Avropa Şurası Parlament
Assambleyasının qış sessiyası öz işinə
başlamışdır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri yeni tərkibdə qurumun qış sessiyasında iştirak etmək üçün Strasburqa gəlmişlər.
Yanvarın 24-də AŞ PA-nın qış sessiyası qurumun bürosunun, komitələrinin və siyasi qruplarının yığıncaqları ilə öz işinə başlamışdır. Azərbaycanlı deputatlar bu yığıncaqlarda müzakirə olunan məsələlərə ölkəmizin mövqeyini bildirmişlər.
Sessiyada əvvəlcə AŞ PA-nın yeni sədri vəzifəsinə seçkilər keçirilmişdir. Türkiyəli deputat Mövlud Çavuşoğlu yekdilliklə yenidən bu vəzifəyə seçilmişdir.
M.Çavuşoğlu ona etimad göstərdiklərinə görə deputatlara təşəkkürünü bildirmişdir. Dünyada baş vermiş hadisələrə toxunan AŞ PA sədri son vaxtlar Tunisdə və Albaniyada hakimiyyətlə müxalifət arasında qarşıdurmanın acı nəticələrindən narahatlığını dilə gətirmiş, beynəlxalq ictimaiyyəti narahat edən qlobal məsələlərə toxunmuş, qış sessiyasının gedişi zamanı Türkiyə, Serbiya və Rumıniya prezidentlərinin, Albaniyanın Baş nazirinin deputatlar qarşısında çıxış edəcəklərinə diqqət çəkmişdir.
Sonra M.Çavuşoğlu gündəlikdə duran məsələlərdən bəhs etmişdir. O, təxirəsalınmaz məsələ kimi Yaxın Şərqdə xristianlığın vəziyyəti, Tunisdə yaranmış böhran və dekabrda Belarusda keçirilmiş prezident seçkilərindən sonra ölkədə yaranmış siyasi durumun təcili müzakirəsinə ehtiyac yarandığını bildirmişdir.
Deputatlar bu məsələlərin təcili müzakirə olunmasına yekdilliklə tərəfdar olduqlarını bildirmişlər.
Daha sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılmışdır. Avropa parlamentariləri gündəliyə çıxarılmış Avropa Məhkəməsinə Portuqaliyadan hakim seçilməsi, jurnalistlərin informasiya mənbələrinin qorunması, Kosovoda insan orqanlarının trafiki, Avropa Şurasında islahat, keçmiş Yuqoslaviya ölkələri arasında siyasi dialoq, müharibə qurbanları üzrə Avropa Şurasının üzv dövlətlərinin əməkdaşlığına görə öhdəlik, üzv dövlətlərdə ölüm hökmü və AŞ-nin müşahidələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparmağı qərara almışlar.
Sessiyanın gedişində Türkiyə, Serbiya və Rumıniya prezidentləri Abdullah Gül, Boris Tadiç və Trayan Basesku, Albaniyanın Baş naziri Sali Berişa, habelə Jurnalistlərin Avropa Federasiyasının sədri Arne Köniq çıxış edəcək və deputatları maraqlandıran suallara cavab verəcəklər.
AŞ PA bürosunun və daimi komitənin fəaliyyəti barədə məlumat verən xanım Anne Brassör (Lüksemburq) Azərbaycanda və Moldovada keçirilmiş seçkilərin nəticələri ilə bağlı hazırlanmış məruzələrin ayrılıqda müzakirə olunacağına diqqət çəkmiş, AŞ-nin Avropa İttifaqı ilə əməkdaşlığı məsələsindən bəhs etmişdir.
Sessiyanın ilk iş gününün səhər iclası bununla başa çatmışdır.
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 4.