Dövlətin iqtisadi siyasəti əhalinin
sosial rifahının yaxşılaşmasına xidmət edir
Bu fikri dövlət
başçısı Nazirlər Kabinetinin son
iclasındakı nitqində bir daha səsləndirmişdir
Dövlət Statistika Komitəsi 2010-cu ildə Azərbaycanın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən hesabatını açıqlayıb. Hesabatdan ölkənin sosial-iqtisadi həyatında son illər müşahidə edilən sürətli inkişafın keçən il də davam etdiyi, istehsal və xidmət sahələrində qazanılmış uğurların yüksək artım sürətinin təmin olunduğu görünür.
Qazanılmış bu uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər Azərbaycanın inkişaf sürətinə görə dünya ölkələri arasında öncüllər sırasında olduğunu bir daha təsdiqləyir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində demişdir: "Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü. Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır".
Məhz həmin iqtisadi siyasətin nəticəsidir ki, keçən il ölkənin inkişafını xarakterizə edən əsas makro göstərici - ümumi daxili məhsul istehsalı 5 faiz və ya müqayisəli qiymətlərlə 1,8 milyard manat artaraq 41,6 milyard manata çatmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə ümumi daxili məhsulun 52,6 faizi sənayedə, 5,4 faizi kənd təsərrüfatında, 7,5 faizi tikinti kompleksində, 7,6 faizi ticarət və pullu xidmətdə, 6 faizi nəqliyyatda, 1,9 faizi rabitədə, 11,9 faizi digər xidmət və sosial sahələrdə yaradılmış, 7,1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Bu dövrdə neft sektorunda ÜDM istehsalı 1,8, qeyri-neft sektorunda 7,9 faiz artmışdır. Göründüyü kimi, dövlətin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət, ümumilikdə iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün həyata keçirdiyi tədbirlər nəticəsiz qalmır. Hesabatdan o da məlum olur ki, keçən il ölkə üzrə adambaşına 4653,3 manatlıq (5797,8 dollarlıq), yaxud 2009-cu ildəkindən 3,7 faiz əlavə dəyər istehsal olunmuşdur.
Ötən
il Azərbaycanın sənaye müəssisələrində
27,4 milyard manatlıq məhsul istehsal edilmişdir ki, bu da
2009-cu illə müqayisədə 2,6 faiz çoxdur. Sənaye
məhsulunun 75,8 faizi istehsal olunmuş mədənçıxarma
bölməsində 2010-cu ildə 51 milyon ton neft və 16,7
milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir. Bu
faktı dövlət başçısı Nazirlər
Kabinetinin iclasında belə qiymətləndirmişdir:
"Bizim iqtisadiyyatımız üçün əsas olan
sektorda - neft-qaz sektorunda keçən il bütün planlar
yerinə yetirildi. 51
milyon ton neft hasil edildi ki, onun da böyük hissəsi ixrac
olundu. 27 milyard kubmetr qaz (söhbət ümumilikdə qaz
hasilatından gedir - red.) hasil edildi. Hesab edirəm ki, bu il
qazın hasilatı və ixracı daha da artmalıdır.
Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən
böyük qaz yatağı aşkar edilmişdir.
"Ümid" yatağı bizim qaz potensialımıza əlavə
həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz ehtiyatlarımız
2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu il və gələn
il aparılacaq kəşfiyyat nəticəsində bu rəqəm
daha da artacaqdır".
Bununla yanaşı, ötən
il sənayenin digər bölmələrində də
artım qeydə alınmışdır. Rəsmi məlumatlara
görə, emal bölməsində istehsal olunmuş məhsul
sənayenin ümumi məhsulunun 19,1 faizini təşkil
etmiş və bölməyə daxil olan məhsullardan qida məhsulları
istehsalı 2,4, içki istehsalı 11,8, geyim istehsalı 10,3,
ağac məhsulları istehsalı (mebeldən savayı) 7,5,
neft məhsulları istehsalı 8,8, kimya sənayesi məhsulları
istehsalı 16,2, metallurgiya sənayesi məhsulu istehsalı
44,6, elektrik avadanlıqları istehsalı 82,8, maşın və
avadanlıqlar istehsalı 93,4 faiz, avtomobil qoşqu və
yarımqoşqular istehsalı 48,4 dəfə
artmışdır.
2010-cu il ölkənin tikinti kompleksi üçün də uğurlu olmuşdur. Belə ki, bu sahədə aparılan inşaat işləri üçün bütün maliyyə mənbələrindən 9,7 milyard manat vəsaitdən istifadə edilmiş, o cümlədən 6,4 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Yönəldilmiş vəsaitlərin 4,7 milyard manatı (48,6 faizi) məhsul istehsalı obyektlərinin inşasına sərf olunmuşdur. Bu məbləğin 7,3 milyard manatı (75,2 faizi) daxili vəsaitlərdir. Prezident Nazirlər Kabinetinin iclasında keçən il həyata keçirilən tikinti işləri ilə bağlı demişdir: "40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş, təmir edilmişdir. 5 olimpiya mərkəzi tiklmişdir, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Bir sözlə, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkənin inkişafı üçün vacib olan sahə həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, 2011-ci ildə də belə olmalıdır və şübhəsiz, investisiya proqramında sosialyönümlü layihələr nəzərdə tutulacaqdır".
Ölkənin dinamik inkişafı nəqliyyat sektorunun işini də xeyli canlandırmışdır. Statistikaya əsasən, nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 196,3 milyon ton yük və 1,4 milyard nəfər sərnişin daşınmışdır ki, bu da 2009-cu illə müqayisədə müvaifq olaraq 3,1 və 4,5 faiz çoxdur. Sözsüz ki, nəqliyyat sektorunda yük və sərnişin daşımalarının artımı bu sahəyə qoyulan investisiyalardan səmərəli istifadənin nəticəsidir. Bunu Prezident İlham Əliyev hökumətin son iclasındakı nitqində belə dəyərləndirmişdir: "Keçən il nəqliyyat sektoruna böyük investisiyalar qoyulmuşdur. Azərbaycanda bu da artıq ənənəvi mənzərədir. Bu sektor ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. Avtomobil yolları tikilir, yeni təyyarələr alınır. Ələtdə böyük beynəlxalq ticarət limanının təməli qoyulmuşdur, gəmiqayırma zavodunun tikintisinə başlamışıq. Yəni bütün bunlar böyük sərmayə tələb edən layihələrdir. Ancaq biz bunu edirik və gələcəkdə edəcəyik ki, Azərbaycanda bizim coğrafi vəziyyətimizə uyğun, müasir və güclü nəqliyyat infrastrukturu yaradılsın".
Hökumətin
əhalinin sosial müdafiəsini gücləndirmək və
maddi rifahını artırmaq sahəsində
gördüyü tədbirlər keçən il də davam
etdirilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına
görə, hesabat ilində ölkə üzrə iqtisadi və
sosial sahədə muzdla işləyənlərin orta aylıq
əməkhaqqı 2009-cu illə müqayisədə 9,1 faiz
çoxalaraq 325 manata çatmışdır.
İqtisadiyyatın ayrı-ayrı sahələrində
çalışanların orta aylıq maaşları isə
daha yüksək olmuşdur. Məsələn, keçən
il sənayedə çalışanlar hər ay orta hesabla
461,7, tikinti kompleksində işləyənlər 505,3, nəqliyyat
işçiləri 371,5, rabitəçilər 523,4 manat əməkhaqqı
almışlar. Ümumiyyətlə, ötən il əhalinin
gəlirləri əvvəlki ilə nisbətən 13,3 faiz
çoxalaraq 25,6 milyard, bu göstəricinin adambaşına
düşən məbləği isə 11,9 faiz artaraq 2866 manat
olmuşdur. Bu da öz növbəsində Azərbaycanda
yoxsulluğun səviyyəsinin daha da azalmasına zəmin
yaratmışdır. Dövlət başçısı
Nazirlər Kabinetinin iclasındakı nitqində bu barədə
demişdir: "2010-cu ilin yekunlarına görə
yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür
və artıq Azərbaycanda yoxsulluq şəraitində
yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük
nailiyyətimizdir. 7 il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə
aşağı düşmüşdür. Bu, bir daha göstərir
ki, bizim apardığımız islahatlar və iqtisadi artım
ilk növbədə Azərbaycan vətəndaşlarının
rifah halının yaxşılaşdırılmasına
yönəldilibdir. Onu da göstərir ki, Azərbaycanda enerji
sektorunda görülən işlər nəticəsində
ölkə xəzinəsinə daxil olan vəsait ədalətli
bölünür və beləliklə, Azərbaycanda sosial ədalət
prinsipi həmişə yüksək səviyyədə tətbiq
olunur".
Azərbaycan.- 2011.- 26 yanvar.- S. 2.