İrəlidə-geridə,
sağda-solda... minadır
ANAMA-nın əməkdaşları
isə ilk və son səhvə yol vermədən insanları
xilas etmək qətiyyətindədirlər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan keçən ağrılı-acılı dövrün, torpaqlarımızın 20 faizinin erməni hərbi birləşmələri tərəfindən işğalının doğurduğu arzuolunmaz fəsadların izləri bu gün də yaşamaqdadır - hər bir azərbaycanlının ürəyində, xatirəsində, üzərində gəzib-dolaşdı, taxıl əkib bağ saldığı hər qarış torpağında, qəriblikdə qalan boynubükük bənövşəsində, Xarı bülbülündəE
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra işğal olunmuş ərazilərin bir qisminin mütəşəkkil ordumuz tərəfindən azad edilməsi torpağa bağlı soydaşlarımızın öz doğma ocaqlarına qayıtmasına rəvac verdi. Öz qolunun gücünə, ağlına, iradəsinə güvənən insanlar illərlə qəribsəmiş, toxuma həsrət torpaqda bərəkət ətirli şırımlar açdılar, arxlar qazdılar, sıra-sıra ağaclar əkdilər. Bu qayıdış, çox təəssüf ki, bəzən gözlənilməz hadisələrlə, qan qoxuyan sürprizlərlə də müşayiət olundu. Ermənistan ordusunun xəyanətkar sifəti Azərbaycan ərazisində torpağın alt qatında da özünü göstərdi. Faşist xislətlilərin sonranın ağlagəlməz hadisələrində rol oynayan "əmanət"lərinin - müxtəlif təyinatlı döyüş sursatlarının, tank əleyhinə minaların törətdiyi faciələr, çox təəssüf ki, elə bu gün də davam edir. Ailəsinin sabahkı günü üçün azuqə istəyində olan traktorçu və buldozerçilər, qapısının qoyun-quzusunu örüşə çıxaran yeniyetmələr, bir səhəng içməli su dalınca yollanan qız-gəlinlər, eləcə də soyuq səngərlərdə vətən keşiyində dayanan igid oğullarımız ağıllarına belə gəlmədən minaya düşür, yaralanır, həyatlarını itirirlər. Bu faciələrin, gözlənilməz hadisələrin qarşısının alınması ölkənin siyasi rəhbərliyinin, Ali Baş Komandanın daim diqqət mərkəzindədir.
1998-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılması ölkədə mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım kimi dəyərləndirilməlidir. Agentliyin qarşısında qoyulan əsas vəzifə beynəlxalq standartlara uyğun şəkildə təmizlənməsi mümkün olan ərazilərdə və işğaldan azad ediləcək torpaqlarda humanitar minatəmizləmə işlərini həyata keçirməkdir.
Ötən illər ərzində ANAMA beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olmuşdur. Hazırda bu qurumun potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə - minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna və çevik əməliyyat qrupuna malikdir. Agentliyin direktoru Nazim İsmayılov bildirir ki, hazırda minatəmizləmə sahəsində 480 nəfər mütəxəssis fəaliyyət göstərir. Bu qurum donor ölkələrlə birgə uzun bir yol keçərək hazırkı yüksək səviyyəyə çatmışdır. O dedi:
- Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 2004-2008 və 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq humanitar minatəmizləmə əməliyyatları respublikamızın 12 bölgəsində icra olunmuş və bu gün də davam etdirilməkdədir. Bəri başdan deməliyəm ki, bərpa və yenidənqurma işlərinə maneçilik törədən, ən başlıcası isə, müharibədən zərər çəkmiş ərazilərdə məskunlaşmış əhalinin təhlükəsizliyinin təmin edilməsinə çətinlik yaradan, əkin-biçin üçün gərəkli olan torpaq sahələrinin minadan təmizlənməsi problemi hələ də tam həllini tapmamışdır. 1999-cu ildən bəri ANAMA üst-üstə 151.620.918 kvadratmetr ərazini mina və digər partlamamış hərbi sursatlardan təmizləmiş və bu ərazilərin təhlükəsizliyi barədə müvafiq qurumlara sertifikatlar vermişdir. Rəqəmlərlə desək, cəbhəyanı ərazilərdən 641 min 169 mina və partlamamış döyüş sursatları aşkar edilərək məhv olunmuşdur. Ərazilərin təmizlənməsi əməliyyatları əsasən Tərtər, Ağdam, Füzuli, Ağstafa, Bakı şəhərinin Qaradağ rayonu ərazisində aparılmışdır.
Nazim İsmayılov bildirir ki, 1990-cı illərin əvvəllərində sovet ordusu hissələri Azərbaycandan çıxarkən ölkənin bir sıra regionlarında, eləcə də paytaxtətrafı ərazilərdə - Güzdək və Hacı Zeynalabdin qəsəbələrində, hətta televiziya qülləsi ətrafında partlamamış hərbi sursat ehtiyatları, radiaktiv tullantılar qoyub getmişlər. Onların bu "yadigarları" Fövqəladə Hallar, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin müraciətləri əsasında çevik əməliyyat qrupu tərəfindən vaxtında aşkara çıxarılmış və zərərsizləşdirilmişdir.
ANAMA öz fəaliyyətində daim beynəlxalq əməkdaşlıqdan bəhrələnir, müasir texnologiyaların tətbiqinə xüsusi fikir verir. Məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmalarına daim yardımçı olmaq məqsədilə aparılacaq önəmli minatəmizləmə işlərinə hazırlığı təmin etmək üçün ANAMA 2004-cü ildən başlayaraq Ağdam bölgəsində İKONAS peykindən çəkilmiş təsvirlərdən istifadə edir. ANAMA ərazilərin minalardan və PHS-lərdən təmizlənməsi ilə yanaşı, zərərçəkənlərlə də məqsədyönlü iş aparır. 2000-ci illərin əvvəllərindən başlayaraq aparılmış tədqiqatların nəticələrinə əsasən 1981 minadan zərərçəkmiş qeydiyyata alınmışdır. 2004-cü ildə ANAMA "Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi" layihəsini həyata keçirmişdir. ABŞ-ın Azərbaycandakı səfirliyinin həmin ölkənin "Marşal Leqasu" İnstitutunun maliyyə dəstəyi ilə "Minadan zərərçəkənlərə bərabər imkanlar" layihəsi "Dirçəliş" - Gənclərin Sosial və Psixoloji Reabilitasiyası Mərkəzi tərəfindən ANAMA ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilmiş və Azərbaycanın beş rayonunu əhatə etmişdir. Layihənin icrasına 2008-ci ilin noyabrında başlanmışdır və indiyədək davam edir.
"Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım Proqramı" bu təhlükə ilə üzləşmiş insanların cəmiyyətə inteqrasiya olunmalarına yönəlmişdir. Proqramın ikinci mərhələsi 2010-cu ilin əvvəllərindən başlanıb və gələcəkdə bu işin davam etdirilməsi nəzərdə tutulur. Ötən il həyata keçirilmiş "Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi" layihəsi əsasında 23 bölgədən 110 nəfərin 20 günlük müalicəsi ilə başa çatdırılmışdır. 2007-2009-cu illərdə qeyri-hökumət təşkilatı olan "Çıraq" firması tərəfindən minadan zərərçəkənlərə 209 əlil arabası paylanmışdır.
ANAMA beynəlxalq minatəmizləmə təşkilatları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini uğurla həyata keçirir. 2009-cu ildən başlayaraq bu qurum Dövlət Proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanıstan, Gürcüstan və Tacikistandan olan mütəxəssislər üçün təlimlər keçirmişdir. 2010-cu ildə ANAMA və "NOKTA" şirkəti arasında Qaziantep vilayətində Türkiyə-Suriya arasındakı sərhəd zolağının minalardan təmizlənməsi əməliyyatlarının icra olunması ilə bağlı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən ANAMA-nın mütəxəssisləri təmizləmə işlərini icra edəcək yerli sakinlərdən ibarət şəxslərə təlimlər keçmiş, əməliyyatların icrasına nəzarət etmişlər. ANAMA-nın başlıca strategiyası gələcəkdə də digər ölkələrlə ikitərəfli əməkdaşlığı davam etdirməkdən ibarətdir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin fəaliyyətində bu sahə üzrə maarifləndirmənin gücləndirilməsi mühüm yer tutur. Xatırladaq ki, 2000-ci ildən bəri ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə fəaliyyəti uğurla davam etdirilir. Bu proqramın əsas məqsədi mina və müharibənin partlamamış qalıqları (MPQ) ilə çirklənmiş və onlara yaxın təhlükəli ərazilərdə yaşayan əhali arasında düzgün hərəkət qaydalarını təbliğ etməklə yanaşı, qismən də olsa baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaqdır. Maarifləndirmə ilə bağlı fəaliyyət məktəb proqramı, icma səviyyəli fəaliyyətin, milli potensialın yaradılmasını və əhali arasında ümumi maarifləndirmə işlərinin gücləndirilməsini əhatə edir. 2004-cü ildə ANAMA, UNİSEF və Təhsil Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu sərhədyanı ərazilərdə yerləşən məktəblərdə bu problemin öyrənilməsi üçün hüquqi baza yaratdı. UNİSEF və ABŞ AVROKOM-un maliyyə dəstəyi ilə maarifləndirmə üzrə dərsliklər hazırlanaraq məktəblərə paylanmışdır. Bunun nəticəsidir ki, indi şagirdlər bu problemə daha həssaslıqla yanaşır, mina təhlükəsi ilə rastlaşdıqda ANAMA-nın əməliyyatçılarına, polisə və məktəb rəhbərlərinə dərhal məlumat verirlər. Ölkənin 9 rayonunda yaradılan könüllülərdən ibarət komitələrin fəaliyyəti də ANAMA-nı razı salır.
Mina Təhlükəsizliyinə Dair Maarifləndirmə üzrə Milli Potensialın gücləndirilməsi ölkənin əlaqədar nazirlikləri, hökumət və qeyri-hökumət təşkilatları, media ilə sıx əməkdaşlığı zəruri edir. Bu sahədə fəallığın yüksəldilməsi mina və partlamamış hərbi sursatlarla bağlı problemlərin uğurlu həllinə kömək edir, zərərçəkənlərin sayının ilbəil azalması ilə nəticələnir.
Akif CABBARLI
Azərbaycan.- 2011.-26
yanvar.- S. 5.