Azərbaycan Diplomatik Akademiyası
bakalavr təhsili sisteminə başlamışdır
Azərbaycan Diplomatik Akademiyası (ADA) bakalavr təhsili sisteminə başlamışdır. Bu məqsədlə gələcəyin diplomatları olmaq istəyən abituriyentlər arasında maarifləndirmə işlərinə başlayan Akademiyanın əməkdaşları Bakının məktəblərində də görüşlər keçirirlər.
Cari ildə ADA-da bakalavr pilləsində beynəlxalq münasibətlər və biznes administrasiyası ixtisası üzrə tələbə qəbuluna başlanılacaqdır. Qəbul prosesində yerli abituriyentlərlə yanaşı, əcnəbilər də iştirak edəcəklər.
Artıq Akademiyanın təhsil sistemi barədə XI sinif şagirdləri arasında məlumatlandırma aparılır. Bu məqsədlə Bakının 160 nömrəli Klassik Gimnaziyasında olan ADA-nın əməkdaşları bu təhsil sisteminin beynəlxalq standartlara cavab verdiyini vurğulamışlar. Şagirdlərə bildirilmişdir ki, ADA-da dünyanın tanınmış alim və professor heyəti dərs deyir.
Akademiyanın əməkdaşı Zaur Həsənov demişdir ki, bu günədək Bakının təxminən 20 məktəbində olmuşuq. Həmçinin, bu ildən başlayaraq biz regionları da əhatə edəcəyik. Azərbaycanın digər ali təhsil ocaqlarından fərqli olaraq ADA-da abituriyentlərin xarici dil biliklərinə üstünlük veriləcəkdir. Çünki dərslərin əksəriyyəti ingilis dilində aparılacaqdır.
Xatırladaq
ki, indiyədək Akademiyada yalnız beynəlxalq münasibətlər
və diplomatiya ixtisası üzrə magistratura pilləsi
mövcud idi. Bu ixtisaslarda təhsil alan tələbələrin
50 faizi ABŞ və Avropadandır.
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 5.