Azərbaycanın daxili işlərinə
qarışmaq cəhdləri yolverilməzdir
Səməd Seyidov
"İran parlamentinin bəzi deputatları ölkəmizdə
olan dəyərlərin qorunması barədə fikirlər səsləndirərkən,
heç də bir milyon qaçqın və məcburi
köçkünün, onların erməni vəhşilikləri
ilə üzləşməsi, soyqırıma məruz
qalması, işğal
altında olan ərazilərdə məscidlərin
dağıdılması barədə nədənsə bir kəlmə
belə danışmırlar"
Sabah dünyanın nüfuzlu beynəlxalq qurumlarından olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) növbəti qış sessiyası başlayır. Sessiyada Avropa Şurasına üzv ölkələrdə, o cümlədən Azərbaycanda keçirilmiş son seçkilər də diqqət mərkəzində olacaq. Bununla yanaşı, ümumilikdə Avropa məkanını əhatə edən digər mühüm məsələlər də gündəlikdə yer alacaq. Sessiya ərəfəsində bu və digər məsələlər barədə məlumat almaq üçün AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşdük. Komitə sədri ilk öncə aşağıdakıları söylədi:
- Bu gün Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasında nümayəndə heyəti
olaraq Strasburqa yola düşürük. AŞ PA-nın
qış sessiyasında çox ciddi və bizim
üçün vacib olan məsələlər müzakirə
ediləcək. Təbii ki, ötən il noyabrın 7-də
ölkəmizdə keçirilən parlament seçkilərinin
qiymətləndirilməsinə dair də məruzə təqdim
ediləcək. Düzdür, bu ayrıca bir məruzə
olmayacaq. AŞ PA-nın qış sessiyasının ilk
günündə Avropa Şurasının yarım il ərzində
gördüyü işlərə dair məruzənin
müzakirəsi keçiriləçəkdir. Məhz həmin
məruzənin içərisində bir neçə ölkədə
keçirilən seçkilər, Avropa Şurasının təşkil
etdiyi tədbirlər və bu istiqamətdə görülən
digər işlər təqdim olunur. Məruzədə Azərbaycanın
da adı səsləndiyindən, bu, bizim üçün
çox əhəmiyyətlidir. Nümayəndə heyəti
olaraq biz bu məsələyə ciddi
hazırlaşmışıq.
Çıxışlarımızda ölkəmizdə
demokratik standartlara və normalara uyğun keçirilən
parlament seçkiləri barədə öz fikirlərimizi səsləndirəcəyik.
Bir maraqlı məqamı da diqqətə çatdırmaq istərdim ki, seçkilərin ayrı-ayrı Avropa qurumları tərəfindən qiymətləndirilməsi müxtəlifdir və ziddiyyətli xarakter daşıyır. Bəzən isə burada məntiqsizliyə yol verilir. Məsələn, hesabatların birində göstərilir ki, 90 faiz seçki məntəqələrində səsvermə prosesi normal və yaxşı təşkil olunub. Lakin sonda seçkilərin demokratik keçirilməsinə əmma qoyulur. Necə ola bilər ki, 90 faiz seçki məntəqəsində proses normal və yaxşıdır, lakin siz buna şübhə ilə yanaşırsınız?! Burada ciddi bir məntiqsizlik nəzərə çarpır, ya da ola bilər ki, əvvəlcədən düşünülmüş istiqamətdə nəzərdə tutulan fikirlər səslənir. Lakin mən qış sessiyasını təkcə seçkilərlə məhdudlaşdırmaq istəmirəm. Çünki seçkilər ölkəmizdə artıq ənənəyə çevrilmiş bir prosesdir, həyat tərzinin bir hissəsidir.
AŞ PA-nın indiki sessiyasında çox ciddi hadisələrin baş verəcəyi gözlənilir. Buna konkret misal olaraq Avropa Şurasının islahatları adı altında dinləniləcək məruzəni göstərmək olar. Biz dəfələrlə bəyan etmişik ki, Avropa Şurası ikili standartlara yol verir, bəzən reallıqları görməzlikdən irəli gələn hallar nümayiş etdirir. Azərbaycanda "siyasi məhbuslar" üzrə məruzəçinin təyin olunmasını daha konkret nümunə kimi göstərmək kifayətdir. Halbuki Ermənistanda insan haqları kobud şəkildə pozulsa da, hətta deputatlar belə siyasi baxışlarına görə həbsə atılsa da, sözügedən ölkə üzrə məruzəçi təyin olunmur! Avropa Şurasına üzv olan bəzi başqa ölkələrdə də analoji hallar yaşansa da, nədənsə, bununla bağlı məruzəçi təyin olunmur. 47 ölkə arasında yalnız Azərbaycanı seçərək guya ölkəmizdə "siyasi məhbuslar" olması və bu məsələ üzrə məruzəçi təyin olunması heç də Avropa Şurasına şərəf gətirmir! Qurum səhv addım atdığını indi-indi dərk edir! Lakin bu səhv addımı ləğv etmək üçün Avropa Şurasında kifayət qədər prosedur qaydalar mövcud deyil. Bu isə Avropa Şurasını çətin duruma sala bilər. Avropa Şurasının belə səhv addımlarına dair digər çoxsaylı misallar da göstərmək olar. Yaxşı ki, indi bu səhvləri görməyə başlayan Avropa Şurası daxilində islahatlar aparmağa özündə cəsarət tapıb. Əks halda, Avropa Şurasının taleyi böyük sual işarəsi altına düşə bilər! Təbii ki, bu nöqteyi-nəzərdən biz bu müzakirələrdə yaxından iştirak edəcəyik.
Baş verənlər həm də onu göstərir ki, avropalılar düşündükləri qədər mükəmməl deyillər. Bu kontekstdən mən Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun yanvarın 13-14-də ölkəmizə etdiyi səfəri və burada ölkəmizin ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirləri xatırlatmaq istəyirəm. Bakıda olarkən o, Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfranısnda, eləcə də Bakı Dövlət Universitetində çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bununla əlaqədar fikirlər səsləndirməyə heç kim onu məcbur da etməmişdi. Lakin Brüsselə qayıtdıqdan sonra Avropa Komissiyasının saytında Barrozunun Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair fikirləri təhrif olunmuş şəkildə yerləşdirildi. Bu, Avropanın ikili standartlarının real sübutu kimi özünü qabarıq büruzə verir. Biz bununla bir daha görürük ki, Azərbaycanın milli maraqlarını özümüzdən yaxşı heç kim qoruya bilməz! Bizim milli maraqlar çərçivəsinə Avropa maraqlarını daxil etmək lazımdır, bunun əksi olmamalıdır! Yalnız belədə həm Avropa, həm də Azərbaycan udacaq! Ölkə Prezidentinin həyata keçirdiyi siyasət də məhz bu istiqamətdədir.
Maraq doğuran məsələlərdən biri də qış sessiyasının gündəliyinə Yaxın Şərqdə xristianlara qarşı zorakılıqla bağlı mövzu adı altında böyük bir müzakirə təşkil edilməsinin nəzərdə tutulmasıdır. Məgər Yaxın Şərqdə ölənlər təkcə xristianlardır? Axı burada müsəlmanlar, yəhudilər və digər dinin nümayəndələri də həlak olurlar. Bu vaxta qədər isə 47 ölkənin forumuna Yaxın Şərqdə yalnız xristianların zorakılığa məruz qalmasına dair məsələnin daxil olması heç vaxt olmayıb! Avropa Şurası belə addımlar atmaqla özünə başucalığı gətirmir və bu qurum daxilində çox da xoşagəlməz proseslərin cərəyan etdiyini göstərir.
Hələ 2005-ci ildə AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edilib. Burada göstərilirdi ki, ərazilərimizin işğalı, qaçqın və məcburi köçkünlər və digər bu kimi məsələləri daha geniş şəkildə Avropa ictimaiyyətinə çatdırmaq, millətlərarası dialoq qurmaq, problemin daha dərindən araşdırılması üçün Alt Komitənin yaradılması vacibdir. Lakin Ermənistan bu komitənin fəaliyyətinin yenidən bərpa edilməsini istəmir və Avropa Şurası hələ də özündə güc tapıb Ermənistanın mövqeyini dəyişdirə bilmir. Bu da AŞ PA üçün başucalığı gətirmir və Azərbaycan nümayəndə heyətinin qurumda daha gərgin və ciddi iş aparmasını tələb edir.
- Avropa Şurasının ikili
standartlarından danışdınız. AŞ
PA-nın Azərbaycanda "siyasi məhbuslar" üzrə
məruzəçi təyin etdiyi cənab Ştrassel Azərbaycana
səfər etmək üçün dəvət
almadığını iddia edir və ölkəmizə səfər
etmədən bu məsələ ilə bağlı məruzə
hazırlaya biləcəyini bildirir. Bu məsələ
ilə əlaqədar AŞ PA-nın, eləcə də cənab
Ştrasselin nümayiş etdiyi mövqe nə dərəcədə
obyektivdir?
- Biz cənab Kristofer Ştrasselə qarşı bir şəxs kimi heç bir mövqe nümayiş etdirmirik. Biz Azərbaycan nümayəndə heyəti olaraq Avropa Şurasının ölkəmizə yanaşmasının və "siyasi məhbuslar" üzrə məruzəçi təyin olunmasının əleyhinəyik və bundan sonra da əleyhinə çıxacağıq! Çünki məruzəçinin təyin olunması düzgün qərar deyil! Biz düzgün olmayan bu qərar barədə fikir mübadiləsi aparmışıq, mövqeyimizi ortaya qoymuşuq. Bundan sonra "siyasi məhbuslar" üzrə məruzəçiyə hansı dəvət göndərilə bilər? Çünki biz bu şəxsin məruzəçi kimi Azərbaycanda fəaliyyətinin düzgün olmadığı qənaətindəyik! Lakin AŞ PA-nın deputatı kimi o, Azərbaycana istədiyi zaman gələ bilər. Elə parlament seçkilərində müşahidəçi qismində Azərbaycanda olub. Bizim şəxsən cənab Ştrasselə heç bir iradımız yoxdur və o, AŞ PA, Almaniya Bundestaqının deputatı kimi Azərbaycana gələ bilər. Biz sadəcə, Avropa Şurasının qəbul etdiyi qərara, ölkəmizə ikili standartlardan yanaşmasına etiraz edirik! Əminəm ki, mövqeyimiz Avropa Şurasına bunu dərk etməkdə kömək edəcək ki, hər hansı ölkəyə ikili standartdan yanaşmaq olmaz!
- Siz həm də Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədrisiniz. Buna görə
bir neçə gün əvvəl İran parlamentində Azərbaycan,
onun dövləti əlyehinə, xalqla hakimiyyət arasında
guya uçurum olmasına dair iddialara münsibətinizi bilmək
maraqlı olardı.
- Son zamanlar İran İslam Şurası Məclisinin Xarici siyasət və milli təhlükəsizlik üzrə komissiyasının sədri Əlaləddin Burucerdin, İran parlamentinin bir neçə başqa deputatı Azərbaycanda gedən proseslərlə, həyata keçirilən islahatlarla, ölkənin siyasətilə, dövlətin mövqeyi ilə, Azərbaycan Respublikası Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətilə bağlı öz fikirlərini, mövqelərini ifadə ediblər. Lakin onlar qeyd edilənlərlə əlaqədar fikir bildirərkən ölkəmizin daxili işlərinə qarışmış, Azərbaycanın regionda nüfuzuna, roluna və ən əsası Azərbaycan xalqına yaraşmayan, düzgün olmayan mövqe ifadə etmişlər. Ona görə də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri, eləcə də bir azərbaycanlı kimi düşünürəm ki, bu çıxış və münasibətlər heç də cavabsız qalmamalıdır.
Azərbaycanda həyata keçirilən xarici siyasətin mahiyyətində duran əsas məqamlardan biri də qonşu ölkələrlə xoş münasibət və qarşılıqlı əlaqələrə söykənir. Bu, Azərbaycanın cənub qonşusu olan İrana da aiddir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu istiqamətdə ardıcıl bir siyasət aparır. Ölkə parlamenti də bununla əlaqədar üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır və əlaqələrimizdə hər iki xalqın inkişafına, münasibətlərinin daha güclü tellərlə qurulmasına səylər göstərir. Ancaq bununla yanaşı biz heç vaxt istəməzdik ki, kimsə, hansısa mərhələdə ölkəmizin daxili işlərinə müdaxilə etsin. İran parlamentinin bəzi təmsilçiləri tərəfindən səsləndirilən son bəyanatlar göstərir ki, bir neçə istiqamətdə xalq anlayışını manipulyasiya etməklə Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər olunur.
Ümumiyyətlə, xalq anlayışı çox dərin və mürəkkəb bir məsələdir. Bu günlərdə İran parlamentinin Xarici əlaqələr və təhlükəsizlik komitəsi sədrinin Azərbaycan və İran xalqları ilə bağlı irəli sürdüyü fikirlər heç bir ciddi tənqidə dözmür! Onun sözlərinə görə, İranda yaşayan azərbaycanlılar həmişə fəxr edib ki, onlar İran xalqının nümayəndəsidir, iranlıdırlar. Buna görə də sözügedən məsələyə hansısa səviyyədə heç bir şübhə gətirilə bilməz. Mən bildirmək istəyirəm ki, heç kim heç nəyə şübhə etmək fikrində deyil! Lakin onu da vurğulamaq lazım gəlir ki, heç bir siyasətçi hansısa mərhələdə, hansısa səviyyədə xalq yaratmağa qadir deyil! Xalq siyasətçilər tərəfindən yaradılmır! Xalq tarixin qoyduğu prinsiplər, ümumi etnogenezin və başqa qanunauyğunluqların əsasında yaranır. Yəni, siyasətçilərin və insanların birbaşa iradəsindən asılı olmayaraq xalq formalaşır. Məsələn, biz hələ keçmiş SSRİ-nin tərkibində olarkən Kommunist Partiyasının bəzi ideoloqları sovet xalqını yaratmaq istəyirdilər. Bu istiqamətdə minlərlə kitab yazıldı, həmin ideoloqlar hətta sübut etdiklərini bildirdilər ki, artıq sovet xalqı mövcuddur. Ancaq çox çəkmədi ki, tarixin qanunauyğunluqlarına görə həmin "sovet xalqı" dağıldı və keçmiş SSRİ ərazisində xalqlar dövlət müstəqilliyi əldə etdilər. Bu mənada xalq haqqında danışanlar ehtiyatlı olmalıdırlar! Bilməlidirlər ki, xalqlar siyasətçilər tərəfindən dövlətlər içərisinə bölünür, həmin xalqlar arasında əlaqələr isə siyasətçilərin istəyindən asılı olmayaraq mövcuddur. Xalqlar arasında həmin əlaqələrə isə siyasətçilər və digər peşə sahibləri daim hörmətlə yanaşmalıdırlar.
Azərbaycan həmişə xalqlararası münasibətlərə xüsusi önəm verib. Bu nöqteyi-nəzərdən Azərbaycan başqa ölkələr üçün bir nümunə rolunu da oynayır. Azərbaycan çoxmilli bir ölkədir, onun daxilində müxtəlif xalqlar yaşayır. Həmin xalqlar öz adət-ənənələrini, təhsil hüquqlarını, dillərini, dinlərini, mediasını və bu qəbildən olan digər halları sərbəst şəkildə inkişaf etdirməkdə tam azaddırlar. Azərbaycan bu istiqamətdə siyasət apararkən yaxşı bilir ki, xalqlara, onların nümayəndələrinə nə qədər çox hörmət bəslənirsə, həmin xalqlar dövlətlə sıx birləşir.
İran parlamentinin bəzi deputatları isə Azərbaycan hakimiyyəti ilə xalq arasında guya hansısa ziddiyyətlərin olması barədə fikirlər səsləndirir. Mən buna qəti şəkildə etiraz edirəm! Azərbaycan hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır və bu ölkənin Əsas Qanununda da təsbit olunub. Bu həm də Azərbaycan xalqının dahi oğlu, ümummilli lider Heydər Əliyevin sözləridir. Heç də sadə sözlər deyil, bu bizim fəlsəfəmizdir. Həmin fəlsəfənin təntənəsinin sübutu isə Azərbaycanın dünyada və mövcud olduğu regionda qazandığı nüfuzdur, oynadığı roldur.
Bütün bunları İran parlamentində olan həmkarlarımızın da yaxşı bildiyinə inanıram. Onda maraqlıdır ki, nəyə görə bunları bilən insanlar belə məsuliyyətsiz fikirlər səsləndirir! Əminəm ki, bunun hansısa əsasları var.
Məncə burada Azərbaycanın regionda tutduğu mövqe, nümayiş etdirdiyi inkişaf göstəriciləri müəyyən rol oynayır. İnkişaf haqqında danışarkən tək iqtisadi kateqoriyalar nəzərdə tutulmur. Bütövlükdə inkişafa təhsil, səhiyyə, elm və digər kateqoriyalar, o cümlədən mədəniyyət də daxildir. Yekun nəticə isə həm Azərbaycan xalqının inkişafını və bu inkişafın daha yüksək mərhələsinə qədəm qoyduğunu açıq şəkildə gözlər önündə sərgiləyir. Xalq inkişaf etməsə, onun göstəriciləri yüksəlməsə, ümumi tərəqqidən danışmaq mümkünsüzdür! Bu gün isə biz Azərbaycan xalqının sürətli inkişafının şahidiyik, sözügedən inkişaf dünyanın dərk edilməsindən tutmuş digər vacib sahələrə qədər geniş bir spektri özündə ehtiva edir. Lakin o da həqiqətdir ki, xalq inkişaf edirsə, həmin inkişafı təmin edən siyasət, siyasətçilər var. Xalqın inkişafını təmin edən siyasətçilər xalqa birlikdə olmalıdırlar ki, bu tərəqqiyə nail olsunlar. Bütün bunlar xalqla onun yaratdığı dövləti idarə edən siyasətçilər arasında bir vəhdət təşkil edir.
Azərbaycanda bu inkişafı inkar edənlər isə süni şəkildə xalq və hakimiyyət arasında birlik olmamasına dair fikirlər səsləndirir. Hesab edirəm ki, Azərbaycan bü gün sözügedən səviyyədə dünya sivilizasiyası tərəfindən qaldırılmış suallara cavab tapa bilir. İndi heç kim üçün sirr deyil ki, dünya sivilizasiyası qarşısında çox çətin, mürəkkəb və heç də hər bir ölkənin cavab verə bilmədiyi suallar mövcuddur. Məsələn, islam və demokratiya sualına hər bir ölkə cavab vermək iqtidarında deyil! Lakin Azərbaycan nəinki bu suala cavab verir, həmin sualın cavabını dünya ölkələrinə düzgün istiqamətdə çatdıraraq sübut edir ki, dinimiz, adət-ənənəmiz, düşüncəmiz, fikrimiz, yaşam tərzimiz dünyanın demokratik dəyərləri ilə nəinki üst-üstə düşür, həm də onun bir tərkib hissəsi kimi çıxış edir.
Ölkəmizdə keçirilən siyasət dinlər arasında nəinki bir dialoq, həm də bir vəhdət yaratmağın mümkünlüyünü sübuta yetirir. Eyni zamanda millətlər arasındakı əlaqəyə görə də Azərbaycan başqa dövlətlər üçün bir nümunə rolunu oynamaq iqtidarındadır. Azərbaycanda bu gün ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Milli Məclisdə təmsil olunublar, onlar sərbəst şəkildə öz fikirlərini ifadə edir, nümayəndəsi olduqları azlıqların hüquqlarını tam qoruya bilirlər. Ölkəmizdə yaşayan millətlərin inkişafını təmin edən, onlar içərisində aparıcı rol oynayan azərbaycanlılardır. Azərbaycanlılar güclü bir fəlsəfəni ortaya qoyaraq bütün millətlərin qarşılıqlı münasibətlərinin yüksək səviyyədə formalaşması istiqamətində fəaliyyət göstərirlər. Burada fəlsəfə deyilərkən, ilk öncə ümummilli lider Heydər Əliyevin yaratdığı azərbaycançılıq fəlsəfəsini nəzərdə tuturam. Həmin fəlsəfə ona gətirib çıxardı ki, indi dünyada yaşayan bütün soydaşlarımız azərbaycanlı olmaları ilə, eyni zamanda Azərbaycan dövləti ilə fəxr edirlər. Çünki hər bir millətin nümayəndəsi mənsub olduğu millətlə yanaşı onun müstəqil dövlətinin olmasını da arzu edir. Bu gün biz Azərbaycan dövləti ilə, azərbaycanlılarla fəxr edirik.
Bu kontekstdə qonşu ölkənin parlamentində deyilənlər məndə bir təəccüb doğurur. Birgə milli dəyərlərdən danışan şəxslər regionda yaşayan azərbaycanlıları, ümumiyyətlə, müsəlmanları bir neçə kateqoriyaya bölürlər. Məsələn, İran parlamentində bəzi deputatlar ölkəmizdə olan dəyərlərin qorunması barədə fikirlər səsləndirərkən, heç də bir milyon qaçqın və məcburi köçkünün, onların erməni vəhşilikləri ilə üzləşməsi, soyqırıma məruz qalması, işğal altında olan ərazilərdə məscidlərin dağıdılması barədə nədənsə bir kəlmə belə danışmırlar. Əvəzində Azərbaycanın daxili işlərinə yönəlmiş fikirlər səsləndirirlər. Əminəm ki, bu istiqamətdə İran parlamentində hansısa araşdırmalar aparılacaq! Hesab edirəm ki, ölkəmizin daxili işlərinə qarışmaq cəhdi olan belə çıxışlar Azərbaycanın mövcud inkişafını bilməzlikdən irəli gəlir. Belə ehtimal da irəli sürmək olar ki, bu əvvəlcədən ssenarisi cızılmış bir çıxışlardır. Hər halda mən buna inanmaq istəməzdim! Qonşumuz və bizə dost ölkə kimi özünü təqdim edən İran parlamentinin nümayəndələrinin hansısa təsir altına düşməsinə də inanmaq istəməzdim.
- İran parlamentinin bəzi
təmsilçiləri tərəfindən səslənən
bu fikirlər xalqlarımız arasında münasibətlərə
təsir göstərə bilərmi və belə
çıxışların qarşısının
alınması üçün hansı addımlar
atılmalıdır?
- İran parlamentində Azərbaycan əleyhinə fikir səsləndirənlər iki xalq arasında münasibətlərə təsir göstərə biləcək mövqedən çıxış etdiklərini yəqin ki, başa düşməmiş deyillər! Bu mənada İran İslam Respublikasının parlamenti yəqin ki, öz məsuliyyətini dərk edərək düşünməlidir! Güman edirik ki, hətta İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad bu istiqamətdə düşüncələrin, fikirlərin qarşısını almaq məqsədilə ciddi addımlar atmalıdır. Çünki biz həmişə belə hesab etmişik ki, dostumuz olan İran öz siyasətində digər ölkələrin daxili işlərinə müdaxilə etmir və etməz! Həmçinin İran digər dövlətlərdən fərqli olaraq Azərbaycanla münasibətləri daha yaxın olan ölkə kimi tərəfimizdən qiymətləndirilib. İndi İran parlamentində bu kimi fikirlərə son qoyulmasa, insanlar düşünə bilər ki, elə ən yüksək instansiyadan ölkəmiz əleyhinə fikirlər səsləndirilməsinə dair tapşırıqlar verilib! Bu isə arzuedilməzdir.
Müsahibə apardı:
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-23 yanvar.- S. 4.