Bölgə muzeyləri eksponatlarla zənginləşir
Paytaxt Bakıda qədim sənət nümunələrini qoruyub saxlayan muzeylərlə yanaşı, bölgələrdə də bu müəssisələr yenidən qurulur, ekspozisiyalarla zənginləşdirilir. Muzeylərdəki eksponatların bərpası da diqqət mərkəzindədir.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin üzərinə bu mənada xeyli və məsuliyyətli iş düşür. Mərkəzdən verilən məlumata görə, regionlardakı muzeylərdən eksponatların bərpası ilə əlaqədar edilən müraciətlərin sayı artmaqdadır. Tarixin yaşıdı eksponatların bərpası, qorunub saxlanmasının vacibliyi nəzərə alınaraq Gəncə Tarix-Diyarşünaslıq Muzeyindən 49 ədəd eksponat bərpa mərkəzinə qəbul edilib. Eyni zamanda, Oğuz, Şəki, Qəbələ, Ucardakı muzeylərin də vəziyyəti öyrənilərək, bərpaya ehtiyacı olan eksponatlara yeni ömür verilib.
Eksponatları bərpaya ehtiyacı olan muzeylər, əlbəttə, təkcə adları çəkilən deyil. Şirvandan, Göygöl Diyarşünaslıq Muzeyindən 16 eksponat, Sumqayıt Dövlət Rəsm Qalereyasından 15 rəngkarlıq əsəri, Şəkidəki tarix-diyarşünaslıq, xalq-tətbiqi sənət muzeylərində, M.F. Axundovun ev-muzeyində, Kiş Tarix-Memarlıq Qoruğunda bəzi eksponatların bərpası başa çatdırılaraq öz ünvanlarına qaytarılıb. Təmirə ehtiyacı olan ən maraqlı eksponat isə Şirvandan təqdim edilən küp olub ki, bu, I əsrin yadigarlarından hesab edilir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 22 yanvar.- S. 7.