"Exo Kavkaza": Mehriban Əliyeva ən fəal və ən müasir birinci xanımdır

 

"Exo Kavkaza" saytında (httr://www.ekhokavkaza.com/content/article/2281453.html) rusiyalı jurnalist Oleq Kusovun "Qafqazın "birinci xanımları" sərlövhəli məqaləsi yerləşdirilmişdir.

Müəllif birinci xanımlar təsisatının tarixini qısaca nəzərdən keçirərək qeyd edir ki, dünya siyasətinə bu anlayış ABŞ-dan gəlmişdir.

Oleq Kusovun fikrincə, "Qafqazın müsəlman Şərqi" sayılan Azərbaycanın Prezidentinin xanımının ən fəal və ən müasir birinci xanım olması faktı Cənubi Qafqazın özünəməxsus fenomenidir. Müəllif yazır ki, çoxları məhz Mehriban Əliyevanı Cənubi Qafqazda ən böyük avropalı qadın adlandırır. Oleq Kusov bildirir ki, bu nümunənin nadirliyi özünü həm də onda göstərir ki, Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından çox-çox uzaqlarda da nüfuz qazanmışdır və insanlar ona səmimi rəğbət bəsləyirlər.

Materialda bakılı politoloq Yevgeni Kriştalyovun da fikrinə istinad edilir. O, belə hesab edir ki, Mehriban Əliyeva "... mahiyyət etibarilə lider qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır. O, birinci xanım vəzifəsinin yükünü "elə-belə", sadəcə, daşımır, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir. O, həmin vəzifələri, sadəcə, zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, səmimi-qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir".

Yevgeni Kriştalyov Azərbaycanın birinci xanımının başçılıq etdiyi Heydər Əliyev Fondunun bütün dünyada genişmiqyaslı xeyriyyəçilik və humanitar fəaliyyəti barədə söhbət açaraq qeyd edir ki, birinci xanımın Prezident ilə birlikdə səfər etdiyi ölkələrin çoxunda yeni xeyriyyə tədbirləri, humanitar proqramlar həyata keçirmək üçün imkanlar yaranır və o, bu imkanları heç vaxt nəzərdən qaçırmır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 25 yanvar.- S. 3.