İnsana qayğı onun iqtisadi fəallığını artırır

 

Bu, Ağcabədi rayonunun timsalında aydın görünür

 

Böyük nailiyyətlərlə yadda qalan 2010-cu il artıq tarixə çevrilmişdir. Ötən bir il ərzində sosial-iqtisadi inkişaf dinamik davam etmiş, Azərbaycan region ölkələri arasında iqtisadi tərəqqinin həcminə və sürətinə görə liderliyi inamla qoruyub saxlamışdır.

Bu yüksəlişdə Ağcabədi rayonunun da özünəməxsus payı vardır. Ölkənin böyük iqtisadi potensiala malik rayonlarından olan Ağcabədi sözün həqiqi mənasında son illər əsl intibah dövrünü yaşayır. Respublika Prezidenti İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğı və diqqətdən Ağcabədidə də reallığa hesablanmış xüsusi bacarıqla bəhrələnir, bölgənin yüksəlişinə, əhalinin həyat tərzinin hər vasitə ilə yaxşılaşmasına uğurla nail olurlar. Qazanılan uğurların mayasında insan amili dayanır. Rayonda yaradılmış sağlam mənəvi-psixoloji mühit iqtisadi inkişafa, sosial yüksəlişə təkan verir, adamları doğma diyarın hər qarışını cənnətə döndərmək uğrunda inamlı mübarizəyə ruhlandırır.

Doğma diyarımızın bir parçası olan Ağcabədi qeyri-adi bir sürətlə dəyişib gözəlləşməkdədir. Onun simasını dəyişdirən təkcə abad küçələr, rahat yollar, yaşıl xiyabanlar, yaraşıqlı parklar, müasir görkəm alan sosial obyektlər, fərdi və ictimai binalar deyil. Aparılan uğurlu siyasi-ideoloji işin sayəsində adamların dünyagörüşü, həyata baxışları da köklü şəkildə dəyişib. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu öz timsalında görüb dəyərləndirən rayon əhalisi istər təsərrüfat-quruculuq işlərində, istərsə də ölkədə gerçəkləşən siyasi kampaniyalarda xüsusi fəallıq göstərirlər.

Rayonda vətəndaşların qəbuluna, müraciətlərinə baxılmasına həssaslıqla yanaşılır. Onların təklif, ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması, narahatlıq yaradan problemlərin öyrənilməsi və həlli istiqamətlərində operativ tədbirlər görülür. Keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər əsasən yerindəcə həll olunur. 2010-cu ildə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 10 min nəfərə yaxın vətəndaş qəbul olunmuşdur. Onlardan 8161 nəfərinin müraciətinə yerlərdə keçirilən səyyar qəbullar zamanı baxılmışdır. İl ərzində rayonun 40 ərazi vahidində keçirilən səyyar qəbullarda 160-dan çox məsələ qaldırılmışdır. Qəza vəziyyətində olan elektrik dirəkləri, yaşayış məntəqələrinə qaz çəkilişinin sürəti, içməli su problemi, dren-kollektorlarda qrunt sularının səviyyəsi, əkinlərin suvarma suyu ilə təminatı vəziyyəti, yol, məktəb binalarının təmiri və tikintisi, telefon çəkilişi rayon əhalisini daha çox narahat edən məsələlərdir.

Narahatlıq doğuran məsələlərin həlli istiqamətində kifayət qədər yetərli tədbirlər görülmüşdür. Rayon yol istismarı idarəsi tərəfindən 67.4 kilometr kəndarası yol cari təmir edilmiş, Hindarx qəsəbə daxili, Boyat-Biləyən kəndarası və Boyat kənddaxili yollara asfalt örtük çəkilmişdir. Hazırda respublika Prezidenti İlham Əliyevin 21 oktyabr 2010-cu il tarixli sərəncamına uyğun olaraq uzunluğu 24,4 kilometr olan Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun yenidən qurulmasına başlanmışdır.

Keçən il qəza vəziyyətində olan 100-ə yaxın elektrik dirəyi dəyişdirilmiş, 40 nömrəlik telefon xətti çəkilmişdir. 124 kilometr su kanalı və 8,7 kilometr dren-kollektor şəbəkəsi lildən təmizlənmiş, qrunt sularının maneəsiz axıdılması təmin edilmişdir. Rayon icra hakimiyyətinin səlahiyyəti xaricində olan məsələlərin həlli isə aidiyyəti üzrə yuxarı təşkilatlar qarşısında qaldırılmışdır.

Ağcabədidə böyük önəm verilən insan amili rayonun sosial-iqtisadi inkişafına da əhəmiyyətli təsir göstərir. Yeni istehsal sahələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Ağabəyli kəndində sutkalıq istehsal gücü 120 ton olan süd məhsulları kombinatında son tamamlama işləri görülür. Bu nəhəng müəssisənin smeta dəyəri 22 milyon manatdır. Süd, qatıq, xama, kəsmik, yoğurt, ayran, pendir, yağ, qaymaq - cəmi 14 çeşiddə məhsul istehsal edəcək kombinatda 180 nəfər çalışacaq. Smeta dəyəri 10 milyon manatdan çox, sutkalıq istehsal gücü 20 tona bərabər Ağcabədi süd emalı zavodu isə artıq istismara hazırdır. Zavodda 50 nəfərin işləyəcəyi, 7 növ məhsul istehsal olunacağı gözlənilir.

Kənd təsərrüfatı rayonu olan Ağcabədidə heyvandarlığın dinamik inkişafı sahə üzrə istehsal və emal müəssisələrinin yaradılmasını zərurətə çevirmişdir. Ağcabədi kəndlisi bundan sonra şəxsi təsərrüfatında istehsal etdiyi südü hara və kimə satmaq problemi ilə üzləşməyəcək. Sutkalıq istehsal gücü üst-üstə 140 ton olan yeni emal müəssisələrinin fəaliyyətə başlaması rayonda heyvandarlığın inkişafına güclü təkan verəcəyi şəksizdir. İstehsal etdiyi məhsul üçün əlverişli, sərfəli və etibarlı bazarın olması birbaşa Ağcabədi kəndlisinin maraqlarına xidmət edir. İndi rayonda iribuynuzlu mal-qaranın sayı təqribən 85 min başa çatır. Fermer təsərrüfatlarında və şəxsi təsərrüfatlarda 41 min başa yaxın inək və camış saxlanılır. Rayonda qoyun və keçilərin sayı isə artıq 325 min başı ötmüşdür. Bu qədər mal-qaranın mövcudluğu yeni yaradılan emal müəssisələri üçün etibarlı xammal mənbəyidir.

Rayonda kənd təsərrüfatı məhsullarının intensiv artımı Ağcabədi kəndlisinə imkan verir ki, paytaxt sakinlərinin süfrəsinə də layiqli pay göndərsin. 2006-cı ildən başlayaraq Ağcabədi rayonunda istehsal olunmuş müxtəlif kənd təsərrüfatı məhsulları hər şənbə və bazar günləri Bakı şəhəri Xətai rayonu ərazisində təşkil edilmiş yarmarkaya çıxarılır. Yola saldığımız ötən il ərzində Ağcabədidən paytaxt sakinləri üçün 1000 tondan çox ət, pendir, soğan, kələm, qarpız-yemiş və digər kənd təsərrüfatı məhsulları göndərilmişdir.

Keçən ilin uğurlu yekunlarını təsdiq edən faktlar kifayət qədərdir. Ağabəyli kəndində 5000 ton tutumu olan müasir tipli taxıl anbarı inşa olunmuşdur. Rayonun təsərrüfatlarında istehsal olunan meyvə-tərəvəzin uzun müddətə saxlanılması üçün tikilən 1000 tonluq soyuducu anbarın inşası kənd əhalisində razılıq doğurur. Şəhərin M.Rəsulzadə küçəsində daxili imkanlar hesabına inşa olunan şahmat məktəbi və gənclər yaradıcılıq mərkəzinin tikintisi müvəffəqiyyətlə davam etdirilir.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq rayonda əkin sahələrinin genişləndirilməsi, əkilməsi mümkün olan örüş sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı məqsədyönlü işlər görülmüşdür. Rayonun inzibati ərazisində yerləşən qış otlağında əkinə yararlı 10378 hektar torpaq sahəsinin təyinatının dəyişdirilib əkin kateqoriyasına keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan sənədlər hazırlanaraq hökumətə təqdim edilmişdir. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə qeyd edilən qış otlaq sahəsinin təyinatı dəyişdirilərək ehtiyat torpaq fondu kateqoriyasına keçirilmişdir.

Son illər rayonda təsərrüfat, abadlıq-quruculuq işləri, sözün həqiqi mənasında, vüsət alsa da, bütün işlərin mərkəzində insan, daha konkret desək, Ağcabədi sakini, onun qayğıları dayanır. Bu mühüm məsələyə yaradıcı yanaşmanın məntiqi nəticəsi hər bir rayon sakininin fəal mövqeli vətəndaş kimi formalaşmasıdır. Bir neçə il əvvəl insanlar rayonda abadlıq, təmizlik, ağac əkini məqsədilə keçirilən iməciliklərə inzibatçılıq prinsipləri ilə çıxırdılarsa, artıq vəziyyət tamamilə dəyişib. İndi onlar ümumi evləri olan Ağcabədini hər vasitə ilə gözəlləşdirməyə çalışır, bu şərəfli məqsəd uğrunda mübarizədə ürəklərinin odunu, qollarının gücünü əsirgəmirlər.

Ürəklə, həvəslə görülən işlərin könül açan fərəhli nəticələri isə göz qabağındadır. Doğma yurda sonsuz məhəbbətin ifadəsi Ağcabədidə hər addımda hiss olunur. Geniş prospektlər, abad küçələr, zümrüd libası, al-əlvan gülləri ilə qışda da baharı xatırladan parklar, xiyabanlar, rahat yollar, küçələr boyunca sıralanan sərv ağacları, hər yanda diqqət çəkən səliqə-sahman fəal vətəndaş istəyinin yaratdıqlarıdır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.- 23 yanvar.- S. 6.