İnsanlığa qarşı cinayət

 

1990-cı ilin qışı idi. Qoca Şərqin astanasında yerləşən qədim Odlar yurdu - Azərbaycanda insanlar layiq olduqları haqq və hüquqlarına sahib çıxmaq üçün növbəti dəfə mücadiləyə qalxmışdılar. Əsrlərdən bəri qazandığı təcrübə bu xalqa öyrətmişdi ki, azadlıq yalnız qanla qazanılır.

Bir yandan erməni işğalçılarının yaratdığı "Dağlıq Qarabağ problemi", ermənipərəst Qorbaçovun Dağlıq Qarabağ Vilayətini Azərbaycanın tərkibindən ayıraraq Ermənistanın tərkibinə qatmaq fikri, bu fonda Azərbaycan hakimiyyət strukturlarının ölkədə baş verən hadisələrə biganə yanaşması, münaqişə bölgəsində yaşayan insanlardan ov tüfənglərini belə, yığması, bir yandan da paytaxtda millətimizin apardığı azadlıq mücadiləsi və buna görə baş verən təzyiqlər, həbslər, təqiblər, sosial-siyasi partlayışlar xalqın səbir kasasını doldurmuşdu.

Azərbaycan xalqı ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq apardığı azadlıq mübarizəsinin yeni bir mərhələsinə qədəm qoymuşdu. Bu yol üzü 20 Yanvara doğru gedirdi. "Ünvana" yaxınlaşdıqca Bakıda əsən şimal küləyinin şiddəti də artırdı.

XX əsrin 80-90-cı illərindən başlayaraq yaranan və getdikcə mütəşəkkil formaya çevrilən milli azadlıq hərəkatları sübut etdi ki, sovet imperiyası 70 illik hökmranlığı dövründə Azərbaycan xalqının müstəqillik arzusunu öldürə bilməmişdi. Qanlı yanvar hadisələri zorakılıq və amansızlıq üzərində qurulmuş riyakar sistemin, millətləri və onların azad fikrini əsarətdə saxlayan imperiyanın süqutunun xəbərdarlığı idi. Hədəf yenə də Cənubi Qafqazın müsəlman əhalisi idi. 1905-1907, 1918-1920, 1937 və 1940-1945-ci illərdə olduğu kimi. Azadlığa və insan haqqına qovuşmanın yüksək mərhələsinə isə lap az qalmışdı. İnsanlar meydanlarda kommunist partiyasının üzvlük biletlərini yandırırdılar. Bununla barışmayan Kreml 1990-cı il yanvarın ortalarında Azərbaycana müxtəlif qoşun hissələri, cəza dəstələri yeritdi. SSRİ müdafiə naziri D.Yazov məxfi şəraitdə Gəncəyə gələrək vəziyyətlə tanış olmuş və o zamankı respublika rəhbərliyinin də təklifləri nəzərə alınaraq "Tayfun" adlı qanlı əməliyyat planı hazırlanmışdı. Yanvarın 17-si axşamüstü Azərbaycan KP MK binası qarşısında keçirilən izdihamlı mitinqdə ümumi tətil elan olundu. Tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına qəti olaraq son qoysun. Bakının ətrafına yığdığı qoşunlar Dağlıq Qarabağ və daim basqınlara məruz qalan sərhəd bölgələrinə göndərilsin. Havaların şaxtalı keçməsinə baxmayaraq artıq bir neçə gün idi ki, mitinqlər davam edir, xalq tələbinə cavab gözləyirdi. Mərkəz isə susurdu.

Sabahın "gözləri" yanvarın 19-na açılırdı. Şimaldan əsən soyuq külək Bakının iliyinə işləyirdi. Bakı sanki 1918-ci il 31 mart tarixini yenidən yaşayırdı. Şəhər donub buza dönmüşdü. İnsanlar könüllü şəkildə ölümü qarşılamağa çıxmışdılar...

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 19-cu, Azərbaycan Konstitusiyasının isə 71-ci maddələrini kobudcasına pozaraq xalqı xəbərdar etmədən yanvarın 20-si saat 00-dan Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzalamışdı. SSRİ DTK-nın "Alfa" qrupu isə həmin vaxta qədər Bakıda qan tökmüş, yüzdən çox insanı qətlə yetirmişdi. Fövqəladə vəziyyət haqqında məlumat isə xalqa respublika radiosu ilə yanvarın 20-si səhər 7:00-da məlumat verildi. Tanklar günün günorta çağı küçələrə, yollara tökülən, şəhidlərini axtaran insanlara belə, atəş açmaqdan çəkinmir, qarşısına çıxan insanı əzirdi. Çox illər sonra əli yüzlərlə Azərbaycan vətəndaşının qanına batmış Mixail Qorbaçov "Nobel" sülh mükafatına layiq görüldü. Həmin günlərdə isə dünyanın nüfuzlu mətbuatı və informasiya agentlikləri, radioları bu faciəni SSRİ rəhbərinin törətdiyini söyləyir, bu addımı demokratiya və insan haqlarına zərbə kimi dəyərləndirirdilər.

Bəli, dünya mətbuatı o günlər heyrətini gizlədə bilmirdi. İngiltərənin "Gardian" qəzeti 1990-cı il 22 yanvar sayında Azərbaycanda baş verən hadisələrə belə şəhr verirdi: "Bu hərbi əməliyyatı əsassız qorxu və səksəkənin nəticəsi kimi izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız adamların vəhşicəsinə güllələnməsi, tankların insanları tapdalayıb keçməsi, tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən pislənilməlidir".

"Nyu-York Tayms" qəzeti 1990-cı ilin 18 fevral sayında yazırdı: "Bakının işğalından sonra xalqını sevən hər bir azərbaycanlıda Qorbaçova və Moskvaya nifrət hissi yaranmışdı... Vaxtilə üzüyola müstəmləkə olan Azərbaycan indi öz suveren, demokratik hüquqlarını bərpa edir. Bakıda adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinə qədər hamı buna inanır ki, Moskva bu xalqın öz hüquqlarını tələb etməsinin qarşısını almaq üçün Bakıya qoşun göndərdi".

ABŞ-ın "Baltimor san" nəşri 23 yanvar sayında Kremlin "Millətçi üsyanı"nı yatırmaq adı altında yaydığı bəhanəsinin əsassız olduğunu göstərərək yazırdı: "Bu qərar Konstitusiyanı kobud surətdə pozmaq, eyni zamanda, suveren respublikanın hüquqlarını tapdalamaqdır".

Qanlı rejim faciəni törətdikdən sonra özünü sığortalamaq məqsədilə bəyan etmişdi ki, Azərbaycanda yaranmaqda olan islam fundamentalizminin qarşısını almaq məqsədilə bu addım atılmışdır. "Nyu-York Tayms" həmin məsələyə kəskin münasibət bildirmişdi: "Şəhidlər xiyabanında azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər, tatarlar, ləzgilər də şəhid olmuş və burada dəfn olunmuşlar... Güllənin qurbanı olmuş B.V.Yermiçyevin və Boris Vasilyevin tabutları qayğı və ləyaqətlə xiyabana gətirildi, azərbaycanlı şəhidlər kimi torpağa tapşırıldı. Onlar fundamentalist olsaydılar, yəhudiləri və rusları burada dəfn edərdilərmi?!"

Çətin günlərdə min bir əzab-əziyyətlə də olsa, Bakıya gəlib hadisələri gözləri ilə görən xarici ölkə jurnalistləri 20 Yanvar hadisələri barəsində həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynamışdılar. ABŞ, Kanada, İngiltərə, Türkiyə, İran, Fransa, Çin, Yaponiya, Hindistan, Polşa, İtaliya, Almaniya, Macarıstan, Çexoslovakiya və başqa 80-dən artıq ölkədən gəlmiş jurnalistlər yaşadığı faciələrə baxmayaraq, Azərbaycan xalqının təmkininə, ağsaqqalların milləti sakitləşdirməsinə, nizam-intizama çağırmasına, insanların şəhidlərin ruhuna bəslədikləri misilsiz hörmət və məhəbbətə heyrətlərini gizlədə bilməmişdilər. Salyan kazarmasında bir neçə gün davam edən qanlı toqquşmalar, limandakı qarşıdurma, şəhidlərin dəfni zamanı hərbçilərin törətdikləri maneələr, faciənin ardından baş alan kütləvi həbslər, təqiblər, hərbçilərin özbaşınalığı Qorbaçov başda olmaqla sovet "demokratiyasının və yenidənqurmasının" əsl mahiyyətini ifşa edirdi.

Ölkəsinə qayıdan jurnalistlər yazırdılar ki, məktəbli uşaqlara, tələbə və gənclərə, gecə növbəsindən işdən qayıdan dinc insanlara, əli silahsız əhaliyə qarşı törədilən amansızlıqlar insanlığa qarşı cinayətdir. Lakin bu, təkcə faciə deyildi, həm də xalqın özünüdərki, şərəf və ləyaqətinin ucalığı, milli istiqlalı uğrunda son nəfəsədək vuruşmaq qətiyyətinin əyani təcəssümü idi.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 25 yanvar.- S. 6.