İKT Parlament İttifaqının II fövqəladə konfransı keçirilmişdir

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları, İslam Konfransı Təşkilatı Parlament İttifaqında (İKT Pİ) Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və Sabir Rüstəmxanlı yanvarın 16-dan 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş İKT Pİ-nin II fövqəladə konfransında iştirak etmişlər.

Əvvəlcə - yanvarın 16-17-də İKT Pİ siyasi və iqtisadi məsələlər üzrə, hüquqi məsələlər, insan hüquqları və ətraf mühit üzrə və qadın, sosial və mədəni məsələlər üzrə daimi ixtisaslaşmış komitələrin iclasları olmuşdur.

Komitə iclaslarında Azərbaycan nümayəndə heyəti müzakirə olunan məsələlərə öz münasibətini bildirmiş, "İslam Konfransı Təşkilatı Parlament İttifaqı və Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumu əməkdaşlığına dair" və "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihələrini müzakirəyə təqdim etmişdir.

Birinci qətnamədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının əhəmiyyəti xüsusi qeyd edilmişdir. İKT Pİ Leyla xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirmiş və bu rəy qətnamədə öz əksini tapmışdır.

İkinci qətnamədə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi öz əksini tapmış və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.

G.Baxşəliyeva Azərbaycan nümayəndə heyətinin təklif etdiyi qətnamə layihələrinin qəbul olunmasına görə öz təşəkkürünü bildirmiş və yekun bəyannaməyə Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirməsi və Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi soyqırımının insanlığa qarşı cinayət kimi tanınması barədə maddələrin salınmasını təklif etmişdir.

Konfransda regional problemlərin həlli yolları, nüvə enerjisindən digər məqsədlərlə istifadə edilməsi, Qərb dövlətlərinin parlamentləri ilə əməkdaşlıq və digər məsələlər müzakirə edilmişdir.

Konfransda, həmçinin İKT Pİ-nin daha çevik, mobil, operativ işləməsini təmin etmək məqsədi ilə qurumun Nizamnaməsinə dəyişikliklər edilmiş, komitələrin sayı 4-ə çatdırılmışdır.

Sonda konfransın yekun bəyannaməsi qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 4.