ABŞ-ın aparıcı xəbər portalı "The Huffington Post": "Ermənistan özünütəcrid siyasəti yürüdür"

 

Amerika Birləşmiş Ştatlarının ən populyar xəbər saytı "The Huffington Post"da yayımlanan "Soyuq başlar üstün gəlməyəndə" sərlövhəli məqalədə bildirilir ki, Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistan özünütəcrid siyasəti yürüdür.

Məqalənin müəllifi "The Tool Shed Group"un təsisçisi və rəhbəri Ceyson Katz yazır ki, ATƏT-in sonuncu Astana sammitinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından müəyyən ümidlər bəslənilsə də, orada problemin həlli istiqamətində heç bir real addım atılmayıb. Müəllif yazır ki, zirvə toplantısında hökm sürən ab-havanın erməni hökumətinə yaxın şərhçilər tərəfindən "müsbət" xarakterizə edilməsi başa düşüləndir. "Bunlar qeyri-konstruktiv və ifşaedici fikirlərdir", - deyən C.Katz qeyd edir ki, bu, sadəcə Ermənistanın status-kvonu uzatmaq cəhdlərinə xidmət edən amildir. Katz açıq formada bildirir ki, təcavüzkar siyasəti nəticəsində Ermənistan özünü regionda təcrid vəziyyətinə salmışdır. Müəllif hesab edir ki, Ermənistanda Rusiya və İrandan daha da asılılığa aparan və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları uzatmaq cəhdləri Yerevanın uzağı görməyən siyasətinə dəlalət edir və bu siyasətlə heç kim həmrəy deyildir.

"VikiLeaks"ın açıqladığı teleqramlarla bağlı "The Huffington Post" yazır ki, bu yazışmalar dünyada ABŞ diplomatlarının səriştəsizliyini göstərmişdir. Müəllif yazır: "Birləşmiş Ştatların maraqlarını təmin etmək və Ermənistan ilə Azərbaycan arasında sülhə nail olmaq üçün çalışmaq əvəzinə, ABŞ-ın Bakıdakı səfirliyi faktiki olaraq, əsassız şayiələr yaymaqla məşğul olmuşdur. Burada xatırlatmaq yerinə düşər ki, Fransa və Rusiya ilə bərabər ABŞ Cənubi Qafqazın iki ölkəsi arasında aparılan danışıqlarda həmvasitəçi statusuna malikdir".

Məqalədə ABŞ-ın Azərbaycana yeni səfirinin təyinatının gecikməsinə də toxunulur. Müəllif bu məsələni xəcalət gətirən hal kimi qiymətləndirir. O hesab edir ki, bəzi erməni-Amerika təşkilatlarının təzyiqi ilə Prezident Obamanın Azərbaycana səfir namizədinin qarşısının senatorlar Bokser və Menendez tərəfindən alınması Amerika diplomatiyasının necəliyini əyani şəkildə göstərir. Müəllif vurğulayır: "Namizəd Mətyu Brayzə peşəkar diplomat olmaqdan savayı, həm də bu mürəkkəb region üzrə ekspert sayılır. O, azərbaycanlılar, ermənilər və avropalılar arasında nüfuzu normal olan şəxsdir".

Məqalədə, eyni zamanda, Azərbaycanın işğal edilmiş ərazilərində "yaradılmış" separatçı rejimin "rəhbərinin" amerikalı rəsmilər tərəfindən ABŞ-da qəbul edilməsi təəssüflə qeyd olunur. Müəllif xüsusi olaraq bildirir ki, bu, İrana silah satmasına görə Birləşmiş Ştatların Dövlət Departamentinin Ermənistana sanksiyalar tətbiq edəcəyi barədə hədələri ilə eyni vaxta təsadüf edir.

Yazının sonunda regionda uzunmüddətli sülhün və tərəqqinin təmin olunması üçün ABŞ-ın vacib addımlar atmalı olduğu bildirilir. Müəllif Ermənistana da məsləhət görür ki, gözlərini açsın və özünün inkişafı, habelə regionun tərəqqisinin əleyhinə işləyən təcridolunma siyasətindən əl çəksin.

 

 

Azərbaycan.- 2011.- 25 yanvar.- S. 3.