Norveçdə yayımlanan
"Azərbaycanın səsi" radiosunda ölkəmizlə
bağlı veriliş səslənmişdir
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, Norveçdə yayımlanan "Azərbaycanın səsi" radiosunun hər həftənin bazar günləri efirə çıxan növbəti verilişi 20 Yanvar faciəsinə həsr olunmuşdur.
BAK-ın elm, təhsil və mədəniyyət şöbəsinin müdiri Sima Cəfərovanın 20 Yanvar faciəsi ilə bağlı hazırladığı xüsusi ədəbi-bədii kompozisiyada bu qanlı tarix barədə dinləyicilərə ətraflı məlumat verilmişdir. Verilişdə qeyd edilmişdir ki, Azərbaycan xalqının tarixinə qanla yazılan 1990-cı il yanvarın 20-si həm də azadlığa və müstəqilliyə gedən ağır və çətin yolun başlanğıc tarixi olmuşdur.
Sima xanım 20 Yanvar faciəsini doğuran səbəblər, həmin gün xalqımızın başına gətirilən bəlalar, müstəqillik və azadlıq yolunda şəhid olanlar haqqında radio dinləyicilərinə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, BAK Norveçdə yayımlanan "Azərbaycanın səsi" radiosunun yaratdığı imkandan faydalanaraq Azərbaycanın beynəlxalq aləmdə tanınması istiqamətində səylərini əsirgəməyəcəkdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 5.