Vergilər Nazirliyində
keçirilmiş mətbuat konfransında ötən ilin
yekunları və qarşıda duran vəzifələr barədə
danışıldı
Vergilər Nazirliyində ötən ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Qeyd olunmuşdur ki, 2010-cu ildə vergi sistemində həyata keçirilən islahatlar davam etdirilmiş, vergi nəzarəti təkmilləşdirilmiş, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti yüksəldilmişdir. Keçən il nazirlik tərəfindən dövlət büdcəsinə 4 milyard 294 milyon manat vəsaitin ödənilməsi təmin olunmuşdur ki, bu da 2009-cu illə müqayisədə 180,6 milyon manat və 4,4 faiz çoxdur. Daxil olan vergilərin 63,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Bu sektordan vergi daxilolmalarının həcmi əvvəlki ilə nisbətən 13,6 faiz artmışdır.
2010-cu ildə vergi yoxlamalarının səmərəliyinin artırılması üçün vergi auditinin metodologiyası və aparılma prosedurları təkmilləşdirilmişdir. Başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə əlavə hesablanmış vergi məbləği ötən illə müqayisədə 43,1 milyon, vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyaları isə 12,1 milyon manat artmışdır. Ümumiyyətlə, il ərzində vergi borclarının məbləği ötən illə müqayisədə 1,6 milyard manat azalmışdır.
Mətbuat konfransında o da vurğulandı ki, keçən il vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması, o cümlədən məlumatlandırma və maarifləndirmə sahəsində aparılan işlər gücləndirilmiş, "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin İnkişafı Konsepsiyası" təsdiq olunmuşdur. Habelə vergi ödəyicilərinə lazımi məlumatların vaxtında çatdırılması üçün onların e-qutularına elektron məktublar, şəhər telefonlarına səsli mesajların və mobil telefonlarına SMS-lərin göndərilməsinə başlanmışdır. Konfransda bir fakt da səsləndi ki, il ərzində vergi orqanlarına 37500 müraciət daxil olmuşdur ki, onların da 80 faizi müsbət həll olunmuşdur. Vətəndaş müraciətləri və təqdimatlar üzrə aparılmış araşdırmaların nəticələri ilə bağlı isə 70 vergi əməkdaşına töhmət, 166-sına şiddətli töhmət verilmiş, 4-nün xüsusi rütbəsi aşağı salınmış, 10 nəfər vergi orqanlarında xidmətdən azad edilmişdir.
Konfransda çıxış edən nazirliyin rəsmisi bildirdi ki, ötən il "Elektron hökumət" layihəsi çərçivəsində yüksək texnologiyaların tətbiqi prosesi davam etdirilmiş, "elektron vergi hesab-fakturaları" və "on-line kargüzarlıq" sistemlərinin tətbiqinə başlanılmışdır. Artıq vergi ödəyicilərinin böyük əksəriyyəti bəyannamələrini elektron formada təqdim edirlər. ƏDV ödəyiciləri üzrə bu göstərici 93 faiz təşkil edir. Prosesin bütün ölkə ərazisini əhatə etməsi və internet şəbəkəsinin kifayət qədər inkişaf etmədiyi rayonlarda internetə çıxışın təmin olunması üçün vergi ödəyicilərinə xidmət göstərən 17 xidmət terminalı istifadəyə verilmişdir. 2011-ci ildə daha 10 belə terminalın tikintisi başa çatdırılacaq.
Ölkənin vergi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), onun Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi ilə əlaqələrin genişləndirilməsinə yönəlmiş tədbirlər keçən il də davam etdirilmişdir. Artıq 40 ölkə ilə "Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" beynəlxalq müqavilələr imzalanmışdır. 14 dövlətlə isə bu barədə müzakirələr aparılır.
Konfransda
xüsusi qeyd olundu ki, Nazirlər Kabinetinin yanvar ayının
14-də keçirilmiş iclasında Prezident İlham Əliyev
2011-ci ildə vergitutma bazasının genişləndirilməsi,
vergidənyayınma hallarının qarşısının
alınması və nağd hesablaşmaların xüsusi
çəkisinin minimuma endirilməsi ilə bağlı ciddi
tapşırıqlar vermişdir. Hazırda həmin
tapşırıqların icrası ilə bağlı Vergilər
Nazirliyi müvafiq təkliflər hazırlayır və həmin
təkliflər aidiyyəti dövlət orqanları ilə
razılaşdırıldıqdan sonra ölkə rəhbərinə
təqdim olunacaq.
Azərbaycan.- 2011.- 26 yanvar.- S. 5.