Latviya azərbaycanlı sahibkarlar
üçün çox əhəmiyyətli bir ölkədir
Bu yaxınlarda Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibindəki iş adamları arasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, "Aqrarkredit" Qeyri-Bank Kredit Təşkilatı idarə heyətinin sədri Məmməd Musayev də var idi. Xəbər verdiyimiz kimi, səfər çərçivəsində keçirilən görüşlərdə və Azərbaycan-Latviya biznes forumunda sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsinin hər iki ölkəni qane edən səviyyəyə çatdırılması barədə fikir mübadilələri aparılmışdır.
AzərTAc-ın müxbiri Məmməd Musayevin səfərlə bağlı təəssüratı, Azərbaycan-Latviya əlaqələrinin perspektivlərinə dair fikirləri ilə maraqlanmışdır.
- Sizcə, bu səfər iki ölkə
arasında iqtisadi əlaqələrin inkişafına
hansı töhfəni verəcəkdir?
- 2011-ci ildə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf strategiyası müəyyən olunmuşdur. Sahibkarlığın inkişafına da xüsusi əhəmiyyət verilir. Sahibkarlığın inkişafında əsas amillərdən biri milli məhsulun ixrac qabiliyyətinin artırılması və iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsidir. Bu məqsədlə də ilin əvvəlində Prezident İlham Əliyevin Latviyaya səfəri çərçivəsində Latviya-Azərbaycan biznes forumu keçirilmişdir. Biznes forumunda Azərbaycanı 75-dən çox şirkətdən təxminən 100-ə yaxın sahibkar təmsil edirdi. Məqsəd iki ölkənin sahibkarları arasında işgüzar əməkdaşlığın inkişaf etdirilməsi idi. Forumda Azərbaycandakı investisiya mühitinin, sahibkarlığın inkişafı üçün görülən işlər barədə məlumatlar latviyalı həmkarlarımıza çatdırıldı. Onların arasında Azərbaycanda sərmayə yatırmaq, əməkdaşlıq etməkdə maraqlı olan çoxlu iş adamı var idi. Biz keçirdiyimiz təkbətək və ikitərəfli görüşlərdə də bunun şahidi olduq. Latviya bizim sahibkarlar üçün çox əhəmiyyətli bir ölkədir. Axı Latviya Avropa İttifaqının üzvüdür və ittifaq ölkələri üçün tətbiq olunan güzəştlərdən faydalanır. Bizim sahibkarlar da bu ölkə ilə əməkdaşlıq sayəsində Avropa bazarına çıxıb oradakı investisiya layihələrindən yararlana bilərlər.
- Azərbaycan-Latviya
biznes əlaqələri hazırda hansı səviyyədədir
və onun perspektivləri necə görünür?
- Bizim Riqadakı görüşlərimiz "İnvestisiya və maliyyə", "Tikinti və tikinti materialları", "Ərzaq emalı və aqrar sahədə şirkətlər" və "İT şirkətlər" bölmələri üzrə "dəyirmi masa"lar şəklində keçirilmişdir. Daha sonra yekun biznes forumu təşkil edildi. Burada Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Latviya Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli müqavilə imzalanması əlamətdar bir hadisə oldu. Müqaviləyə əsasən Azərbaycan-Latviya İşgüzar Əməkdaşlıq Şurası yaradılacaqdır. Bu yaxınlarda Şuranın üzvləri təsdiqlənəcək, mart və ya apreldə isə birgə iclas keçiriləcəkdir. İclasda iş adamlarımızın hansı formada əməkdaşlıq edəcəyi məlum olacaqdır. Tədbir Riqada keçiriləcək Azərbaycan-Latviya Hökumətlərarası komissiyasının iclası ərəfəsində baş tuta bilər. Birgə iclasda müzakirə olunacaq məsələlərin Komissiyanın iclasına təqdim olunması da nəzərdə tutulmuşdur. Sonra bu iclasların müntəzəm olaraq ildə iki dəfə keçirilməsi planlaşdırılır.
- Azərbaycan və Latviya iş
adamları daha çox hansı sahələrə sərmayə
yatırmaqda maraqlıdırlar?
- Əlbəttə,
burada əsas maraq ticarət əlaqələridir. Ondan sonra, təbii ki,
investisiya yatırılmasıdır. Bu məsələdə
həm enerji, həm də qeyri-neft sektorlarına maraq böyükdür.
İştirak etdiyim bir görüşdə iri
sahibkarların xüsusi olaraq informasiya texnologiyalarına və
qida sənayesinə maraq göstərdiklərinin şahidi
oldum. Azərbaycanlı iş adamları isə daha çox
inşaat, ticarət, xidmət, turizm sahələrinə maraq
göstərirlər.
- Bu əməkdaşlıq sahibkarlarımız
üçün hansı imkanları açacaqdır?
- Biz hesab edirik bu
görüşlər yaxşı nəticələrə yol
açacaqdır. Latviyalı həmkarlarımız digər
Avropa ölkələri ilə əməkdaşlığın
qurulmasında bizim sahibkarlara dəstək olacaqlarını
öhdələrinə götürdülər. Biz də
onlara qonşularımız - Türkiyə, İran və
Qazaxıstanla daha sıx əməkdaşlıq etməkdə
yardım göstərəcəyik. Biz bu ölkələrlə
Latviyanı əlaqələndirmək istəyirik. Bununla
yanaşı, Latviyanın təşəbbüsü ilə
yaradılmış Əməkdaşlıq
Şurasını yaxın zamanlarda Türkiyə, Rusiya və
Gürcüstanla da yaratmağı
düşünürük. Yəni biz Latviyanın bu təcrübəsini
çox bəyəndik.
- Məlumdur ki, 2011-ci il Azərbaycan Prezidentinin göstərişi
ilə "Turizm ili" elan edilmişdir. Konfederasiya turizm
sektorunda fəaliyyət göstərən sahibkarlara hansı
dəstəyi göstərməyi nəzərdə tutur?
-Latviyadakı tədbirdə
Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid
Bağırov da iştirak edirdi. Ölkəmizin turizm
imkanları barədə məlumat verildi. Həmkarlarımız
bu istiqamətdə əməkdaşlığa da maraq göstərirlər.
Regionumuz turizm ənənələrinə
malikdir və hazırda biz güclü rəqabət şəraitindəyik.
Bizdə bu sahənin inkişafı üçün münbit
şərait vardır. Bu gün iqtisadiyyatın digər sahələrində
fəaliyyət göstərən sahibkarlar üçün
mövcud güzəştlər turizm sahəsinə də
aiddir. Lakin düşünürəm ki, bununla kifayətlənməməliyik.
Əlavə tədbirlər görüləcəkdir. İlk
növbədə, turizm sektorunda fəaliyyət göstərən
sahibkarlarla görüş təşkil edəcəyik.
Qonşu ölkələrin, xüsusilə Türkiyənin təcrübələrindən
yararlana bilərik. Bizdə turizm komissiyası vardır. Bu məsələ
komissiyada müzakirə olunacaq,
razılaşdırılmış təkliflər hökumətə
təqdim ediləcəkdir.
Aygün ƏLİYEVA,
AzərTAc-ın müxbiri
Azərbaycan.- 2011.- 26 yanvar.- S. 2.