Nəcib missiyalar ünvanı
2010-cu ilin uğurlu yekunları
Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır.
Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədlər kifayət qədər genişdir və ictimai həyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Yola saldığımız 2010-cu ildə də bu sahədə fond tərəfindən görülən işlər kifayət qədər çoxdur.
Bu fondun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" və digər proqramlar çərçivəsində 300-dək məktəb, uşaq bağçası tikilib istifadəyə verilmiş, yaxud əsaslı təmir edilmişdir. Eyni zamanda, həmin təhsil müəssisələri müasir avadanlıqla təchiz olunmuş, müxtəlif bilik yarışları keçirilmişdir. 2010-cu il mayın 8-də fondun dəstəyi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məktəblilərin III "İntellekt" olimpiadası belə tədbirlərdən biridir.
Ötən il Goranboyda və Ucar rayonunun Alpı kəndində yeni məktəb binasının tikintisinə başlanmış, Səbail rayonunun Badamdar qəsəbəsindəki 236, Səbail rayonundakı 132 nömrəli orta məktəbin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Yenə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmirdən sonra Astaranın Kakalos kənd 1 nömrəli orta məktəbi öz qapılarını şagirdlərin üzünə açmış, Şəmkirdə üç məktəb yeni binaya köçürülmüşdür.
Avqustun 17-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblilər arasında keçirilən inşa müsabiqəsində qalib gələn 20 şagirdin Fransaya, Almaniyaya, Niderland və Belçika krallıqlarına səfərləri təşkil edilmişdir. Təhsillə bağlı uğurlu layihələri fond bir neçə xarici ölkədə də davam etdirmişdir. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə və şəxsi nəzarəti altında "Təhsilə dəstək" layihəsi çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbi, Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli azərbaycandilli ümumi məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunmuşdur.
Sentyabr ayında Moskvada YUNESKO-nun və Rusiya Federasiyası hökumətinin təşkilatçılığı ilə azyaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş "Millətlərin sərvətinin yaranması" mövzusunda ümumdünya konfransı keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva mərasimdə iştirak etmişlər. Noyabrın 9-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışı olmuşdur. Dekabr ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucar rayonunun Heydər Əliyev küçəsində Şahmat məktəbi üçün yeni binanın inşasına başlanmışdır.
Ölkəmizdə fiziki cəhətdən çətinlik çəkən insanlara göstərilən diqqət və qayğı son illər xeyli artmışdır. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də mühüm rol oynayır. Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında Gəncədə və Naxçıvanda regional informasiya mərkəzləri yaradılmışdır.
Azərbaycan mədəniyyətinin inkişafına da Heydər Əliyev Fondu tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu çərçivədə fond tərəfindən ötən ilin fevral ayında xalq artisti Ağaxan Abdullayevin 60, mart ayında xalq artisti Canəli Əkbərovun 70 illik yubileyləri münasibətilə onların musiqi albomları nəşr etdirilmiş, aprel ayında Moskvada Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğam gecəsi keçirilmişdir.
Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində dahi bəstəkar Şopenin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirmişdir. Növbəti layihə çərçivəsində Polşanın Bakıdakı səfirliyinin dəstəyi ilə məşhur polşalı pianoçu Stanislav Dea Azərbaycanın bölgələrində səfərdə olmuşdur.
Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış etmişdir. Mayın 10-da "Buta" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə mərasim keçirilmiş, ertəsi gün Heydər Əliyev sarayında Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində xalq artisti Firəngiz Əlizadənin "İntizar" operasının yeni quruluşda premyerası olmuşdur.
2009-cu ildə olduğu kimi, 2010-cu il mayın 17-26-da YUNESKO-da Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın dəstəyi ilə təşkil edilmiş Mədəni Özünüifadə Müxtəlifliyi üzrə Ümumdünya Günü münasibətilə III ənənəvi Müxtəliflik Festivalı keçirilmişdir. Təşkilatçılar festivalın nəfis şəkildə rəsmi kataloqunu və proqramını nəşr etdirmişlər. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" incəsənət qalereyasının təşkilatçılığı ilə mayın 26-da "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalının açılışı olmuşdur. İyunun 3-də fondun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədilə "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı keçirilmişdir. İyul ayında Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş Mədəniyyət mərkəzinin açılışı olmuş, sentyabr ayında paytaxtımıza gözəllik gətirən və sakinlərin asudə vaxtlarını mənalı keçirmələri üçün Bakının Nərimanov rayonundakı istirahət parkı əsaslı təmir və tikinti-quraşdırma işlərindən sonra istifadəyə verilmişdir. Ötən il iyunun 25-dən avqustun 5-dək fondun dəstəyi ilə Qəbələdə musiqi festivalı keçirilmişdir.
Oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq aşıq festivalının açılış mərasimi keçirilmişdir. Noyabrın 15-də Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və "Baku" jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" adlı sərgisi açılmışdır. Dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimi keçirilmişdir. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkil etdikləri festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etmək idi.
Mədəniyyət və incəsənətlə bağlı xeyriyyə tədbirləri ölkə xaricində də keçirilmişdir. Belə ki, 2010-cu ilin aprel ayında Moskvanın "Vozrojdeniye" nəşriyyatında tanınmış Azərbaycan yazıçı və publisisti Fərhad Ağamalıyevin "Bakıçılıq" kitabı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın köməyi ilə işıq üzü görmüşdür. Həmin ay Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə tanınmış Rusiya tarixçisi və publisisti Rudolf İvanovun "Basqın" kitabının təqdimatı olmuş, may ayında "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti" kitabı çapdan çıxmışdır. İyulun 6-da Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Sadaxlı kəndinin Mədəniyyət evinə Heydər Əliyev Fondu 50 adda bədii kitab hədiyyə etmişdir. Dekabrın 6-da Sankt-Peterburqda Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin açılış mərasimi olmuşdur. Abidənin yaradılması layihəsi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi altında Leninqrad vilayəti hökumətinin dəstəyi ilə həyata keçirilmişdir.
Xeyriyyə tədbirlərinə daim xüsusi önəm verən Heydər Əliyev Fondu fevralın 10-da şəkərli diabet xəstələrinin zəruri preparatla təmin olunması sahəsində növbəti aksiya keçirmişdir. Səhiyyə Nazirliyi, Azərbaycan Diabet Cəmiyyəti və "Novo Nordisk" şirkətinin ölkəmizdəki nümayəndəliyi ilə birgə həyata keçirilən bu layihə çərçivəsində respublikaya 2 min inyektor və çoxlu ucluq gətirilmişdir. Aksiya zamanı yeniyetmələr, hamilə qadınlar, qlükemik indeksi 9 faizdən yuxarı olanlar, xəstəliyi ciddi olan digər insanlar inyektor və ucluqla təmin edilmişlər.
Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində hər il qeydiyyatda olan 14 yaşınadək pasiyentləri dərman preparatı və qələm-iynə ilə təmin edir. Mart ayının 12-də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiya Müftilər Şurası Sosial Xeyriyyə və dini-maarifləndirmə departamenti ilə birlikdə Moskvanın iki uşaq evində səyyar xeyriyyə aksiyası keçirmişdir. Uşaqlara Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən gödəkçələr və digər hədiyyələr verilmişdir. Səyyar xeyriyyə aksiyası Moskvanın digər uşaq evində də təşkil olunmuşdur.
Martın 16-da Lənkəran şəhərindəki Osman Mirzəyev adına uşaq evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz şənliyi keçirilmişdir. Apreldə Salyanda mənzil problemi olan 167 ailə üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə fərdi ev tikintisinə başlanmış və dekabrın 30-da yeni yaşayış massivinin açılışı olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə avqust ayında Azərbaycanda şəkərli diabetli uşaqlar üçün analoqu olmayan psixo-sosial reabilitasiya yay məktəbi yenidən fəaliyyət göstərmişdir. Nizami rayonundakı 1 nömrəli uşaq evinin sakinləri növbəti dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə yay istirahətlərini Şüvəlandakı istirahət düşərgələrində keçirmişlər. Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə də start verilmişdir. Sentyabrın 17-də Heydər Əliyev Fondunun dəstəyi ilə "WORLDMED" klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.
Bu fondun və "Sanofi-aventis" şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunmuşdur. Həmin gün Lerik Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmiş, oktyabrın 4-də akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası Daşkəsəndə xəstələri müayinə etmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işləri Heydər Əliyev Fondu 2010-cu ildə də davam etdirmiş, fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü dünyanın 100-dən artıq şəhərində qeyd olunmuşdur. Mərasimlərin hər il keçirildiyi şəhərlər sırasına Oslonun da adı əlavə edilmişdir. Fondun gərgin əməyi sayəsində, əvvəlki illərdən fərqli olaraq, indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlar ala bilirlər. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləməyə başlamışlar.
Heydər Əliyev Fondunun fəaliyyəti beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, fondun prezidenti Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilmişdir. May ayında isə Misir Ərəb Respublikasının birinci xanımı Süzan Mübarək Mehriban xanım Əliyevaya məktub göndərərək onun Misirin məşhur İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasına fəxri üzv seçildiyini bildirmişdir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.- 26 yanvar.- S. 3.