Abdullah Gül: Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır

 

Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır. Bu fikri yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Türkiyə Prezidenti Abdullah Gül fransalı deputata verdiyi cavabda səsləndirmişdir.

A.Gül fransalı deputatın "Nə üçün Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılmasında Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan torpaqlarının işğaldan azad olunması şərtləri önə çəkilir" sualına cavabında demişdir: "Türkiyənin son vaxtlar tətbiq etdiyi xarici siyasət xəttindən xəbəriniz vardır. Türkiyə qonşulari ilə sıfır probleminə söykənən xarici siyasət kursu həyata keçirir. Bu, çox böyük məsafələri əhatə edir. Şübhəsiz, Ermənistan da qonşumuzdur. Biz Ermənistanla da münasibətlərimizi yaxşılaşdırmağı çox arzu edirik. Ermənistana ilk səfər edən Türkiyə Prezidenti mən olmuşam. Ermənistan prezidentinə yazdığım məktubda münasibətlərin normallaşdırılması yönündə cəsarətli addımların atılmasının lazım olduğunu söyləmişəm".

Abdullah Gül sözünə davam edərək demişdir: "İndi bizim siyasi iradəmizin əsas hədəfi münasibətləri normallaşdırmaqdır. Bunun üçün Ermənistan tərəfi də siyasi iradə nümayiş etdirməlidir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı faktı BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunmuşdur. Bu işğala son qoyulması tələb olunur. Bunu əhəmiyyətsiz bir hadisə kimi qiymətləndirmək olmaz. Siz sualınızda Azərbaycanın torpaqları işğal olunduğu üçün bu protokolları ratifikasiya etmirsiniz deməklə, əslində, işğal faktını əhəmiyyətsiz hadisə kimi dəyərləndirirsiniz. Bu, Avropa Şurasının da, BMT-nin də prinsiplərinə tamamilə ziddir. Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır, hətta Ermənistan da işğal etdiyi torpaqların Azərbaycana aid olduğunu bilir.

Qafqazın təhlükəsizlik, əməkdaşlıq regionuna çevrilməsi vacibdir. Bu problemlər mövcud olduqca, Qafqaz regionu Avropa ilə Asiya arasında divar olaraq qalacaqdır. Amma bu bölgədə təhlükəsizlik təmin olunsa, problemlər həll edilsə, o zaman Qafqaz Avropa ilə Asiya arasında çox böyük bir qapı olacaqdır. Məhz buna görə də bu problemləri həll etmək üçün hamımızın birgə səy göstərməyimiz lazımdır. Bizim bu istiqamətdə çox böyük siyasi iradəmiz vardır. Umid edirik ki, bölgədəki bütün problemlər öz həllini tapacaq, Qafqaz çox yüksək əməkdaşlıq regionuna çevriləcək və inkişaf edəcəkdir. Bizim indiyədək atdığımız bütün addımlar bu məqsədə xidmət etmişdir və bunu davam etdirməkdə qərarlıyıq".

Prezident Abdullah Gül AŞ PA-dakı çıxışı zamanı erməni deputatın "Türkiyə nəyə görə ermənilərə qarşı törədilmiş soyqırımı tanımır" - sualına cavabında demişdir: "Əvvəla, soyqırımı ifadəsini qəbul etmir və düzgün saymırıq. Keçmişimizdə və tariximizdə hər hansı soyqırımı törətdiyimizi qəbul etmirik. Ancaq əgər bunu qəbul edib, soyqırımı olduğunu iddia edənlər varsa, o zaman çox açıq bir şəkildə bəyan edirik: gəlin, bu məsələ ilə bağlı ortaq komissiya yaradaq və soyqırımı olub və ya olmayıb deyən alimlər, tarixçilər bir araya gəlsinlər. Gəlin, arxivlərimizi tam açaq və ondan sonra bu komissiyanın qəbul edəcəyi yekun nəticələri qəbul edək. Hətta "soyqırımı törədilib" deyən üçüncü tərəf varsa, o tərəfin elm adamları da bu işə qoşulsun və nəticələri birgə açıqlayaq. Soyqırımı hansısa irqi və dini qisimdən olan bir milləti məhv etmək deməkdir. Amma o dövrə baxsanız, erməni əsilli Türkiyə vətəndaşlarının Osmanlı imperatorluğunda böyük vəzifələrdə olduğunu görərsiniz.

Bundan əlavə, o zamanlar İstanbuldakı bütün erməni kilsələri rahat fəaliyyət göstərirdi. Buna soyqırımı deyilməsi qəbuledilməzdir. Amma soyqırımı iddia edilirsə, qoy bütün arxivlər açılsın və nəticələr hamı tərəfindən qəbil edilsin".

Türkiyə dövləti başçısının AŞ PA tribunasından çıxışı və suallara cavabı alqışlarla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 4.