Peşə təhsilinə qayğı dövlətin daim diqqət mərkəzindədir

 

Həyatın elə bir sahəsi yoxdur ki, oradan müxtəlif peşələrə yiyələnmiş insanların səsləri eşidilməsin, fədakar zəhməti hiss olunmasın. Peşə hər bir fərdin çörək ağacı, hər bir ailənin güzəran payı, bütünlükdə cəmiyyətin yaşam pasportu, ölkənin iqtisadi potensialının yüksəlişinə təkan verən nəhəng güc mexanizmidir.

XX əsrin sonu, XXI əsrin əvvəllərində qeydə alınmış stastistik rəqəmlərə görə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Türkiyə kimi inkişaf etmiş dövlətlərdə, həmçinin iqtisadi inkişafda yüksək nailiyyətlərə imza atan Azərbaycanda təsərrüfat sahələrində çalışan mütəxəssislərin və işçi kadrların 80 faizdən çoxunu məhz texniki peşə məktəblərinin və peşə liseylərinin məzunları təşkil edir. Yeniləşdirilmiş müasir texnologiyaları və istehsal proseslərinin mütərəqqi, çevik metodlarını birbaşa həyata keçirən də məhz onlardır. Peşə təhsilinin inkişafına xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev ölkəmizdə bu sahəni daha da genişləndirmək məqsədilə bir sıra qərar və sərəncamlar imzalamışdı. Həmin sərəncamlara əsasən respublikamızın müxtəlif bölgələrində hər cür müasir avadanlıqlarla təchiz edilmiş onlarla yeni texniki peşə məktəbləri fəaliyyətə başladı.

Ulu öndərin bəşəri ideyalarının layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev də "2007-2012-ci illərdə texniki peşə təhsilinin inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi ilə peşə təhsili müəssisələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, onların informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı, əmək bazarının tələbatına uyğun kadr hazırlığı təminatının yaxşılaşdırılması sahəsində uğurlu addımlar atılmasına start verdi. Bu gün respublikamızda yüzdən artıq texniki peşə məktəbi fəaliyyət göstərir ki, onların da 42-si peşə liseyidir. Xətai rayonunda yerləşən 2 nömrəli peşə liseyinin isə yaşı daha çoxdur. Bu peşə məktəbinin öz qapılarını gənclərimizin üzünə açdığı vaxtdan 80 il keçir. 1931-ci ildən 1991-ci ilə, yəni, Azərbaycan öz müstəqilliyini bərpa edənədək bu peşə liseyi SSRİ miqyasında ən nüfuzlu müəssisələrdən biri, Orta Asiya respublikalarında, Şimali Qafqaz və Volqa-Don ərazisində, həmçinin İttifaqın bütün atom elektrik stansiyalarında su qurğularını quraşdırma işlərinin əsas aparıcısı olan Qafqaz Enerji Quraşdırma Trestinin sərəncamında idi. Lisey trestin sifarişi əsasında ölkənin müxtəlif bölgələrində həyata keçirilən tikinti-quraşdırma işləri üçün hər cür ixtisaslı kadrlar hazırlayırdı: krançılar, rəngsazlar, qaynaqçılar, xarratlar, dəmirçilər, elektriklər... O vaxt peşə liseyini ildə 720 nəfər gənc bitirirdi. Onların 350 nəfəri respublikamızın müxtəlif rayonlarından gəldiyi üçün liseyin hər cür avadanlıqla təchiz olunmuş yataqxanasında qalırdı. Məktəbin yaraşıqlı idman və akt zalları, yeməkxanası, diskotekası, su hovuzu görənləri heyran edirdi. 1931-ci ildən 1991-ci ilədək lisey respublikamızın xalq təsərrüfatına 40 mindən artıq təcrübəli mütəxəssis verib. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada liseyin yetirmələrinə rast gəlinməsin. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində, nəhəng metro stansiyalarının, paytaxtımızı bəzəyən əzəmətli körpülərin, çoxmərtəbəli yaşayış və ictimai binaların, idman komplekslərinin inşasında vaxtilə liseyin məzunları olmuş mütəxəssislərin zəhməti danılmazdır.

SSRİ dağıldıqdan sonra uzun illər bu peşə məktəbinə hamilik etmiş Qafqaz Enerji Quraşdırma Trestinin fəaliyyətində durğunluq yarandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən sonra liseyin tədris korpusunun yarıdan çoxu - bütünlükdə dördüncü mərtəbəsində və mehmanxana tipli yataqxanasında qaçqın və məcburi köçkünlər məskunlaşdı. Hazırda burada 1400 nəfər laçınlı yaşayır. 120 nəfər laçınlı şagirdlərin təhsil aldığı 20 nömrəli orta məktəb də liseyin inzibati binasında yerləşir. Elə bu səbəbdən 1991-ci ildən sonra bura qəbul olunanların sayı 720 nəfərdən 100 nəfərə endi. Əlbəttə, bu, müvəqqəti bir haldır. Məlumdur ki, ölkə rəhbərinin tapşırığı ilə respublikamızın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün salınan yeni, yaraşıqlı qəsəbələrin sayı ilbəil artır. Peşə liseyinin yataqxanasında yerləşən qaçqınlar da tezliklə həmin qəsəbələrə köçürüləcəklər. Hazırda liseydə 4 peşə: xarrat-dülgər, təmirçi-çilingər-qaynaqçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə montyor və əməliyyatçı-mühasib peşələri üzrə dərslər keçirilir. Tezliklə liseydə kompüter operatoru üzrə də dərslər başlanacaq. Gələn ildən isə burada daha 4-5 yeni peşənin öyrədilməsinə start veriləcək. Ümumiyyətlə, liseyi hər il 100 nəfər gənc bitirir. Respublikamızın ayrı-ayrı müəssisələri və şirkətləri ilə sıx əlaqə şəraitində fəaliyyət göstərən lisey rəhbərliyi məktəbi bitirəcək gənclərin öz peşələrinə uyğun işlə təmin olunması üçün var qüvvə ilə çalışır. Liseyi bitirənlərin yalnız 10-15 faizi öz arzularına müvafiq olaraq azad təyinat alır. Qalanları isə müxtəlif müəssisələrdə işlə təmin olunurlar. Hazırda liseyi bitirmiş yüzlərlə gənc Nigar MNZ Məhdud Səhmdar Cəmiyyətində, Kəmalə ENİ firmasında, Nar Mobil ENDİA Məhdud Səhmdar Cəmiyyətində çalışırlar.

Yeri gəlmişkən qeyd edək ki, liseydə təhsil normativinə uyğun olaraq çilingərlik, qaynaqçılıq, dülgərlik üzrə təsərrüfat hesablı sexlər də var. Bəzi mütəxəssislər öz şəxsi avadanlıqları ilə günorta saat 2-dək şagirdlərə öz peşələrinin sirlərini öyrədir, sonra isə müqavilə əsasında özləri üçün işləyirlər. Hazırladıqları avadanlıqları satışa çıxarır, onun müqabilində liseyə qanun çərçivəsində faizlə pul ödəyirlər. Lisey rəhbərliyi də həmin vəsaiti məktəbin təmirinə, sexlər üçün yeni avadanlıqlar alınmasına sərf edir. Respublikamızda fəaliyyət göstərən yapon şirkətinin sifarişi ilə yaxın vaxtlarda liseydə qaçqın və məcburi köçkünlərə yardım fondu xətti ilə bərbərlik, aşpazlıq, manükür-pedikür, kompüter ustası, xalçaçılıq və turizm sahəsinə gərəkli peşələrin öyrədilməsinə başlanacaq. Liseydə təmir işlərini yapon şirkətinin özü aparacaq, bütün tədris avadanlıqlarını da onlar verəcək. Şagirdlərin öz peşələrinə aid dərs vəsaitləri və geyimlərlə təminatını da şirkət öz boynuna götürüb.

Son illərdə respublikamızda böyük quruculuq işləri görülür. Ölkədə kompleks tədbirləri uğurla icra etmək məqsədilə müxtəlif peşələrə yiyələnmiş işçi kadrlarına olan tələbat da artır. Bununla əlaqədar yeni peşə liseyləri yaradılır. Onlar Avropa standartlarına uyğun ən müasir avadanlıqlarla təchiz olunur, dünya peşə təhsili sistemindəki yeniliklər proqramlara daxil edilir. Ölkə rəhbərinin "Texniki peşə təhsilinin inkişafı (2007-2012) Dövlət Proqramı"nın maliyyə təminatına təkcə bu il dövlət büdcəsindən 1,2 milyon manat pul ayrılıb. 2012-ci ilədək texniki peşə məktəblərində və peşə liseylərində təhsilin keyfiyyətinin dünya təhsil sistemi səviyyəsinə qaldırılması əsas vəzifə kimi qarşıya qoyulub.

Bu yaxınlarda zəngin qaz ehtiyatına malik "Ümid" yatağının açılması qəlbimizi qürur hissi ilə doldurdu. Bu, XXI əsrdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılası bir hadisədir. Yeni qaz yatağı respublikamızın öz iqtisadi və maliyyə resurslarını artırmağa, beynəlxalq mövqelərimizi daha da möhkəmləndirməyə imkan yaradacaq. Eyni zamanda, yeni iş yerləri açılacaq. Həmin iş yerlərinin sahibləri isə söz yox ki, təcrübəli mütəxəssislərlə bərabər, texniki peşə məktəblərinin və peşə liseylərinin məzunları olacaq. Bu il 80 yaşını qeyd edəcək 2 nömrəli peşə liseyi də dövlətin qarşıya qoyduğu vəzifələrə layiqincə əməl edəcək, müəssisələrin müxtəlif peşələrə yiyələnmiş təcrübəli işçi kadrlarla təminatı sahəsində uğurlu addımlar atacaq.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2011.-22  yanvar.- S. 7.