Milli iqtisadi inkişaf modelinin nəzəri-metodoloji tədqiqi

 

İqtisadi tərəqqidən iqtisadi modernləşməyə doğru

 

İntibah yolunda olan hər bir xalq çağdaş dünya reallıqlarına nəzərən gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə, konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bu həqiqət işığında bir daha aydın görünür ki, respublikamız cəmi 20 illik müstəqillik tarixi ərzində çox ağır sınaqlardan, çətinliklərdən üzüağ çıxmış, bir çox inkişaf etmiş dövlətlərin onilliklər boyu qət etdiyi inkişaf mərhələlərini geridə qoymuşdur. 90-cı illərin əvvəllərində xaos, anarxiya, iqtisadi tənəzzül dövrünü yaşayan Azərbaycan bu gün Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qlobal enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilən, bütün sahələrdə sürətlə modernləşən dövləti kimi tanınır.

 

Azərbaycanın müstəqillik tarixinin ən mühüm uğuru isə respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsidir. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamında, da qeyd olunduğu kimi, dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğu nəzərə alınaraq, Azərbaycanın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliği son dərəcə vacibdir. Sərəncamda eyni zamanda? keçid dövrünü başa vuran respublikamızın bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən ölkə olduğu vurğulanır: "Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır".

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf və tərəqqi kursu bu gün bütövlükdə müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir, ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızla hesablaşırlar. Bütün bunlar həm də onu göstərir ki, 2003-cü ilin oktyabrında xalqın yüksək etimadını qazanaraq prezident səlahiyyətlərinin icrasına başlamış cənab İlham Əliyev ötən dövrdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu islahatlar tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi məqsədləri özündə ehtiva etmişdir.

 

Davamlı inkişaf strategiyasının mükəmməl elmi-fəlsəfi tədqiqi

 

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası iqtisadi sahədə keçid dövrünü başa vurmuş Azərbaycanın keyfiyyətcə yeni mərhələdə də inamla inkişaf etdiyini, ictimai həyatın bütün sahələrində intibah prosesinin başlandığını göstərir. Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Prezidenti İlham Əliyev yeni dövr üçün milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, çevik mexanizmlər üzərində proqressiv islahatları təmin etmişdir. Qlobal böhranın mənfi təsirlərinin bir çox ölkələrdə hələ də qabarıq duyulduğu 2010-cu ildə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da dolğun əksini tapmışdır.

Azərbaycanın 2010-cu ildə mühüm nailiyyətlərə imza atması - ümumi daxili məhsulun 5 faiz, qeyri-neft sektorunun 7,6 faiz, o cümlədən qeyri-neft sənayesinin 6,6 faiz, rabitə sektorunun 29,7 faiz artması ölkədə həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü və konkret hədəflərə hesablandığını nümayiş etdirir. Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı salınmışdır, devalvasiyaya uğramışdır. Bizdə isə manat sabit olaraq qalır və beləliklə, biz həm əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişik, həm də manatın sabit qalması ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir. Makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir".

Ümumilikdə, insan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi diqqətə çəkən, dövlətin innovativ inkişafında müasir biliklərin, nanotexnologiyaların roluna mühüm yer ayıran bu səmərəli iqtisadi siyasətin elmi cəhətdən təhlili və əsaslandırılması mövcud uğurların davamlılığının təmini baxımından son dərəcə vacibdir. Məsələni aktuallaşdıran həm də odur ki, Azərbaycan iqtisadi sahədə keçid dövrü kimi xarakterizə edilən son dərəcə ağır və üzücü prosesi yenicə başa vuraraq sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Keçid dövrünün reallıqlarının elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması üçün, ilk növbədə, respublikanın son 15 ildə inamla gerçəkləşdirdiyi iqtisadi islahatları elmi təhlil prizmasından dəyərləndirmək, əldə olunan nəzəri-təcrübi, fəlsəfi qənaətləri ümumiləşdirmək lazımdır. Azərbaycanın milli inkişaf modelinin konkret elmi prinsiplər əsasında - nəzəri-metodoloji aspektdə tədqiqi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və bu kontekstdə respublikanın iqtisadçı alimlərinin də qarşısında müəyyən vəzifələr dayanır.

İctimai-siyasi həyatın fundamental sahələri üzrə sanballı nəzəri-fəlsəfi tədqiqatların müəllifi kimi tanınan, respublikanın keçdiyi inkişaf mərhələlərini dərin elmi mühakimələrlə əsaslandırıb dolğun mənzərəsini yaradan Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya və ön sözünün müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" əsərinin cəmiyyətdə böyük maraqla qarşılanması və müzakirələrə səbəb olması, tamamilə təbiidir: dərin elmi səviyyəsi, fakt zənginliyi, müasirliyi, mövcud problemlərə, çatışmazlıqlara obyektiv münasibəti, ən başlıcası, islahatlar kursunun milli modelinin nəzəri-metodoloji əsaslandırılması kimi mütərəqqi cəhətləri ilə maraq doğuran əsərdə Azərbaycanın yaxın tarixi keçmişinə, bügününə və gələcəyinə nəzər salınmışdır.

Tarixən formalaşmış fəlsəfi-politoloji nəzəriyyələr də təsdiq edir ki, praktikada qazanılmış uğurlu nəticələri inkişafın sabit səciyyə daşımasından asılıdır. Konkret elmi postulatlara, nəzəri konstruksiyalara əsaslanmayan inkişafın uzunmüddətli və səmərəli olması qeyri-mümkündür. Bu reallıq fonunda tam əminliklə demək olar ki, "İnkişafın Azərbaycan modeli" əsəri respublikamızın müasir inkişaf strategiyasının, habelə milli inkişaf modelinin tədqiqi istiqamətində ilk uğurlu təşəbbüslərdəndir. Əsərlə tanışlıq ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəmizdə elmi əsaslarla həyata keçirilən iqtisadi islahatların mahiyyətini dərindən dərk etməyə imkan verir.

"Azərbaycan" qəzetinin gərgin araşdırması və böyük zəhmət hesabına ərsəyə gəlmiş əsərdə diqqəti çəkən maraqlı cəhətlərdən biri də ölkə həyatındakı inkişaf meyillərinin yeni metodologiya və yanaşmaya əsaslanmasıdır. Məhz bu baxımdan "İnkişafın Azərbaycan modeli" əsəri həm də ictimai elm sahələrində çalışan alimləri, tədqiqatçıları, ilk növbədə iqtisadi nəzəriyyəçiləri milli inkişaf modelinin tədqiqi istiqamətində sanballı tədqiqatlar aparmağa sövq edir. Əsərin ön sözündə akademik Ramiz Mehdiyev, eyni zamanda, kütləvi informasiya vasitələrini də bu sahədə fəallıq göstərməyə çağırır: "Keçid dövrü kimi xarakterizə edilən tarixi mərhələdə keçilən mürəkkəb, çətin və şərəfli yola elmi-politoloji və fəlsəfi rakursdan nəzər salmaq, respublikanın milli inkişaf modelinin xüsusiyyətlərini cəmiyyətə açıqlamaq prosesində bu gün təkcə iqtisadçı və filosoflar, ümumilikdə, elm xadimləri və siyasətşünaslar deyil, ictimai rəyə əsaslı təsir imkanları olan kütləvi informasiya vasitələri də yaxından iştirak etməlidirlər. Bu həm də ən yeni Azərbaycan tarixinin olduğu kimi qələmə alınması, hazırkı inkişafı təmin edən islahatlar prosesinin mahiyyətinin açıqlanması baxımından zəruridir".

 

İqtisadi nəzəriyyənin aktual problematikası

 

Azərbaycanda son 15 ildə formalaşmış iqtisadi sistemin dünya iqtisadi modellərinə nəzərən tədqiqi, onun oxşar və fərqli xüsusiyyətlərinin üzə çıxarılması ümumən iqtisad elminin, habelə iqtisadi nəzəriyyənin ən ümdə, aktual problemlərindən birinə çevrilmişdir. Ənənələrimizə və iqtisadi imkanlarımıza uyğun, dövlətimizin daxili potensialını və onun beynəlxalq, geostrateji mövqeyini adekvat əks etdirən milli modelinin seçilməsi zərurəti obyektiv olaraq aşağıdakı şərtlərlə müəyyənləşir.

Bazar iqtisadiyyatının milli modellərinin və onlardan birinin Azərbaycanın spesifik şəraitinə müvafiqliyinin təhlilinə keçməzdən əvvəl bəzi ümumi metodoloji məsələlərə ötəri nəzər salaq. Birincisi, tədqiqatçıların müəyyən qismi hesab edir ki, ayrılıqda götürülmüş ölkə kompleks nəzərdən keçirilməlidir. Yalnız bu, böyük səmərə verə bilər, ümumi sxemlər isə bu zaman lazım deyildir. İkinci qism tədqiqatçılar isə hesab edirlər ki, bazar iqtisadiyyatının mövcud modellərindən danışmaq lazım deyildir, çünki Azərbaycanın özünəməxsusluğu onun milli iqtisadi modelinin formalaşmasını, bu modelin dünya miqyasında tanınmasını şərtləndirir.

Birinci fikrin tərəfdarları ilə müəyyən qədər razılaşmaq olar ki, hər bir ölkənin iqtisadiyyatının özünəməxsusluğu tarixi ənənələr, siyasi əlaqələr, habelə ölkə əhalisinin psixologiyası, mədəni-humanitar ənənələri və sairə əsasında müəyyənləşir. Lakin onlar, eyni zamanda, iqtisad elmində ümumi sxemlərin ümumiyyətlə, gərək olmadığını vurğulayırlar. Mövqelərini əsaslandırmaq üçünsə aşağıda qeyd olunan iki əsas arqumentə istinad edirlər:

a) hər bir ölkənin spesifik inkişaf yolu olduğu üçün onun iqtisadiyyatını tarixi xüsusiyyətlər, mədəniyyətin özəlliyi və sairlə əlaqədə öyrənmək lazımdır;

b) əvvəllər ümumi sxemləri öyrənərək onlardan çıxış edilsə də, fərqli nəticələr əldə olunmamışdır.

Bu məqamda təbii olaraq belə bir sual meydana çıxır: əgər bir sıra ölkələrin iqtisadiyyatının bu və ya digər vəziyyəti tədqiq olunmamalıdırsa, onda iqtisadi nəzəriyyə nəyi öyrənməlidir? Bu yerdə iqtisadi nəzəriyyənin predmetinin özü təhrif olunur. Elmin predmeti itir, müəlliflər isə bunu görmədən ayrılıqda götürülmüş ölkənin iqtisadiyyatının öyrənilməsi vacibliyindən danışırlar. İqtisad elminin bütün cərəyanları - liberalizm, neoliberalizm, keynsçilik, sosial-demokrat, marksizm və digər iqtisadi nəzəriyyələri müəyyən mərhələdə iqtisadi münasibətlərə və ya şəraitlərə müxtəlif ölkələrin iqtisadiyyatları üçün səciyyəvi olan hansısa nəzəri müddəaların və qanunauyğunluqların müvafiq olması fikrindən çıxış edirlər. Bu, hansı ideoloji məqamları daşımasından asılı olmayaraq, istənilən nəzəri doktrinada ümumi qəbul olunmuşdur. Bunsuz iqtisadi nəzəriyyə mümkün deyildir - istər klassik, istərsə də neoklassik nəzəriyyə olsun.

İqtisad elmində ümumi məqamları, ümumi qanunauyğunluqları inkar edən müəlliflərin səhvə yol verdikləri aşkardır. Ümumi sxemlərin, yəni, iqtisad elmində ümumi məqamların, ümumi qanunauyğunluqların, onların dərindən təhlilinin və konkret iqtisadi təhlildə mühüm rolunun inkar edilməsi düzgün deyildir. Əlbəttə, bu ümumi məqamlarla, ümumi qanunauyğunluqlarla məhdudlaşmayıb, tarixi kökləri, ölkədəki konkret iqtisadi vəziyyəti, mədəni ənənələri və sairəni təhlil etmək də lazımdır. Təhlil nə qədər dolğun və hərtərəfli aparılsa, tədqiqat üçün bir o qədər yaxşıdır. Və son nəticədə iqtisadiyyat özünəməxsus, xüsusi olmaqla yanaşı, həm də oxşar iqtisadi şəraitdə olan başqa ölkələrlə ümumi ciddi əlamətlərə malik iqtisadiyyat kimi görünəcəkdir.

Əgər ümumi sxemlərin tətbiqi mümkün deyilsə, onda bazar modellərinin əvvəlki təhlili mənasını itirir. Çünki həmin modellər "ümumi sxemlər"dir. Əgər ümumi sxemlərin tətbiqinin qəbuledilməzliyi haqqındakı müddəa doğru deyilsə, onda tamamilə aydındır ki, dövlət tənzimləməsi və bazarın hansısa ümumi, tipik nisbətləri müxtəlif ölkələrdə var və bazar iqtisadiyyatının bu və ya digər modeli Azərbaycan üçün ilkin model qismində götürülə bilər. Amma modelin seçilməsində nəinki yalnız iqtisadi münasibətlərin, həm də tarixi köklərin, mədəni ənənələrin, psixoloji özəlliklərin və digər amillərin həqiqətən də, ciddi təhlili tələb olunur.

 

Milli iqtisadi sistem və milli iqtisadi model

 

Elmi ədəbiyyatda milli qurumların müxtəlif anlayışlarından istifadə olunur. Aşağıdakı dörd anlayışı bir-biri ilə əlaqələndirərək, onlar arasındakı fərqləri göstərmək mümkündür:

1. Milli iqtisadiyyat - ölkənin, dövlət qurumunun iqtisadiyyatı, həmçinin bir sıra xarakteristikaları özündə ehtiva edən ümumi anlayışdır;

2. Milli iqtisadi sistem - milli iqtisadiyyatın tam sistemli olmasını, habelə onun nəzəri simasını (elmi kateqoriyalar sistemini) ifadə edir;

3. Milli iqtisadi quruluş - milli iqtisadiyyatın sosial-iqtisadi təbiətinin (mahiyyətinin) əksi olub, hər şeydən öncə, ölkədə müvafiq olan koordinasiya və mənimsəmə üsullarında açılır.

4. Milli iqtisadi model - müəyyən (standart) iqtisadi sistemin özünəməxsusluğunun, universal sosial-iqtisadi qanun və meyillərin realizasiyasının milli özəlliklərinin əksidir. Ən ümumi şəkildə milli iqtisadi model dedikdə, ölkəyə xas iqtisadi və qeyri-iqtisadi, daxili və xarici amillərlə bir yerdə götürülmüş iqtisadi münasibətlər sistemini başa düşmək lazımdır. Həmin sistem ölkə iqtisadiyyatında bütün bu amillərin təsirini əks etdirir, onun dayanıqlı fəaliyyətini və inkişafını, qarşısında duran uzunmüddətli məqsədlərin həyata keçməsini təmin edir.

Milli iqtisadiyyat, ilk növbədə, konkret tarixi anlayışdır. O, bir qayda olaraq, müəyyən ölkənin istənilən vaxt çərçivəsində məhsuldar qüvvələrinin, xalq təsərrüfatı quruluşunun, iqtisadi münasibətlərinin və təsərrüfat formalarının, dünya və regional iqtisadiyyatla fərqlərinin, müqayisələrinin əlaqəli öyrənilməsi zamanı istifadə olunur.

Milli iqtisadiyyat məntiqi metodoloji baxımdan məlum fəlsəfi üçlük vasitəsilə müəyyənləşir: 1) ümumi, 2) xüsusi, 3) tək, ayrıca. Nəzəri məzmun səviyyəsində vəhdət: a) iqtisadiyyatın qanunauyğunluqları və prinsiplərinin bütün ölkələr üçün ümumiliyi, b) ölkə qruplarına xas növ xüsusiyyətləri, v) həmin ölkənin milli spesifikliyi.

Ümumi dedikdə - universal iqtisadi münasibətlər və qanunlar başa düşülür. Sözün geniş mənasında bunlar, tələbatların yüksəlməsi, istehsalın və istehlakın vəhdəti, istehsal prosesində istehsal amillərinin birləşməsi və başqa ümumi iqtisadi qanunlardır. Bu halda xüsusi dedikdə, spesifik tarixi formalar - bazar iqtisadiyyatı sistemi, yaxud digər iqtisadi sistemlərin, məsələn, ənənəvi iqtisadiyyat, planlı iqtisadiyyat və post-sənaye iqtisadiyyatının qanunauyğunluqları və münasibətləri nəzərdə tutulur. Tək, ayrıca dedikdə isə bu münasibət və qanunların milli özəlliklər formasında götürülməsi nəzərdə tutulur.

Milli iqtisadiyyat mürəkkəb siyasi-iqtisadi hadisə kimi xüsusi milli-iqtisadi münasibətlərin və dövlətin ərazisindəki spesifik iqtisadi və qeyri-iqtisadi amilləri (təbii-iqlim, coğrafi, tarixi, sosial, mədəniyyət və sair) əks etdirən, milli iqtisadi inkişaf məqsədlərini həyata keçirən təsisatların məcmusu olan milli iqtisadi sistemdir. Milli iqtisadi sistem ölkədə mövcud olan iqtisadi ukladların müxtəlif tipləri, iqtisadiyyatın, idarəetmənin təşkilinin konkret formaları, spesifik institusional normalar və sair daxil olur. Bundan fərqli olaraq, milli model cəmiyyətin bu və ya digər inkişaf mərhələsinə uyğun iqtisadi sistemin hakim tipini təzahür etdirən milli iqtisadiyyat kimi səciyyələndirir.

İqtisadiyyatın milli modelinin formalaşdırılması, ilk növbədə, cəmiyyətin iqtisadi münasibətlərinin hakim tipini müəyyənləşdirməyi nəzərdə tutur. İkincisi, həmin modelin bazasında cəmiyyət və onun təsisatları arasındakı münasibətlərin bütün məcmusundan ibarət konkret milli iqtisadi sistemin yaradılmasıdır. Başqa sözlə desək, milli iqtisadi sistemin əsasını iqtisadiyyatın milli modeli təşkil edir. İqtisadiyyatın milli modeli standart iqtisadi sistemin milli spesifikliyidir.

 

Müasir iqtisadi inkişaf modelləri və onların fərqləndirici meyarları

 

Model anlayışının özünün də bir neçə izahı var. Onlardan yalnız üçü milli iqtisadiyyatın reallıqlarına tətbiq edilə bilər. Birinci izahda model hər hansı hadisənin, yaxud ictimai prosesin sxematik təsviridir. İkinci mənada model - təkrar istehsal üçün etalon olan nümunədir. Üçüncü şərhdə milli model - milli təsərrüfatın bütövlüyünü formalaşdıran elementlərin məcmusudur və bu elementlərin təkrar olunmasıdır.

İqtisadiyyatın milli modelinin mühüm cəhəti onun xüsusiyyətlərinin, başqa sözlə desək, özünəməxsusluğunun səciyyələndirilməsidir. Bu, dünya iqtisadiyyatında mövcud olan milli modellərin xüsusiyyətləri nəzərə alınmaqla, onların müqayisəli təhlilini aparmağa imkan verir. Müqayisəli tədqiqatlar bir və ya bir neçə meyar üzrə aparıla bilər. İqtisadiyyatın milli modelinin məzmununun qiymətləndirilməsi və milli iqtisadi sistemlərin müqayisə edilməsi meyarları müxtəlifdir. Milli modellərin fərqləndirilməsinin əsas meyarları kimi iqtisadi fəaliyyətin koordinasiya edilməsi üsulu və mənimsəmənin sosial-iqtisadi üsulu çıxış edir. Müasir bazar iqtisadiyyatının milli modelləri - bazar mexanizmi və dövlət tənzimləməsinin, xüsusi sahibkarlıq ("kapital") və sosial təminatların ("sosiallıq") sintezinin milli əmsalları ilə fərqlənən modellərdir. Əlavə meyarlar qismində müxtəlif mülkiyyət formalarının strukturu və nisbətindən; sosial siyasətin əhalinin böyük və kiçik təbəqələrini əhatə etmək dərəcəsindən; büdcə və maliyyə-kredit sistemi vasitəsilə yenidən bölgü dərəcəsindən; dövlətin iqtisadiyyata təsirinin hədləri və metodlarından istifadə etmək olar.

Əsas meyarlardan çıxış etsək, müasir bazar (qarışıq) iqtisadiyyatının bir sıra ən səciyyəvi modellərini fərqləndirmək olar:

- liberal (Amerika) modeli;

- sosial yönümlü bazar təsərüffatı modeli (alman);

- sosial və ya sosial-demokratik model (İsveç və ya Skandinaviya);

- tənzimlənən kapitalizm (başqa səpkidən - korporativ kapitalizm) modeli. (Bunu əsas etibarilə yapon iqtisadiyyatı ilə əlaqələndirirlər).

Hazırda sənaye sahəsində proqressiv inkişaf edən Asiya ölkələrində - Cənubi Koreya, Sinqapur, Malayziya, habelə Latın Amerikası dövlətlərində də milli inkişaf modellərinin mövcudluğu elmi cəhətdən göstərilir və tədqiq olunur.

Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri var, bu da onun iqtisadiyyatının başqa ölkələrin iqtisadiyyatlarından fərqlənməsini şərtləndirir. Lakin bu yolla getsək, biz ölkələrin sayına bərabər bazar təsərrüfatı modelləri əldə etmiş olarıq. Əgər bazar iqtisadiyyatı tipi və ya modeli üçün müəyyən parametrlər səciyyəvidirsə, (mülkiyyət formasının strukturu, dövlət tənzimləməsinin rolu, spesifik tənzimləmə mexanizmləri, büdcə və maliyyə-kredit sistemi vasitəsilə təkrar bölgü dərəcəsi, sosial siyasətlə əhalinin çox və ya az qisminin əhatələnməsi - Ə.B.), onda bazar iqtisadiyyatı tipləri və ya modelləri haqqında söhbət həmin parametrlər, onların funksional asılılığı hüdudlarında (hansısa parametrin - məsələn, dövlət mülkiyyətinin və ya onun cüzi bir qisminin çatışmaması, həmin parametrin az və ya çox inkişaf etməsi) getməlidir.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən təsərrüfat modelinin və ya növünün hər biri iqtisadi fikrin müəyyən cərəyanlarının: liberalizm, neoliberalizm, sosial demokratiyanın və neokeynsçi nəzəri konsepsiyaları ifadə edir. İqtisadi inkişaf modelinin seçilməsi ilə əlaqədar iki müxtəlif yanaşmanı dəqiq fərqləndirmək lazımdır: birincisi - yaranmış və oturuşmuş bazar təsərrüfatı modelləri; ikincisi - bazar təsərrüfatına keçid, ona doğru hərəkət modellərinin fərqləndirilməsi. Asiya-sənaye modelindən və Latın Amerikası modelindən danışılanda, söhbət ikincidən - bazar iqtisadiyyatına keçid üsulundan gedir. Oturuşmuş bazar iqtisadiyyatı modelinin necə olacağı məlum deyil, hələ ki bazar iqtisadiyyatına doğru hərəkət üsulunun təhlili aparılır. Buna görə də Asiya-sənaye və Latın Amerikası modeli nəzərdən keçirilən bazar iqtisadiyyatları ilə yanaşı tutula bilməz.

 

Azərbaycanın milli inkişaf modelinin xüsusiyyətləri

 

Bazar iqtisadiyyatının inkişafının çoxəsrlik tarixi təkcə ümumi qanunauyğunluqları aşkarlamağa və ümumi nəzəri bazar modelini formalaşdırmağa imkan verməmiş, həm də fərqli ölkələrdə bazar prinsiplərinin istifadə edilməsinin özəlliklərini açmağa imkan yaratmışdır. Əgər iqtisadi uğur yalnız xalq təsərrüfatının bazar qanunları üzrə inkişafından asılı olsaydı, onda bu gün bütün bəşəriyyət sosial və iqtisadi çiçəklənmə dövründə olardı.

Sual olunur: müxtəlif ölkələrin iqtisadiyyatının bazar zəmininin nəticələrindəki hədsiz böyük fərqlərinə səbəbi nədir? Bu sualın çoxsaylı cavablarından ən azı, ikisini fərqləndirmək olar. Birincisi, ölkələrin tarixi inkişafı və hazırkı vəziyyəti göstərir ki, bütün ölkələrin və ayrılıqda onların hər birinin şəraitlərinə uyğun olan vahid standart bazar modeli yoxdur. İkincisi, bazar inkişaf yolunun həyata keçirilməsinin qeyri-bazar amillərinin hər ölkədə öz xüsusiyyətləri var və onlar bilavasitə bazar proseslərinə, iqtisadi proseslərə fərqli təsir edirlər. Qabaqcıl ölkələrin vətəndaşları (ABŞ, Yaponiya və Almaniya) da yaxşı bilirlər ki, onların ölkələri bir-birindən təkcə dövlət dilinə görə deyil, həm də iqtisadiyyatın bazar quruluşu ilə fərqlənirlər.

Bu baxımdan Azərbaycanın bazar inkişaf yolunun özəlliklərinə məhəl qoymamaq, ona zorla hansısa "Qərb" və ya "Şərq" modelini calamaq praktiki nöqteyi-nəzərdən müasir tarixin özünün dərslərindən nəticə çıxarmamaq, nəzəri baxımdan isə cəmiyyətin canlı orqanizminə mücərrəd konstruksiyaların tətbiqi kimi qiymətləndirilə bilər. İstənilən başqa ölkə kimi, Azərbaycan da bazar mexanizmlərindən öz iqtisadiyyatının inkişafı üçün dərindən ölçülüb-biçilmiş, özəl xüsusiyyətlərin riyazi dəqiqliklə nəzərə alınması şərtilə istifadə edir. Bu şəraitdə bazar inkişafının Azərbaycan modeli haqqında məsələnin qaldırılmasına qeyri-adi məsələ kimi deyil, müasir iqtisad elmi və ona yaxın elmlərin axarında - fənlərarası tədqiqatlar çərçivəsində araşdırılan elmi-praktiki problem kimi qavranılmalıdır.

İyirmi illik keçid prosesinin iqtisadi nəticələri üzərində dayanaraq əminliklə demək olar ki, hazırda Azərbaycanda bazar iqtisadiyyatının bütün zahiri əlamətləri mövcuddur. Ölkə dövlət mülkiyyətinin inhisarı ilə vidalaşmışdır və hazırda iqtisadi vahidlərin, təsərrüfatçılıqla məşğul olan subyektlərin mütləq çoxluğu iqtisadiyyatın qeyri-dövlət sektorunu əmələ gətirir. Və bu da təsərrüfatın bütün sahələri və istiqamətlərində hakim mövqeyə malikdir. Səhmdar cəmiyyətləri milli inkişafda böyük rol oynayır və onlar ən iriləri iqtisadiyyatın fəal hissəsini təşkil edirlər. Dövlət də praktik olaraq bütün aparıcı səhmdar şirkətlərində öz səhm kapitalı payını saxlamışdır.

Ölkədə iqtisadiyyatın bazar infrastrukturu da tam təşəkkül tapmışdır. Ənənəvi əmtəə bazarına kapital bazarı, əmək bazarı, xidmətlər bazarı, informasiya bazarı əlavə olunmuşdur. Xüsusi banklar sistemi bazar dəyişikliklərinin maliyyə tərkib hissəsinin "karkas"ını əmələ gətirmişdir. Adekvat "oyun qaydaları"nı müəyyənləşdirmək, iqtisadiyyatın rəqabət mexanizmini dəstəkləmək üçün dövlət təsərrüfatçılıq qanunvericiliyini formalaşdırır. Fond bazarını və təbii inhisarların tariflərini tənzimləyən, antiinhisar və fiskal siyasəti təmin edən, gömrük və başqa funksiyaları yerinə yetirən dövlət institutları yaranmışdır. Mülkiyyət formalarının və sahibkarlıq formalarının rəngarəngliyi bazar dəyişikliklərinin lap erkən mərhələsindən Azərbaycan iqtisadiyyatının qarışıq səciyyəli olmasına təsirini göstərmişdir. Daxili rəqabətə xarici ticarət və manatın daxili konvertəliliyi güclü təsir edir. Buna səbəb əhalinin yalnız istehlak bazarında deyil, həm də şəxsi yığım etməkdə - şəxsi yığımları dollarda, avroda və ya manatda etməkdə - seçimi olmuşdur. Son nəticədə vətəndaşlar başa düşmüşlər ki, problemlərini heç kimin üstünə atmadan vəziyyətdən özləri çıxış yolu tapmalıdırlar. Bazar əhval-ruhiyyəsi yalnız iqtisadiyyata deyil, həm də cəmiyyət həyatının bütün sahələrinə nüfuz etmişdir. Bu baxımdan demək olar ki, Azərbaycan keçid dövrünü başa vurub və hazırda bütün bazar atributları mövcuddur.

"İnkişafın Azərbaycan modeli" kitabında vurğulandığı kimi, Azərbaycanda keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər isə şübhəsiz ki, bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlar institutunun formalaşmasında, mülkiyyətin çoxnövlülüyünün təmin olunmasında, özəlləşdirmə haqqında müvafiq qanunvericilik bazasının yaradılmasında, aqrar islahatların həyata keçirilməsində, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılmasında, bazar institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə dövlətin özəl sektora əsassız müdaxiləsinin aradan qaldırılmasında, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir.

Obyektiv amillərdən və eyni zamanda, milli iqtisadiyyatın müasir mütərəqqi dünya meyilləri ilə uzlaşdırılması zərurətindən çıxış edərək, Azərbaycan bazar iqtisadiyyatı modelinin ən mühüm cizgilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

- yüksək özünütəminetməyə (texnoloji, elmi-texniki, təbii-resurs, energetik, maliyyə və s.) malik, geniş milli təkrar istehsalı təmin etməyə, qloballaşmanın verdiyi imkanlardan istifadə zamanı milli maraqları həyata keçirməyə qabil olan suveren iqtisadiyyat;

- "standart" bazar iqtisadiyyatları ilə müqayisədə dövlətin tənzimləyici rolunun daha güclü olması;

- mülkiyyət formalarının - strateji mühüm sahələrdə dövlət mülkiyyətinin mühüm rolu da daxil olmaqla - çoxnövlülüyü;

- təsərrüfat formalarının, yüksək dərəcədə bir yerə cəmlənmiş istehsal strukturlarının - xüsusilə də, təbii inhisar sahələrində, mühüm əhəmiyyətliliyi də daxil olmaqla - rəngarəngliyi;

- iqtisadiyyatın yüksək dərəcədə sosial yönümlülüyü;

- iqtisadi həyatda, yaradıcılıq fəaliyyəti, mənəvi motivlər də daxil olmaqla, sosial-mənəvi aspektlərdən fəal istifadə;

- innovasiyalı, diversifikasiya olunmuş iqtisadiyyat;

- bütün təzahürlərində (texnoloji, elm-təhsil, maraqlandırma və s.) güclü postsənaye bölməli iqtisadiyyat;

- özündə dünyaya açıqlıq dərəcəsini milli iqtisadi təhlükəsizlik və milli maraqlarla - ölkə əmtəə istehsalçılarının maraqları da daxil olmaqla - uzlaşdıran açıq iqtisadiyyat.

 

Ümumilikdə, aparılan təhlillər onu göstərir ki, Azərbaycanın milli iqtisadi inkişaf modeli müasir dünya iqtisadi modellərinin müəyyən üstün cəhətlərini özündə əks etdirsə də, bir çox xüsusiyyətlərinə görə onlardan fərqlənir. Bu fərqləndirici xüsusiyyətlər sırasında isə respublikamızın son illərdə dünyanı iflic edən qlobal maliyyə-iqtisadi böhranı şəraitində sürətlə inkişaf etməsini xüsusi vurğulamaq olar. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası bu reallığı bir daha təsdiqləmişdir. Məhz buna görə də dünyanın aparıcı iqtisadi-maliyyə qurumları və dövlətlərində "İnkişafın Azərbaycan modeli" ilə bağlı müzakirələrə kifayət qədər həssaslıqla və həm də maraqla yanaşılır. Bu reallıq da etiraf edilir ki, ən yaxın perspektivdə respublikamız modernləşmə mərhələsini tam başa vuraraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına yüksələcəkdir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1"

kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor,

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər

Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.- 2011.- 23 yanvar.- S. 5.