Nursultan Nazarbayev Qazaxıstanın
suverenliyinin və müstəqilliyinin rəmzidir
Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində respublika ictimaiyyətinin yığıncağında təşəbbüs qrupu Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin səlahiyyət müddətinin 2020-ci il dekabrın 6-dək uzadılması məsələsinə dair ümumxalq referendumu keçirilməsini təklif etmişdir. Bu il yanvarın 14-də isə Qazaxıstan Respublikasının parlamenti Konstitusiyaya Qazaxıstan xalqının lideri olan birinci prezidentin səlahiyyət müddətinin respublika referendumunda uzadılmasının mümkünlüyünü nəzərdə tutan düzəlişləri qəbul etmişdir.
Yeri gəlmişkən, referendumun keçirilməsi ilə bağlı imza toplanmasının yekunları ölkə vətəndaşlarının çox yüksək fəallığını nümayiş etdirmişdir - 5 milyondan çox seçici və ya elektoratın 60 faizi referendumun keçirilməsinin lehinə səs vermişdir. Bu, bir daha sübut etmişdir ki, təşəbbüs qrupu Qazaxıstan sakinlərinin çoxunun arzularını sadəcə olaraq dilə gətirmişdir.
Başqa cür ola da bilməzdi, çünki aqillər demişkən, müdrikliyin zirvələrinə çatan şəxs alqışa layiqdir, xalqını bu zirvələrə çatdıranlar isə üçqat alqışa layiqdir. Bu sözləri tam məsuliyyətlə Nursultan Nazarbayevin nəhəng quruculuq fəaliyyətinə də aid etmək olar. O, artıq 20 ildir ki, bütün dünyaya sübut etmişdir: Bu ölkənin elə bir problemi yoxdur ki, həmin problemi Qazaxıstan onun rəhbərliyi altında həll edə bilməsin.
Nursultan Nazarbayev bütün postsovet məkanında sanballı siyasi xadimdir. O, təcrübəli və uzaqgörən lider statusuna malikdir. Lakin onun gücü, ilk növbədə, xalqa yaxın, vətəndaşlarının ehtiyaclarına və istəklərinə bələd olmasındadır, o da öz siyasətində bu məqamları əks etdirir, mədəni identikliyin etnik mənsubiyyət əsasında deyil, vətəndaşlıq bazasında formalaşması prinsipini dövlət quruculuğu praktikasında ardıcıl olaraq ifadə edir.
Qazaxıstanı tam əsasla "miniatür BMT" adlandırmaq olar, çünki o, müxtəlif millətlərə mənsub olan insanların vətəninə çevrilmişdir. Nursultan Nazarbayevin təmsil etdiyi Qazaxıstan xalqının tolerantlığı və həmrəyliyi isə respublikanın bütün sakinlərini vahid xalq şəklində birləşdirən və həmrəy edən qüvvədir.
Qazaxıstan lideri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Mustafa Kamal Atatürk, Şarl de Qoll və digər ulu öndərlər sırasına aid edilir. Bütün başqa məqamlar öz yerində, Heydər Əliyevlə Nursultan Nazarbayevi sıx şəxsi dostluq telləri də bir-birinə bağlayırdı.
Nursultan Nazarbayevin rəhbərliyi altında ölkədə həyata keçirilmiş möhtəşəm dəyişikliklər demokratik dövlət və cəmiyyət quruculuğunda sanballı uğurlara gətirib çıxarmışdır: Ölkədə zəruri qanunvericilik təməli qoyulmuş, demokratiyanın və vətəndaş cəmiyyətinin baza təsisatları yaradılmışdır, hakimiyyətin bölgüsü prinsipi həyata keçirilir, iki palatalı parlament, hakimiyyətin şaquli şaxəsi olan icra hakimiyyəti fəal iş aparır, müstəqil məhkəmənin formalaşmasına və insan hüquqlarına riayət edilməsinə yönəlmiş məhkəmə-hüquq sistemi təkmilləşdirilir və s.
Qazaxıstan liderini Azərbaycan xalqının ulu öndəri ilə yaxınlaşdıran mühüm cəhətlərdən biri də xalq qarşısında şəxsi məsuliyyət amilidir. Qazaxıstan dövlətinin mühüm nailiyyətlərini şərtləndirən də məhz bu amil olmuşdur. Görünür, Qazaxıstan əhalisinin böyük əksəriyyəti tamamilə haqlı olaraq belə hesab edir ki, ölkənin idarəçilik sükanı artıq çətin sınaqlardan çıxmış indiki Prezident Nursultan Nazarbayevin əlində qalarsa bu xalq gələcəyə daha böyük inamla baxacaq, özünü qəlbən daha rahat hiss edəcəkdir. Xalqın iradəsi belədir, bu iradə isə hər şeydən üstündür.
AzərTAc
Azərbaycan.- 2011.- 22 yanvar.- S. 8.