Azərbaycan Avropa Şurası ilə əməkdaşlıqda maraqlıdır

 

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yanvarın 24-də fasilədən sonra Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı polşalı deputat Tadeuş İvinskinin hazırladığı məruzə ətrafında müzakirələri davam etdirmişdir.

Bu məsələ ilə bağlı Rusiyadan, Böyük Britaniyadan, İsveçdən, Fransadan, Rumıniyadan olan deputatlar çıxış edərək Azərbaycanda parlament seçkilərinin sakit şəraitdə keçdiyini xüsusi vurğulamış, beynəlxalq müşahidəçilər üçün hər cür şərait yaradıldığını qeyd etmiş, Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrini müasir texniki avadanlıqla təmin etdiyini diqqətə çatdırmışlar.

Azərbaycan nümayəndə heyətinin üzvü Fəzail İbrahimov çıxışında bildirmişdir ki, Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul olunarkən üzərinə götürdüyü bütün öhdəliklərə əməl etmişdir. Ötən il noyabrın 7-də Azərbaycanda parlament seçkiləri demokratik, beynəlxalq hüquq normalarının tələblərinə cavab verən şəkildə keçirilmişdir.

Milli Məclisin deputatı parlament seçkilərinin Ermənistanla müharibə şəraitində, hər gün atəş səslərinin eşidildiyi bir vaxtda keçirildiyini xüsusi qeyd etmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında demişdir:

- Biz Azərbaycan nümayəndə heyəti olaraq, bu sessiyanın gedişində ölkəmizdə, həqiqətən, nələrin baş verdiyinə aydınlıq gətirmək istərdik. Bu seçkiləri 47 mindən çox yerli və beynəlxalq müşahidəçinin izləməsi Azərbaycanda bu seçkilərə nə qədər böyük önəm verildiyinin göstəricisidir. Seçkiöncəsi müşahidələr də seçki prosesini daha yaxşı anlamaq üçün çox vacibdir. Mən hər iki müşahidə missiyasının rəhbəri olmuş Pol Villeyə təşəkkürümü bildirmək istərdim. Bildiyiniz kimi, bu seçkilərlə bağlı AŞ PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Parlamenti birgə bəyanat qəbul etmişlər. Bu sənəddə yuxarıda adlarını çəkdiyim təşkilatların mənim ölkəmin gələcəyi naminə Azərbaycanla əməkdaşlıqlarını davam etdirəcəkləri qeyd olunmuşdur. Bu çox mühüm bir məsələdir. Çox təəssüf ki, bir qrup ayrı-ayrı şəxslər seçkilərin belə sakit tərzdə keçdiyini nəzərə almaq istəmirlər. Onlar ölkədəki bütün siyasi partiyaların seçkilərdə iştirakını lazımi şəkildə qiymətləndirmədilər. Bütün namizədlərə ölkənin ictimai televiziyasında efir vaxtı ayrıldı. Onlar bu seçkilərlə bağlı beynəlxalq təşkilatların məqbul sayılan rəylərini də qəbul etmək istəmədilər və bizi tənqid və şantaj atəşinə tutdular. Özü də, tək hakim partiyaya qarşı deyil, eyni zamanda bunu beynəlxalq müşahidəçilərə də şamil etdilər. Bu baxımdan, mən bir daha AŞ PA-ya və onun üzvlərinə öz təşəkkürümü bildirmək istərdim. Çünki seçkilərdə iştirak etmiş AŞ PA üzvləri onların ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan olan həmkarlarından fərqli olaraq, vəziyyətin daha real tərəfini əks etdirdilər. Bu baxımdan, hesab edirəm ki, bu seçkilər birmənalı olaraq irəliyə atılan növbəti addımdır. Eyni zamanda biz bu təşkilatın məsləhət və töhfələrini dinləməyə və əməkdaşlıq etməyə hazırıq.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Rafael Hüseynov məruzə ətrafında müzakirələrdə çıxış edərək demişdir:

- Bu yanvar günlərində Azərbaycanın demokratiya məktəbi adlandırılan Avropa Şurasına həqiqi üzv kimi qəbul edilməsinin 10 ili tamam olur. 2011-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyinin 20 yaşını qeyd edəcəkdir. Beləliklə, bu müstəqilliyin tən yarısını Azərbaycan Avropa Şurasında keçirmişdir. Demokratik islahatlar, hüquqi dövlət quruculuğu, insan haqlarına hörmət baxımından hansı irəliləyişlərə nail olmuşuqsa, bunların hamısında Avropa Şurasının danılmaz payı vardır. 70 il sovet rejimi kimi qapalı bir sistem içərisində mövcud olmaq məcburiyyətində qalmış ölkələrin demokratiya yolundakı hər bir tərəqqisi xüsusi vurğulanmalı, ağır mirasdan azad olmaq üçün göstərdikləri səylər ayrıca dəyərləndirilməli, hələ tam qurtula bilmədikləri qüsurlara insafla, ədalətlə, anlama duyğusu ilə yanaşılmalıdır.

Azərbaycan müstəqillik dövründə 4 parlament seçkisi keçirmişdir. Mən həmin seçkilərin dördündə də iştirak etdiyimdən hadisələrin bilavasitə şahidi kimi müqayisə və təhlil etmək imkanım vardır. Hər yeni seçkidə Azərbaycan vətəndaşlarının ictimai fəallığının nə qədər artdığının, Azərbaycan dövlətinin seçkiləri beynəlxalq standartlara daha da uyğunlaşdırmaq səyində necə inadkar olduğunu görməmək mümkün deyildir. Lakin mən böyük inkişafın əldə olunması həqiqətini yalnız 1995-ci ilin Azərbaycanını 2000-ci ilin Azərbaycanı, 2005-ci ildəki seçki keçirən xalqımı 2010-cu ildəki ölkəmlə müqayisə edərək təsdiqləməklə kifayətlənmirəm. İş ondadır ki, Parlament Assambleyasında fəaliyyət göstərdiyimiz 10 il ərzində mən də, nümayəndə heyətimizin üzvü olan digər deputatlar da bir sıra üzv ölkələrdə keçirilmiş parlament və prezident seçkilərini Avropa Şurasının təmsilçisi olaraq müşahidə etmişik. Azərbaycanın uğurları bu böyük kontekstdə nəzərdən keçirilib, ayrı-ayrı ölkələrlə tutuşdurularkən də açıq-aşkar duyulur.

1994-cü ildə mən "Amerikanın səsi" radiosunun müxbiri idim, "Azərbaycanı Avropa Şurasına hələ üzv yox, dəvətli qonaq statusu ilə qəbul etmək olarmı" məsələsini araşdırmaq üçün Bakıya gəlmişdim. Parlament Assambleyası ekspertlərinin Azərbaycanın o vaxtkı dövlət başçısı Heydər Əliyevlə görüşünü izləyirdim. Azərbaycan lideri dedi: "Biz demokratiya yolunu seçmişik və nə qədər çətin imtahanlarla qarşılaşsaq da, niyyətimizdən dönməyəcəyik".

Eyni düşüncəni buradan, Parlament Assambleyasının kürsüsündən deputat olarkən də, Azərbaycan Prezidenti seçiləndən sonra da İlham Əliyev də dəfələrlə bəyan etmişdir.

Azərbaycandakı son parlament seçkiləri bu bəyanatların əyani təsdiqi, demokratik dəyərlərə sadiqliyin daha bir ifadəsi oldu. Biz bu gün bir daha elan edirik ki, Azərbaycan hamımız üçün vacib olan demokratiya yolu ilə sonadək gedəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 4.