Bakıda Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinin yeni binası açılmışdır
Yanvarın 22-də Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) yeni beşmərtəbəli binasının açılış mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin iştirak etmişlər.
RF Prezidentinin MDB-nin iştirakçısı olan dövlətlərlə əlaqələr üzrə xüsusi nümayəndəsi və "Rossotrudniçestvo"nun rəhbəri Fərid Muxamedşin tədbiri açaraq qeyd etmişdir ki, Mərkəzin fəaliyyəti Azərbaycan ictimaiyyətini Rusiyanın müxtəlif sahələrdə qazandığı uğurlarla, onun mənəvi irsi, zəngin elmi və mədəni potensialı ilə tanış etməyə, eləcə də ikitərəfli mədəni, təhsil, elmi-texniki proqramların, işgüzar əlaqələrin genişlənməsinə kömək etməyə, rus dilinin tədrisinin dəstəklənməsinə, qeyri-hökumət təşkilatları və dostluq cəmiyyətləri ilə qarşılıqlı əlaqələrə yönəlmişdir.
Vurğulanmışdır ki, Mərkəzin yeni binasının istifadəyə verilməsi Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmlənməsi istiqamətində atılmış mühüm addımdır. Xatırladılmışdır ki, Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi 2009-cu il martın 12-də açılmışdır.
Sergey NARIŞKİN tədbirə toplaşanlara müraciət edərək demişdir:
- Sizinlə birlikdə Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak etməyə şadam. Deməliyəm ki, bu, Rusiya-Azərbaycan münasibətlərində mühüm hadisədir. MDB çərçivəsində "Tarixi-Mədəni İrs İli" adlandırılmış yeni il olduqca gözəl və məzmunlu belə bir aksiya ilə başlayır. Qeyd etmək istəyirəm ki, bu gün, əlbəttə, həm Rusiya, həm də Azərbaycan elmi, mədəni, təhsil əlaqələrinin, informasiya və gənclər mübadiləsinin genişləndirilməsində eyni dərəcədə maraqlıdır. Şübhəzis, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi buna kömək edəcəkdir.
Həm Azərbaycanda, həm də Rusiyada humanitar və mədəni dialoqa eyni dərəcədə tələbat vardır. Ölkələrimiz MDB-də Humanitar Əməkdaşlıq Fondu çərçivəsində və digər təşəbbüslərin həyata keçirilməsində bəlkə də ən fəal mövqelərdən birini tuturlar. Bu bina, bu mərkəz Rusiyanın tarixi, onun müasir vəziyyəti, mədəniyyəti ilə tanış olmaq üçün böyük imkanlar açır. Mərkəz texnikanın son nailiyyətləri səviyyəsində çox böyük və zəngin informasiya fondları ilə təchiz olunmuşdur. Mən böyük məmnuniyyətlə bütün bakılıları, bütün azərbaycanlıları bu mərkəzdə nə varsa, hamısından istifadə etməyə çağırıram və öz tərəfimdən İnformasiya-Mədəniyyət Mərkəzinin yaradılmasına göstərdikləri köməyə görə bizim tərəfdaşlara, Azərbaycaının dövlət hakimiyyəti nümayəndələrinə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Mən həqiqətən sevinirəm ki, burada, Bakıda belə bir mərkəz yarada bilmişik və biz münasibətlərimizin, o cümlədən humanitar və mədəni sahədə münasibətlərimizin inkişafını yüksək qiymətləndiririk. Sağ olun.
* * *
Mərasimdə
çıxış edən
Ramiz MEHDİYEV demişdir:
- Hörmətli Sergey Yevgenyeviç!
Əziz dostlar!
Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının açılışı humanitar əməkdaşlıq sahəsində mühüm hadisədir. Mən, hər şeydən əvvəl, bu mərasimdə həmkarım, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri cənab Sergey Yevgenyeviç Narışkini və bizim moskvalı dostlarımızı, qonaqlarımızı ürəkdən təbrik etmək istərdim.
Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin fəaliyyəti Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələri daha yüksək səviyyəyə qaldırır. Heç şübhəsiz, bu mərkəz əvvəlki kimi, Azərbaycan-Rusiya əməkdaşlığının, xalqlarımız arasında dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir.
Sözsüz, bu layihənin həyata keçirilməsində iştirak edənlərin hamısı bizim dərin minnətdarlığımıza layiqdir. Mən bu mərkəzin yaradılmasına öz töhfələrini vermiş dövlət qurumlarına, habelə müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələrinə də xüsusi təşəkkür sözlərimi ünvanlamaq istərdim. Əminəm ki, əgər bugünkü açılış mərasimində Rusiyada çox tanınmış, ölkənin ictimai-siyasi ab-havasını formalaşdıran, onun mədəniyyətini, təhsilini, kütləvi informasiya vasitələrini və digər sahələrini təmsil edən insanlar iştirak edirlərsə, deməli bu mərkəzin taleyi, əlbəttə, ümidverici olacaqdır.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlər çox dinamik inkişaf edir. Bunu təsdiq edən çoxlu rəqəmlər və faktlar göstərmək olar. Lakin bugünkü mərasimə oxşar hadisələr bunun daha əyani sübutudur. Əgər iki ölkənin nümayəndələri bu cür mədəniyyət ocaqları yaradılması üçün vaxt tapırsa, bu, onları bir-birinə bağlayan tellərin möhkəmliyini, qarşılıqlı anlaşma və əməkdaşlıq istəklərini bir daha sübut edir.
Məlum olduğu kimi, XX əsrə çoxlu xarakteristikalar verirlər. Lakin həmin əsrdə baş vermiş hadisələr tarixə çevrildikcə bu mürəkkəb əsrin bir çox meyil və qanunauyğunluqlarını daha asan qiymətləndirmək və anlamaq imkanı yaranır. Bu gün qeyd etmək istərdim ki, həmin əsr Azərbaycanda həm də əhalinin rusdilli mədəniyyətlə və informasiya məkanı ilə daha fəal ünsiyyət dövrü olmuşdur. Rusiyanın bir sıra xadimlərinin səyləri sayəsində rus mədəniyyəti və incəsənəti xəzinələri kütlələrin sərvətinə çevrilmişdi.
Belə bir faktı xatırlatmaq kifayətdir: bir ay bundan əvvəl biz Rusiya nümayəndələri ilə birlikdə Səməd Vurğun adına Rus Dram Teatrının 90 illik yubileyini qeyd etdik. Bu teatrın bütün fəaliyyəti rus mədəniyyətinin Azərbaycan cəmiyyətində hansı mövqe tutduğunu nümayiş etdirir.
Azərbaycan bütün XX əsr ərzində rus mədəniyyətinin bir çox inciləri ilə tanış olmaq və bununla bərabər bu ümumi mədəni məkanın formalaşmasına öz töhfəsini vermək imkanına malik olmuşdur. Ümid edirəm ki, bu yeni mərkəz də həmin məkanın qorunub saxlanmasına və genişlənməsinə xidmət edəcəkdir.
Mədəniyyət sahəsində mübadilələr xalqlarımıza sanki yeni nəfəs gətirir, onun məzmunca zənginləşməsinə kömək edir, ümumi inkişafa hiss ediləcək dərəcədə təkan verir. Rusiyanın bizim ölkəyə mədəni təsiri danılmazdır. Lakin Azərbaycanın Rusiyaya mədəni təsiri də eyni dərəcədə danılmazdır. Rusiyada Qara Qarayevin, Tahir Salahovun, Müslüm Maqomayevin və bir sıra başqalarının yüksək qiymətləndirilməsinə və onlara ehtiram göstərilməsinə görə xalqımız minnətdardır.
Biz ölkəmizdə rus dilinin öyrənilməsinə, bizim təhsil məkanında rus dilində təlimin qorunub saxlanmasına çox böyük əhəmiyyət veririk. Bu gün Azərbaycanda rus dili həm də dünya mədəniyyətinə pəncərə kimi öz əhəmiyyətini saxlamaqda davam edir. Bakı Slavyan Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı bu gün rus dilində təhsil sahəsində tanınmış ıiderlərdir. Bütövlükdə bizim bütün universitetlərin Rusiya ali məktəbləri ilə əməkdaşlığı ilbəil genişlənir və bu, heç şübhəsiz, ölkələrimizin humanitar əməkdaşlığının genişlənməsinə sanballı töhfədir.
Bizim müştərək humanitar layihələrimiz bir çox istiqamətlərdə uğurla həyata keçirilir. Ötən il keçirilmiş Azərbaycan-Rusiya Humanitar Forumu o qədər aktual oldu ki, o, uzunmüddətli layihəyə çevrildi. Bu gün biz cari ilin payızında keçiriləcək Bakı Beynəlxalq Forumunun təşkilat komitəsinin iclasını keçirdik. Biz əminik ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin himayəsi altında keçiriləcək qarşıdakı Forum humanitar əməkdaşlıq sahəsində böyük və mühüm beynəlxalq hadisə olacaqdır.
Ümid edirəm ki, bu ilin payızında biz birlikdə, artıq beynəlxalq Forum çərçivəsində yeni əsrdə humanitar sahədə qarşımıza qoyulmuş olduqca çoxlu problemləri və vəzifələri nəzərdən keçirə biləcəyik.
Biz əminik ki, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi aktuallığı və əhəmiyyəti danılmaz olan Forumun hazırlanmasına öz töhfəsini verəcəkdir.
Hörmətli dostlar!
Fürsətdən
istifadə edib sizə bir daha minnətdarlığımı
bildirmək istəyirəm ki, siz Azərbaycana gəlməyə
və bu əlamətdar hadisədə şəxsən
iştirak etməyə vaxt tapmısınız. Ümid edirəm
ki, yeni başlanmış 2011-ci il əməkdaşlığımız
üçün daha uğurlu il olacaq və müasir
dövrün ümdə problemlərinə dair bizə hələ
çox maraqlı görüşlər və diskussiyalar bəxş
edəcəkdir.
* * *
Sonra Ramiz Mehdiyev və Sergey
Narışkin mərkəzin rəmzi
açılışını bildirən lenti kəsmişlər.
Sergey Narışkin mərkəzə
hədiyyə edilmiş avtobusun açarını RİMM-in
rəhbəri Ənvər Şeyxova təqdim etmişdir.
Qonaqlar mərkəzlə tanış olmuşlar.
Məlumat
verilmişdir ki, yeni bina müasir zəruri avadanlıqla təchiz
olunmuşdur. Burada
kino-konsert, konsert-sərgi və konfrans salonları, kitabxana
vardır. RİMM-də rus dili tədris-metodik mərkəzi,
linqafon kabinetləri, distant təhsil, innovasiya əməkdaşlıq
mərkəzləri fəaliyyət göstərəcək,
maraq dairələri üzrə klublar və studiyalar
açılacaqdır.
Rusiya mədəniyyət mərkəzləri
yaradılarkən əsas iş prinsiplərindən biri
Rusiyanın mədəni və mənəvi sərvətlərinin
əks etdirilməsi üçün innovasiya metodlarından
istifadə edilməsidir.
Sonra Dövlət Rus Muzeyinin
ən yeni multimedia layihəsinin - "Rus muzeyi: virtual
filial" informasiya-təhsil mərkəzinin təqdimatı
olmuşdur. Qeyd edilmişdir ki, hazırda dünyada bu cür
79 mərkəz fəaliyyət göstərir. Onlardan 56-sı
Rusiyada, 23-ü isə xarici ölkələrdədir.
Layihə maarifçilik -
elektron-rəqəmsal və mətbu materiallardan sərbəst
istifadə edilməsi yolu ilə geniş auditoriyanı rus mədəniyyətinin
dəyərləri, Rusiyanın tarixi keçmişi ilə
Ramiz Mehdiyev və Sergey
Narışkin mərkəzdə yaradılmış
B.N.Yeltsin adına Prezident kitabxanasının elektron oxu
zalı ilə də
Kitabxanada rus və xarici
klassiklərin əsərləri, Rusiya tarixinə və mədəniyyətinə
aid kitablar, müxtəlif mövzular üzrə ensiklopediya və
sorğu ədəbiyyatı, habelə Azərbaycan və
Rusiya dövri nəşrləri geniş təmsil
olunmuşdur.
Azərbaycan Prezidenti Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevə rus mədəniyyəti
haqqında kitab və Azərbaycanın görkəmli rəssamı
Tahir Salahovun əsərlərindən ibarət albom hədiyyə
edilmişdir.
Mərasimdə Rusiyanın və
Azərbaycanın dövlət və hökumət rəsmiləri,
iki ölkənin ziyalılarının görkəmli
nümayəndələri, diplomatlar və digər şəxslər
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2011.-23 yanvar.- S. 3.