"Tarix üçün çəkirəm..."

 

Söz vaxtına çəkər. 21 il əvvəl 19 yanvar axşamında - topa-tüfəngə rəvac verildiyi andan üç-dörd saat əvvəl Bakının Salyan kazarması adlanan yerində toplaşmış izdihamı yararaq əlində fotoaparat bir nəfər irəliyə doğru addımlayırdı. Birdən fotoaparatına bir əl toxunduğunu gördü və bunun ardınca izdihamdan bir səs gəldi:

- Yoxsa sənə də deyiblər ki, biz ekstremistlərik?

Bunu deyən kəsin səsində sanki qəzəblə kədər birləşmişdi. Fotoaparatlı adam baş verən olayları olduğu kimi dərk edərək təmkinini pozmamağa çalışdı. Bununla belə, dilindən qeyri-ixtiyari bu sözlər də qopdu:

- Mənə heç kim heç nə deməyib. Mən tarix üçün çəkirəm!..

O narahat axşamın qanlı gecəsinin matəmli səhərində də Fərman Bağırov evindən qəlbinin hökmü, vicdanının səsi, ömrünü həsr etdiyi peşəsinin tələbi ilə çıxdı. Ona heç redaksiyadan da tapşırıq verməmişdilər. Çünki həmin il məzuniyyəti qışa düşmüşdü...

Cəlladlar gecə törətdikləri faciədən "doymayıb" hərdən yenə də atəş açırdılar. Fərman bu dəfə bilərəkdən kiçik fotoaparat götürmüş və onu pencəyinin qoltuğunda gizlətmişdi. Şəhərboyu irəliləyir və gördüklərini xəlvətcə çəkməyə çalışırdı ki, hərbçilərin diqqətini cəlb etməsin. Amma onu artıq izləyirdilər. Fərman tezcə daha bir kadr çəkib guya hara isə tələsirmiş kimi qarşıdakı iki yaşayış binasının arasından keçərək gözdən itdi. Hərbçilər ona atəş açmağa macal tapmamışdılar. Amma Fərman nədənsə kürəyində bir gizilti hiss etdi.

Bütün bunlara baxmayaraq Fərman Bağırov ertəsi gün də çiynində fotoaparat Bakının küçələrindən çəkilmədi. Yalnız bir neçə gündən sonra yadına düşdü ki, yanvarın 21-də ömrünün növbəti - 55-ci pilləsinə qədəm qoyub və qızı bu dəfə onun ad günü üçün tort bişirməyib...

İndi 75 yaşını qeyd edən əziz həmkarımızın, iş yoldaşımızın özünün yarım əsrə bərabər fotojurnalistlik fəaliyyətinin az qala, hər günü ilə bağlı bir xatirəsi var. 51 ildə fotoaparatının obyektivinə aldığı anlar şəkillərə çevrilib bir-birinə calandıqca xalqın tarixinin böyük bir dövrünün salnaməsini yaradır. Onun mövzu dairəsi olduqca genişdir. Fərman Bağırov tarlalardan və zəmilərdən, mədənlərdən və zavodlardan, təyyarədən və gəmidən, Bakı metrosu tikilərkən hətta yerin altından fotolar çəkib. Onun əsl yaradıcı insan olduğunu təbiəti və müasirlərini əks etdirən fotolarında daha aydın görmək olur.

Fərman Bağırovun fotoobyektivindən rast gəldiyi çatışmazlıqlar, neqativ hallar da heç vaxt yayınmayıb. Təsadüfi deyil ki, saysız-hesabsız fotoittihamlar müəllifini hamı prinsipial və ədalətli bir jurnalist kimi tanıyır.

"Mənim üçün ən böyük məsuliyyət və qürur isə dövlət tədbirlərindən, yüksək səviyyədə keçirilən görüşlərdən, beynəlxalq simpozium və konfranslardan fotolar çəkməkdir" - deyir. Bu da təsadüfi deyil. Çünki Fərman müəllim ömrü boyu cəmi ikicə qəzetdə işləyib - sovet dönəmində "Kommunist"də, müstəqillik illərində isə "Azərbaycan"da.

Məzunu olduğu BDU-nun jurnalistika fakültəsində bir müddət foto sənətkarlığından dərs də verib.

Bir müxbir kimi Fərman Bağırova dəfələrlə ümummilli lider Heydər Əliyevin iştirak etdiyi tədbirlərdən fotolar çəkmək xoşbəxtliyi nəsib olub. Həmin kadrları fotomüxbir tarixin mühüm anları kimi qoruyub saxlayır və onlardan zaman-zaman yeni nəsillər istifadə edəcək.

Fərman Bağırov Azərbaycanda və onun hüdudlarından kənarda bir çox fotosərgilərdə iştirak edib və birinci dərəcəli diplomlar alıb. Onun Azərbaycan jurnalistikası qarşısındakı xidmətləri "Əməkdar mədəniyyət işçisi" fəxri adına və "Tərəqqi" medalına layiq görülüb.

Hazırda Fərman Bağırov "Azərbaycan" qəzetinin fotoillüstrasiya şöbəsinin müdiri vəzifəsində çalışır. İllər ötüb yaş üstə yaş gəlsə də, ağsaqqal həmkarımız öz çiynini fotoaparatın "ağır"lığından azad etmək istəmir. Doğru sözünü zarafatla deyir: "İnsana yaşı onun şəxsiyyət vəsiqəsinə deyil, ürəyinə baxıb verərlər". Biz də ona fotolarda əbədiləşdirdiyi xoş anlarla və şirin-şəkər nəvələrinin gülüşləri ilə bəzənən uzun bir ömür arzulayırıq.

 

 

Azərbaycan.- 2011.- 22 yanvar.- S.7.