Azərbaycanın AŞ PA-dakı
10 ili haqqında yeni sənəd hazırlanmışdır
Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarından olan Avropa Şurasında həqiqi üzv kimi fəaliyyətinin 10 ili tamam olur.
Bu münasibətlə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov yeni sənəd hazırlamışdır. "Azərbaycanın Avropa Şurasında 10 ilinin qarşılıqlı faydalı nəticələri və perspektivləri" adlanan və yazılı bəyannamə kimi hazırlanmış bu sənədin əsas mövzusu Azərbaycan-AŞ PA əməkdaşlığı, tərəflərini bir-birilərinə verdiyi töhfələr olsa da, burada yenə ölkəmiz üçün birinci dərəcəli əhəmiyyət daşıyan Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti bir daha hədəfə gətirilmişdir.
Sənədin müəllifi R.Hüseynov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində demişdir: "Ümummilli liderimiz Heydər Əliyev 2001-ci ilin yanvarında bizi Avropa Şurasına yola salarkən həm nəsihət, həm vəsiyyət sayılası, bu təşkilatda gələcəkdə fəaliyyətimizin başlıca səmtlərini nişan verən unudulmaz sözlər demişdi. Söyləmişdi ki, Avropa Şurasının demokratiya təcrübəsini mükəmməl öyrənərək Azərbaycana gətirin, Azərbaycanın nailiyyətlərini və həqiqətlərini Avropa Şurası tribunasından istifadə edərək dünyaya yayın, bir də ən vacibi ərazilərimizin işğal edilməsi, yüz minlərlə insanımızın qaçqın və köçkünə döndərilməsi faktını daim diqqətə çatdırın. Biz Avropa Şurasında olduğumuz 10 il boyunca həmişə bu düstura riayət etmişik".
R.Hüseynovun hazırladığı yeni sənədə Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdən olan 20-dən artıq deputat imza atmışdır.
Sənəddə göstərilir: "Yeni müstəqil dövlətlərin və o sıradan Azərbaycanın Avropa Şurasının tərkibinə daxil olması nəticəsində son 15 il ərzində həm bu təşkilatda, həm də yeni üzv dövlətlərdə ciddi dəyişikliklər baş vermişdir. 2011-ci ilin yanvarında AŞ PA-dakı fəaliyyətinin 10 ili tamamlanan Azərbaycanın nümunəsi bu əməkdaşlığın nəticələri və gələcək imkanları barədə əyani təsəvvür yaradır. 70 il qapalı rejim içərisində yaşamağa məcbur olmuş Azərbaycan Avropa Şurasına həqiqi üzv kimi qəbul edildikdən sonra bu təşkilatın bilavasitə təsiri və zəngin təcrübəsinin tətbiqi ilə ölkədə demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, azad mətbuat məkanının formalaşdırılması, insan hüquq və azadlıqlarının daha geniş təmin edilməsi istiqamətində sürətli inkişaf baş vermişdir. Azərbaycanın dövlət başçısının Avropa Şurasının yetirməsi olması və bu təşkilatın dəyərlərinə sadiqliyi həmin əməkdaşlığın səmərəliliyi və intensivliyini şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda, Azərbaycan da Avropa Şurasının bütövləşməsi və zənginləşməsi üçün bu müddət ərzində öz layiqli töhfələrini vermişdir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri təşkilatın bir sıra strukturlarında rəhbərlikdə təmsil olunmuş, Ümumavropa əhəmiyyətli 10-dan çox məruzə hazırlamış, yüzlərlə çıxış etmiş, istisnasız olaraq bütün sessiyalarda fəallıqları ilə seçilmişlər. Parlament Assambleyasının bir sıra komitə və alt komitələrinin iclasları və kollokviumları da Azərbaycanda keçirilmişdir.
Qarşılıqlı əməkdaşlığın ən mühüm tərəflərindən biri Assambleyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsinə Avropa Şurasının həssas, obyektiv münasibət göstərməsi, bu haqda ayrıca qətnamə (1416) qəbul etməsidir. Azərbaycan AŞ PA-nın bu məsələdə gələcəkdə daha qətiyyətli mövqe tutacağı, problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə səy göstərəcəyi inamındadır".
Sənəd AŞ PA katibliyi tərəfindən qəbul edilərək ingilis və fransız dillərində nəşr edilmiş, qış sessiyasının ikinci iş günündə, Azərbaycanın bu qurumda tamhüquqlu üzv olaraq işə başlamasının düz 10-cu ildönümündə nəşr edilərək yayılmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2011.- 26 yanvar.- S. 4.