Azərbaycanın dövlət müstəqilliyi xalqımızın böyük tarixi nailiyyətidir

 

1991-ci ildə Sovetlər İttifaqına daxil olan bir neçə respublikada, o cümlədən Azərbaycanda müstəqilliyə qovuşmaq uğrunda mübarizə qarşısıalınmaz həddə çatdı. Həmin il avqust ayının 30-da keçirilən Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi.

Buna qədər isə qədər xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə Naxçıvandan başlanan milli dirçəliş prosesi Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməyə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atılmağa başlanmışdı. Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə 1991-ci ildə hüquqi müstəvidə münasibət bildirirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi.

Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin məhv olmasına gətirib çıxaracaqdı. Ayaz Mütəllibov, onu əvəz edən AXC-Müsavat iqtidarı dövlətçiliyi deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün heç bir iş görmədilər, ölkəmiz dünyada gedən bütün proseslərdən uzaq düşdü, təkləndi. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrin, səriştəsizliyin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyimizin və müstəqillimizin məhvini qaçılmaz edirdi.

Belə bir vəziyyətdə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimiz bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyununda dövlətin idarəçilik sükanı arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin ağır günlərdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, Azərbaycanı daha hansı faciələr gözləyirdi!?

Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə yanaşı, Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Yalnız bundan sonra "1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır" - deyən ulu öndərin qiymətləndirdiyi Konstitusiya Aktının prinsipləri real həyata vəsiqə qazanmağa başladı. Ölkə səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoydu. Məhz Heydər Əliyev Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu.

Heydər Əliyevin uzaqgörənliyi sayəsində mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu öndərin rəhbərliyi ilə başlanan islahatlar nətisəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiya ilə Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət olduğunu və bu prinsiplərlə inkişaf yolunu tutduğunu bütün dünyaya bəyan etdi. Onu da xatırladaq ki, Müstəqillik Aktında Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın öz əksini tapmasına baxmayaraq Mütəllibov və AXCP-Müsavat bununla bağlı heç bir iş görməmişdilər.

Bu il Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasının iyirminci ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamına əsasən respublikamızın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü dövlət səviyyəsində ediləcək. Sərəncamda deyilir: "2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir".

Bəli, ötən 20 ildə Azərbaycan müstəqil dövlət kimi çox təhlükələrlə üzləşdi. Hətta ilk vaxtlar azadlığını itirmək təhlükəsi qarşısında qaldı. Lakin yuxarıda qeyd etdiyimiz kimi, xalqın istək və arzusu ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin məhvinin qarşısını aldı. 1993-cü ilin yayından başlanan uğurlu siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarında öz yerini təmin etdi. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu.

Sərəncamda müstəqilliyimizlə bağlı fikirlər də hər birimizdə dərin qürur və fərəh hissi doğurur. "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir".

Sərəncamda ötən 20 il ərzində ölkəmizdə gedən quruculuq proseslərinə də hərtərəfli nəzər salınıb. Azərbaycan dövlətinin qazandığı bütün uğurlar isə qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanması sayəsində mümkün olub. Heydər Əliyev siyasətini layiqincə davam etdirilməsi Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.- 23 yanvar.- S. 4.