Avropa Şurası ilə əməkdaşlıq
daha da möhkəmlənir
10 il bundan əvvəl, 2001-ci il yanvarın 25-də xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq Strasburqda, Avropa Şurasının binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması Azərbaycanın Avropa ailəsinə qovuşduğunu bütün dünyaya nümayiş etdirdi. Bu hadisəni ümummilli liderimiz Heydər Əliyev belə qiymətləndirirdi: "Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır".
İlk illər ərzində AŞ PA-da Azərbaycan nümayəndə heyəti tərəfindən onlarla sənəd hazırlanmış və onlar Suranın rəsmi sənədləri kimi yayılmışdı. Təsəvvür etsək ki, bu qurumda 47 ölkənin deputatları fəaliyyət göstərir və qəbul edilmiş sənədlər həm onlara paylanır, həm də həmin ölkələrin parlamentlərinə göndərilir, onda qarşıya qoyulmuş birinci vəzifə ilə bağlı görülmüş işlərin miqyası haqqında konkret fikir formalaşa bilər. Belə ki, "Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında", "Dağlıq Qarabağda, zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi haqqında", "Ermənistanda və Dağlıq Qarabağda olan hərbi əsirlər və girovlar haqqında", "Qaçqın və məcburi köçkün uşaqların təhsili haqqında", "Azərbaycanda məcburi köçkünlərin vəziyyəti haqqında" və digər sənədlər AŞ PA-da qəbul edilmişdir.
AŞ PA-da Azərbaycan nümayəndə heyətinin səmərəli fəaliyyətinin təməli 2001-ci il aprel ayında bu qurumun yaz sessiyasında ölkəmizin parlamentarilərinin tamhüquqlu üzv olaraq iştirak etdiyi ilk sessiyadan etibarən qoyuldu. Belə ki, "Avropanın iqtisadi və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsi" mövzusunda aparılan müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev bu problemin əhatə dairəsinin genişlənməsində Ermənistanın oynadığı rola dair konkret faktları iştirakçıların diqqətinə çatdırmışdır. Belə diplomatik həmlə ermənilər üçün gözlənilməz idi və hadisələrin gedişi Ermənistan nümayəndələrinin bu cür qəfil gedişlərə hazır olmadıqlarını göstərirdi. Başlanğıc olduqca uğurlu alındı və ilk gündən nümayəndə heyəti qazanılmış üstünlüyü qoruyub saxlamağı bacardı. Nümayəndə heyətimiz azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında sənədin tanınması və azərbaycanlı girovların, habelə hərbi əsirlərin Ermənistanda və Dağlıq Qarabağda saxlanılması barədə rəsmi sənədin qəbul olunması haqqında məsələ qaldırdı və belə bir sənədin qəbul olunmasına nail oldu. Cənab İlham Əliyev sessiyada daha uğurlu nəticələr əldə etmək üçün AŞ PA-nın bütün alt qurumlarında mütəşəkkil təbliğat kampaniyasının aparılmasını təşkil etməyə müvəffəq oldu. Bu, Azərbaycan diplomatiyasının uğuru idi.
AŞ PA-nın 2001-ci il payız sessiyasında qəbul edilən qərarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla həll olunmasının zəruriliyi qeyd edilirdi. Bu, parlament nümayəndə heyəti səviyyəsində əldə edilmiş növbəti diplomatik uğur idi.
Azərbaycan parlament nümayəndə
heyəti sessiyada daha bir neçə vacib problem
qaldırdı. Bunlardan biri də bütün dünyanın
birmənalı şəkildə pislədiyi terrorizm idi. Azərbaycan
nümayəndə heyətinin başçısı
İlham Əliyev tutarlı faktlarla çıxış edərək
Ermənistanın Azərbaycana qarşı təcavüzə
başladığı vaxtdan 30-dan artıq terror aktları
törətdiyini və bunun nəticəsində 2 mindən
artıq Azərbaycan vətəndaşının həlak
olduğunu vurğulamış, həmçinin "ASALA"
erməni terror təşkilatının Ermənistan hökuməti
ilə sıx əlaqədə işlədiyini
bildirmişdir. Cənab İlham Əliyevin əsas diqqəti
qondarma "Dağlıq Qarabağ Respublikası"nda
terrorçular hazırlayan hərbi bazaların
mövcudluğuna, bu ərazinin ermənilər tərəfindən
məqsədyönlü şəkildə çirkli
pulların yuyulması mərkəzinə çevrilməsinə
yönəltməsi informasiya müharibəsində ermənilərin
mövqelərinə ciddi zərbə kimi dəyərləndirildi.
2002-ci ilin yay sessiyası isə
Dağlıq Qarabağ probleminin və qaçqınlarla
bağlı həqiqətlərin AŞ-ın diqqətinə
çatdırılması baxımından əhəmiyyətli
olmuşdur.
2002-ci ilin sentyabrında
AŞ PA-nın növbəti sessiyasında Azərbaycan
nümayəndə heyətinin iştirakı yenə də
uğurlu hal kimi qiymətləndirildi. Bu sessiyanın
müzakirələrində həm Azərbaycanın, həm də
Ermənistanın AŞ qarşısında
götürdükləri öhdəliklərin yerinə
yetirilməsi məsələsi ilə bağlı
çıxış edən cənab İlham Əliyevin
prinsipial mövqeyi nəticəsində məruzələrdə
Azərbaycan üçün çox əhəmiyyətli
düzəlişlər edildi, ən başlıcası isə
Ermənistan silahlı qüvvələri tərəfindən
Dağlıq Qarabağın işğal edilməsi faktı
AŞ PA-nın sənədində öz əksini tapdı.
Azərbaycan AŞ PA-ya
üzv olarkən İlham Əliyev tərəfindən müəyyən
edilmiş siyasət öz bəhrəsini verdi. Təsadüfi
deyildi ki, o dövrdə Ermənistan mətbuatı da
yazırdı ki, Azərbaycan nümayəndə heyəti
AŞ PA-nın üzünü Azərbaycana tərəf
çevirdi. İki ilə yaxın bir müddətdə cənab
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi
üzrə AŞ PA-nın xüsusi məruzəçisinin təyin
edilməsinə çalışırdı. Çünki
götürülmüş öhdəlikdə də bu
münaqişənin sülh yolu ilə həllinə
çalışmaq xüsusi qeyd edilmişdi. Lakin Ermənistan
nümayəndə heyəti bu məsələdən
yayınmağa cidd-cəhd göstərirdi. Nəhayət ki,
bu məsələ də öz həllini tapdı.
2003-cü il Azərbaycan
diplomatiyasının yeni uğurları ilə başladı. AŞ
PA-nın qış sessiyasının ilk günündə
daimi nümayəndə heyətinin başçısı,
deputat İlham Əliyev AŞ PA-nın sədr müavini və
büro üzvü seçildi. Bu seçim ölkəmizin
beynəlxalq münasibətlər sistemində öz yerini
möhkəmləndirməsi və qloballaşan dünyaya
inteqrasiyası istiqamətində atılan yeni uğurlu
addım idi.
AŞ PA-nın 2003-cü il
yaz sessiyasında AŞ PA sədrinin müavini və büro
üzvü İlham Əliyevin Ermənistanda prezident
seçkilərinin nəticələri müzakirə olunarkən
etdiyi çıxışı da əhəmiyyətli
sayılmalıdır. Erməni diasporunun, qərəzli erməni
təbliğatının yaydığı məlumatların əksinə
olaraq Ermənistanda keçirilmiş prezident seçkiləri
zamanı ciddi qanun pozuntularına yol verilməsini həmin
ölkədə beynəlxalq hüquq normalarının
mütəmadi pozulmasının məntiqi sonluğu sayan cənab
İlham Əliyev qeyd etdi ki, Ermənistan hamılıqla qəbul
edilmiş hüquq qaydalarını, beynəlxalq təşkilatların
sənədlərini pozaraq Azərbaycan torpaqlarını
işğal altında saxlamaqda davam edir və bu təcavüzkar
dövlətin təqsiri üzündən bütöv bir
xalqın insan hüquqları tapdalanır.
Cənab İlham Əliyev
qondarma "Dağlıq Qarabağ Respublikası" adlı ərazinin
mövcudluğu faktını da beynəlxalq hüquq
normalarının kobud surətdə pozulması hesab edərək
dedi ki, Avropanın bu hissəsində beynəlxalq nəzarət
yoxdur.
AŞ PA-nın 2003-cü il
yay sessiyası cənab İlham Əliyevin beynəlxalq aləmdə
yüksək nüfuza malik olduğunu bir daha sübut etdi. Belə
ki, iyunun 26-da keçirilən növbəti sessiyada Azərbaycanda
siyasi məhbuslar məsələsi barədə Hüquq məsələləri
və İnsan Hüquqları Komitəsinin üzvü,
belçikalı deputat Corc Kleyfartın məruzəsi dinlənildi.
Cənab İlham Əliyev çıxışında qətiyyət
nümayiş etdirərək "siyasi məhbus"
haqqında məruzənin ziddiyyətli olduğunu və
seçkiqabağı vəziyyətə təsir etmək məqsədi
güddüyünü bəyan etdi. Cənab İlham Əliyev
məruzənin 25 paraqrafında dəyişikliklər etmək
ehtiyacının yarandığını bildirdi, ona görə,
bu məsələnin AŞ PA-nın qış sessiyasınadək
təxirə salınmasını təklif etdi. Azərbaycanın
təklifini başqa ölkələrin nümayəndələri
dəstəklədilər və ölkəmizi qrup şəklində
müdafiə edəcəklərini bildirdilər.
"Avropada muxtar vilayətlərin
müsbət təcrübəsi" məsələsi ilə
bağlı məruzə edən A.Qross dünyanın qaynar
nöqtələrinə çevrilmiş və mənfi təcrübəsi
olan muxtar vilayətlərin adlarını çəkməyəndə
cənab İlham Əliyev məruzəçini ciddi tənqid
etdi. Cənab İlham Əliyevin təklifi ilə qətnamə
layihəsinə "muxtariyyət verilməsi dövlətin
özünün suverenliyinə və ərazi
bütövlüyünə əsaslanmalıdır" və
"muxtar qurumların beynəlxalq aləmdə
tanınmış sərhədləri pozmağa hüququ
yoxdur" əlavələri salındı. Beləliklə,
bu sessiyada Azərbaycan nümayəndə heyətinə
sanksiyalar təklif ediləcəyi barədə mülahizələr
yürüdən şəxslər növbəti dəfə
məyus oldular.
AŞ PA-nın 2004-cü il
yaz sessiyasında bu mötəbər qurumda artıq fəaliyyətini
başa vurmuş Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı əlamətdar bir tarixə təsadüf
edirdi. Dövlət başçımızın AŞ PA-da
ölkəmizin nümayəndə heyətinə rəhbərlik
etdiyi 3 illik dövr ciddi nailiyyətlərlə yadda qaldı.
Azərbaycan Prezidenti İlham Əliyev özü də AŞ
PA-da fəaliyyət göstərdiyi illərin onun
üçün çox qiymətli olduğunu
vurğulayırdı: "Həyatımın bu dövrü
mənim üçün bəlkə də ən maraqlı,
mühüm zaman kəsiyidir və bu dövr gələcək
fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə
də vacib rol oynadı".
Azərbaycan Prezidentinə
AŞ PA-nın fəxri üzvü diplomunun və
medalının təqdim olunmasını bu təşkilatın
cənab İlham Əliyevin səmərəli fəaliyyətinə
və işgüzarlığına verdiyi yüksək qiymət
kimi səciyyələndirmək olar.
Azərbaycan nümayəndə
heyətinin ötən 10 il ərzində uğurları ilə
bağlı çoxlu faktlar göstərmək olar. Təşkilata
tam hüquqlu üzv olduğumuz qısa müddət ərzində
Azərbaycan nümayəndə heyəti digər beynəlxalq
qurumlara nisbətən daha çox bu təşkilatda uğur
qazanmışdır. Sözsüz ki, bu, ilk üç il ərzində
nümayəndə heyətinə rəhbərlik etmiş cənab
İlham Əliyevin nüfuzu ilə bağlıdır. Beləliklə,
Azərbaycan Prezidenti İlham Əliyevin istər AŞ PA-da
nümayəndə heyətimizə rəhbərlik etdiyi
dövr ərzində, istərsə də bu- günkü
prezidentlik fəaliyyətində mükəmməl diplomatik
gedişləri və möhkəm qətiyyəti sayəsində
ölkəmiz Avropanın aparıcı dövlətləri ilə
bir sıradadır. Bu baxımdan, son yeddi il ərzində Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən
bütün sahələrdə həyata keçirilən
islahatlar ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirmiş,
dünya iqtisadi sisteminə sıx inteqrasiya
uğurlarımızı şərtləndirmişdir.
Adil VƏLİYEV,
Milli Məclis Aparatının
Sosial qanunvericilik
şöbəsinin sektor
müdiri,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 4.