Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri
Sergey Narışkini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.
Dövlətimizin başçısı Rusiya Prezidenti Administrasiyası rəhbərinin ölkəmizdəki bütün görüşlərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi. Bu il Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq mərhələsində işləri daha da aktivləşdirməyin zəruriliyini vurğulayan Prezident İlham Əliyev Forumun yeni statusda keçiriləcəyini dedi. Bu tədbirlərin təkcə Rusiya-Azərbaycan deyil, həm də beynəlxalq xarakter daşıyacağını deyən dövlətimizin başçısı bu prosesin əsasının Azərbaycan və Rusiya tərəfindən qoyulduğunu, ölkələrimizin təsisçi və təşəbbüskar ölkələr olduğunu qeyd etdi. Azərbaycan ilə Rusiya arasında münasibətlərin geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevlə görüşlərinin önəmini vurğuladı, bu görüşlərdə əlaqələrimizin inkişafı ilə bağlı bütün məsələlərin operativ və konstruktiv şəkildə həll edildiyini bildirdi. Prezident İlham Əliyev Rusiya Prezidentinin ölkəmizə son səfəri çərçivəsində bir sıra mühüm razılıqların əldə edildiyini dedi. Xəzəryanı ölkələrin Bakı sammitinin çox yüksək səviyyədə keçirildiyini deyən dövlətimizin başçısı regional məsələlərdə də ölkələrimiz arasında tam qarşılıqlı anlaşmanın olduğunu vurğuladı. Prezident İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin ölkəmizə səfərinin 2011-ci ildə ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyini dedi.
Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında əməkdaşlığa toxunan Sergey Narışkin yüksək səviyyəli əməkdaşlığın iqtisadi və siyasi sahələrdə böyük perspektivə malik olduğunu dedi. Rusiya ilə Azərbaycan arasında humanitar sahədə də geniş proqramın həyata keçirildiyini bildirən Sergey Narışkin Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən və artıq beynəlxalq Foruma çevrilən bu tədbirin nəinki ikitərəfli, hətta çoxtərəfli münasibətlərimizin formatında böyük hadisə olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Rusiya Prezidenti Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 23 yanvar.- S.1.