Azərbaycan cinayətkarlıqla
mübarizədə MDB və Şərqi Avropa məkanında
tutduğu öncül mövqeyi qoruyub saxlamışdır
Yanvarın 22-də Daxili İşlər Nazirliyində (DİN) 2010-cu il üzrə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, nəticələrini müzakirə etdiyimiz 2010-cu il Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik proseslərin sürətlənməsi, bütün sahələrdə müsbət nəticələrin əldə edilməsi, xalqın rifah halının yüksəlməsi ilə əlamətdar olmuşdur. Ölkədə ümumi daxili məhsul 9,3 faiz, iqtisadiyyat 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır. Dövlətin valyuta ehtiyatları 31 faiz çoxalaraq 29 milyard ABŞ dollarına çatmışdır. Sosial və infrastruktur layihələr uğurla icra edilmişdir. Bütün bunlar dövlətimizin başçısının bəyan etdiyi proqram və planların əsl reallığa söykənməsinin, milli maraqlara tam cavab verməsinin və ardıcıllıqla həyata keçirilməsinin əyani təsdiqidir.
Yola saldığımız il, həm də davamlı şəkildə gedən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan amillərdən olan ictimai asayişin, sabitliyin, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə səciyyəvidir. Ölkənin qanunlarından, Azərbaycan Prezidentinin Fərman və sərəncamlarından, aidiyyəti Dövlət proqramlarından irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilmişdir.
Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə hesabat dövründə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamışdır. Bütün subyektlər üzrə 23.010 cinayət qeydə alınmışdır ki, onların da 94 faizi, yəni 21.651-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuşdur. Təsnifatına görə həmin cinayətlərin 88,8 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,2 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Cinayətlərin ümumi sayı 1,2 faiz, onların strukturunda adam oğurluqları 2,1 dəfə, zorlamalar 2,2 dəfə, soyğunçuluqlar 16,9 faiz, hədə-qorxu ilə tələb etmələr 7,7 faiz, quldurluqlar 6,5 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 3,5 faiz azalmışdır. Həyata keçirilən kompleks profilaktik tədbirlər nəticəsində cinayətlərin ayrı-ayrı subyektlərinin kriminal aktivliyinin azalması da müşahidə edilmişdir. Belə ki, əvvəllər məhkum olmuş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 2,9 faiz, yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri 2,4 faiz, habelə məişət zorakılığı ilə bağlı cinayətlər 9 faiz azalmışdır.
Bütün qeydiyyat subyektləri üzrə cinayətlərin 86,4 faizi (19115), Daxili İşlər Nazirliyi və prokurorluq orqanlarında qeydə alınan cinayətlərin isə 86,6 faizi (18345) açılmışdır. Qəsdən adam öldürmələrin açılması 5,4 faiz, adam oğurluqlarının açılması 6 faiz yaxşılaşmış, hədə-qorxu ilə tələb etmə və banditizm cinayətləri tam açılmışdır. İnsanların hüquqlarının və qanuni mənafelərinin təmini işinin mühüm amillərindən biri də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329, o cümlədən 67 ağır və xüsusilə ağır cinayətin açılması olmuşdur. Bununla bərabər, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində və "102" xidməti vasitəsilə 314 cinayət "isti izlərlə" açılmışdır.
Cinayətlərin qarşısının alınmasında, açılmasında hüquqazidd əməllərlə bağlı operativ tədbirlərin görülməsində və hər bir vətəndaşın təhlükəsizliyinin təmin edilməsində yeni informasiya texnologiyalarının mühüm və danılmaz rolunu xüsusi vurğulayan nazir son illər bu məsələ ilə bağlı Milli Strategiya çərçivəsində həyata keçirilən tədbirlərin ölkə həyatının bütün sahələrini əhatə etməklə cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini qeyd etmişdir.
Bu məsələ ilə əlaqədar bildirilmişdir ki, 2010-cu ildə "102" xidmətinə daxil olmuş məlumatlar əsasında 1679 cinayət işi başlanmış, məişət zəminli 2 minə yaxın hüquqazidd əməlin qarşısı alınmışdır. "Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları sayəsində 20 cinayətin üstü açılmış, 2055 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə bağlı 49 hadisə, habelə yol hərəkətinə nəzarət prosesində 41 minə yaxın inzibati xəta müəyyən edilmişdir. Yaradılmış avtomatlaşdırılmış laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 28,3 faizi üzrə sübut bazası toplanılmışdır.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində görülən işlərlə müxtəlif cinayətlərə görə 14 232 nəfər məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Yerli və dövlətlərarası axtarışda olan 2296, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 127 təqsirləndirilən şəxs tutulmuş, "Məlumat Portalı" vasitəsilə 540 nəfər müəyyən edilmişdir. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyənləşdirilmiş, axtarış işinin göstəricisi 66,3 faiz təşkil etmişdir.
Mütəşəkkil cinayətkarlığa, onun transmilli növlərinə qarşı aparılan mübarizə də sistemli xarakter daşımışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 647 ağır və xüsusilə ağır cinayət törətmiş 656 nəfəri birləşdirən 211 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 873 odlu silah və 60 mindən çox patron götürülmüş, qanunsuz odlu silah saxlama və daşıma cinayətlərinə görə 108 nəfər məsuliyyətə cəlb olunmuşdur. Fəaliyyətin mühüm istiqamətlərindən olan dövlətin iqtisadi təhlükəsizliyinin qorunması üzrə davamlı şəkildə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 32 saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Müvafiq hüquqazidd əməllərlə bağlı cinayət məsuliyyətinə 30 nəfər cəlb olunmuşdur. Qeyri-leqal dövriyyədən ümumi məbləği 364 min manat təşkil edən 4637 ədəd saxta əsginaz götürülmüşdür.
Narkotrafikə və insan alverinə qarşı mübarizə, həmçinin qeyri-leqal miqrasiyanın qarşısının alınması üzrə görülən tədbirlərə də toxunan nazir qanunsuz dövriyyədən 660 kiloqram narkotik vasitənin çıxarıldığını, 94,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısının alındığını, ümumi çəkisi 331 ton olan narkotik tərkibli bitkinin aşkarlanaraq yaşıl kütlə halında məhv edildiyini nəzərə çatdırmışdır. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 70 müvafiq cinayətin aşkarlanaraq 39 nəfərin məsuliyyətə cəlb olunması, 24 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirilməsi və bu cinayətlərin qurbanı olmuş 34 şəxsin müəyyənləşdirilməsi qeyd edilmişdir. Dövlətimizin başçısının 2010-cu ili "Ekologiya ili" elan etməsi baxımından bu sahədə davamlı şəkildə keçirilmiş tədbirlərlə 153 ekoloji cinayətin aşkarlanaraq 175 nəfərin məsuliyyətə cəlb edildiyi, ekoloji təhlükəsizlik qaydalarını pozmuş 804 nəfər haqda inzibati tənbeh tədbirləri görüldüyü də bildirilmişdir.
Qeyd edilmişdir ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində texniki sistemlərin, foto və video vasitələrin tətbiqi, habelə hərəkət iştirakçılarının inzibati məsuliyyətinin sərtləşdirilməsi - hadisələrin qarşısının alınmasına öz müsbət təsirini göstərmişdir. 2010-cu ildə respublika üzrə 61 minədək avtomobilin artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 2,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,7 faiz, ölənlərin sayı 0,5 faiz azalmışdır. Bu müsbət təmayül yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş verən hadisələrdə də nəzərə çarpmışdır. Nəticədə sürət həddinin aşılmasından irəli gələn qəzalar 5,3 faiz, ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın yoluna çıxma ilə əlaqədar olanlar 5,6 faiz, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən törədilənlər 25,3 faiz, piyadaların vurulması ilə bağlı hadisələr 2 faiz azalmışdır. Sürücünün görünüş dairəsini məhdudlaşdıran və yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi vəziyyətində idarə olunan 6619 avtomobil, habelə 706 avtoxuliqan müəyyən edilərək müvafiq tədbirlərin görülməsi təmin olunmuşdur.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 971415 inzibati protokol tərtib olunmuşdur. Onlardan 874 minə yaxını yol hərəkəti, 33 minə qədəri yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması, 64500-ü ictimai təhlükəsizlik, ekoloji qaydalar əleyhinə olan və s. xətalar ilə əlaqədardır. Nəticədə 82 mindən çoxu yerində olmaqla 923305 nəfər cərimələnmiş, 2787 nəfər məhkəmələr tərəfindən həbs edilmiş, 18682 şəxsə xəbərdarlıq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar da ictimai asayişin keşiyində ayıq-sayıq dayanmış, qarşıya qoyulmuş bütün tapşırıqları yüksək professionallıqla yerinə yetirmişlər.
Əldə olunmuş uğurları və öz döyüş hazırlığını daim artıran hərbi qulluqçular vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməmiş, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda fəal iştirak etmişlər. Qoşunların maddi-texniki bazasının gücləndirilməsi, xidmət şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində əlavə kompleks tədbirlər müvəffəqiyyətlə davam etdirilmişdir.
Nazir hazırda cəmiyyətin daxili işlər orqanlarına tələbinin olduqca yüksək, habelə Azərbaycan Respublikasına sədaqət andı içib xidmətə başlayan hər bir əməkdaşın fəaliyyətinin xalqa xidmət funksiyalarının icrasına və polisin nüfuzunun artmasına yönəlməli olduğunu da diqqətə çatdıraraq belə vacib məsələdə başlanğıc nöqtəsi kimi vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin təşkilinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Bu baxımdan nəzərə çatdırılmışdır ki, hesabat dövründə nazirlikdə 4000-dən artıq vətəndaş qəbul edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 10 faiz çoxdur. Qaldırılan bütün məsələlərin nəzarətə götürülərək əksəriyyətinin yerində müsbət həll olunduğu, nəticələri barədə təşəbbüskarlara yazılı cavabların verildiyi, hüquqlarının izah edildiyi vurğulanmışdır.
Orqan və hissələrdə xidmət şəraitinin yaxşılaşdırılması, struktur qurumların ən yeni texnologiyalar ilə təchizatı istiqamətində tədbirlər də davamlı olmuşdur. Nazirliyin Atıcılıq Tirinin, 1 saylı poliklinikasının və Stomatoloji Mərkəzinin, Səbail, Xəzər, Göygöl, Qusar və Oğuz rayon polis orqanlarının yeni inzibati binaları istifadəyə verilmiş, 192 xidməti avtomobil və 1 ədəd helikopter alınmışdır. "102" xidmətinin ölkənin bütün ərazisini əhatə etməsi, təlim prosesinin video-konfrans texnologiyası əsasında aparılmasına imkan verən "Virtual təhsil mərkəzi"nin yaradılması üzrə işlər yekunlaşmışdır. "Təhlükəsiz şəhər" xidmətinin videonəzarət vasitələrinin tətbiqinin ikinci mərhələsində - əlavə 150 nöqtədə rəqəmsal və çoxfunksiyalı kameralar quraşdırılmış və hazırda onların sayı 1110-a çatmışdır.
Məruzədə əldə olunmuş müsbət göstəricilərlə bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqlara da toxunan nazir iclas iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə yönəltmişdir.
Bu baxımdan, cinayətlərin profilaktikası, açılması, zərərçəkmişlərin hüquqlarının bərpası sahəsində fəaliyyətin gücləndirilməsi, ictimai təhlükəsizliyin və hüquq qaydasının bundan sonra da etibarlı qorunması, analitik işin hərtərəfli, düşünülmüş və dərin təhlilə əsaslanması, qanunvericilik aktlarının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsində təşəbbüskarlığın artırılması və s. əsas vəzifələri müəyyən etmişdir.
Eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin, xidməti fəaliyyətin ictimai maraqlara uyğun, xüsusən cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurulmasının, polisin nüfuzuna xələl gətirən, qanunçuluğu pozan əməkdaşların vaxtında aşkarlanıb hər bir fakta prinsipial qiymət verilməsinin vacibliyi də kollegiya iştirakçılarının nəzərinə çatdırılmışdır.
Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərlə yanaşı yol verilmiş nöqsanlardan da danışaraq onların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyinə söz vermişlər.
Kollegiya iclasına yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının normal fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını, polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi qayğı ilə əhatə olunduğunu vurğulayaraq bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, əməkdaşlar və hərbi qulluqçular cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm funksiyaları, qarşıya qoyulmuş tapşırıqları 2011-ci ildə də əzm və fədakarlıqla yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər.
Azərbaycan.- 2011.- 23 yanvar.- S. 6.