərin münaqişənin mahiyyəti ilə daha yaxından tanış olmaları baxımından da kifayət qədər əhəmiyyətlidir.

Əli xocalılıların qanına batmış canilərdən olan Serj Sarkisyana və sarkisyanxislətlilərə ideoloji mübarizədə ağır bir zərbə olan bu kitab tarixçilər, xüsusilə erməni saxtakarlığına qarşı öz obyektiv fikirlərini çatdırmaq istəyən alimlər üçün çox qiymətli əsərdir.

Əminik ki, bu nəşr dünyanın müxtəlif regionlarında yaşayan siyasətçilər, qafqazşünaslar, xüsusən konfliktoloqlar, hüquqşünaslar, Azərbaycanı, Qarabağı sevən hər bir azərbaycanlı üçün mühüm əhəmiyyət kəsb edən stolüstü kitab olacaqdır.

 

 

Qasım HACIYEV,

AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutu,

"Qarabağ tarixi" şöbəsinin müdiri,

tarix elmləri doktoru,

 

Sədi NURİYEV,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2011.-22 yanvar.- S. 6.