Puşkin meydanında və Bakıda qərənfillərin aqibəti

 

Qara yanvardan qalan bir işıqlı xatirə

 

Vladimir Medvedev 1984-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun müddət "Komsomolskaya Pravda" qəzetinin BAM-da təmsilçisi olub, hazırda "Zemlyaki" jurnalının xüsusi müxbiridir. O, 1990-cı ilin qanlı yanvar hadsisələrini işıqlandırmaq üçün "Komsomolskaya Pravda" qəzeti tərəfindən Bakıya ezam edilən jurnalistlərdən biri olub. O, Bakıya 1990-cı il yanvarın 25-də gəlib. Biz Volodya ilə eyni kursda oxumuşuq, xoş münasibətlərimiz olub. Riyakarlıqdan, yalandan uzaq, səmimi və ədalətli bir insandır. Bizim xahişimizlə Vladimir, aradan 21 il ötməsinə baxmayaraq, hər bir jurnalist üşün çətin sayılan bu ezamiyyətdə bəzi məqamları "Azərbaycan" qəzeti üşün xatırlamağa çalışıb. Onunla bir neçə ildir ki məktublaşırıq. O, 20 Yanvar hadisələri ilə bağlı Bakıya gələndə qisasdan ağzı köpüklənən kütlə görəcəyini düşünsə də, kədərin və qəzəbin zirvəsində ağlını itirməyən və onu bütün məqamlarda ləyaqətlə qarşılayıb yola salan insanlarla rastlaşdığını etiraf edib. Biz məqaləni ruscadan olduğu kimi tərcümə edərək oxucuların diqqətinə təqdim edirik.

 

B.İMANQULİYEV,

"Azərbaycan"

 

Metro dayanacağı yanında mübahisə

 

Bakıya uçub gəldiyim günün səhəri "Abşeron" mehmanxanasından yaxındakı metro stansiyalarından birinə tərəf getdim. Mənə "Azərbaycanfilm" kinostudiyası lazım idi. Təxmini marşrutu bilirdim, lakin metroya yaxınlaşanda hər ehtimala qarşı bir də dəqiqləşdirməyi qərara aldım. Bəlkə də bunu etmək lazım deyildi. 1990-ci il yanvarın 26-sı idi. Hər tərəfdə insanlar qaşqabaqlı və kədərli idilər: artıq yanvarın 21-dən bilirdik ki, öldürülənlərin sayı yüzlərlədir. Mənə istədikləri kimi cavab verə bilərdilər.

Görünür, daxilimdəki tərəddüdlü fikirlər üzümün ifadəsində əksini tapmışdı. Ona görə ki, mənə yaxınlaşan orta yaşlı bakılı soruşdu ki, hara getməliyəm? Cavab verəndə o mənə "Komsomolskaya pravda"da iş yoldaşlarımın cızdığı xəritədən fərqli yol göstərdi. Lakin bu arada söhbətə ikinci bakılı qarışdı və birincidən sərt tərzdə rus dilində soruşdu:

- Ona hara lazımdır?

- Kinostudiya.

- Sən nə dedin?

- Əvvəl marşrutkaya minmək olar...

- Metro ilə getməlidirsə, niyə marşrutkaya minsin?

Tədricən ətrafımda altı və ya yeddi adamdan ibarət dairə yarandı. Onlar öz aralarında mübahisə edərək "Azərbaycanfilm"ə getməyin ən yaxın yolunu müzakirə edirdilər. Sonradan mübahisəyə qoşulanlar razılaşdı ki, birincilər düzünü deyir. Bir kağız parçasında yolun sxemini çəkdilər, məni metronun içinə qədər ötürüb turniketə yerimə 5 qəpik pul da saldılar...

 

BAM, Heydər Əliyev və TV

 

Evdə Bakı ezamiyyətinin əvvəlinin başqa cür olacağını fikirləşirdim. O zaman biz - iki sovet kanalının istehlakçıları baş verən hadisələri necə başa düşə bilərdik? Birincisi o idi ki, şəhərdə ermənilərin qırğını başlayıb. İkincisi, onların müdafiəsi üçün şəhərə qoşun yeridilib. Üçüncüsü, azərbaycanlılar güc tətbiq olunmasından narazıdırlar.

Bizdə Baykal Amur Magistralında (mən onda Tındada "Komsomolskaya Pravda"nın xüsusi müxbiri işləyirdim) Qafqazda baş verən qanlı hadisələri əvvəl də, indi də pərdə arxasında mülkiyyətin, əmlak və maliyyə axınlarının, kanallarının bölünməsi kimi qəbul edirlər. Lakin BAM-da azərbaycanlıların böyük hörməti var. Onlara xüsusi münasibət mövcuddur: yalnız onlar magistralda bir yox, iki dayanacaq tikiblər. Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini rütbəsində "qızıl birləşməyə" (dəmir yolunda hər iki tərəfdən döşənən relslərin birləşməsinə qalan sonuncu 25 metr məsafə nəzərdə tutulur) bir neçə ay qalmış "Əsrin tikintisi"nə gəlmişdi. Siyasi Büro məhz Heydər Əliyevə Şimali Amur tunelinə daxil olmadan Baykal-Amur magistralı ilə ikitərəfli hərəkəti açan buraxılış kompleksinə nəzarət edən dövlət komissiyasına rəhbərliyi tapşırmışdı. Hərəkətin açılmasına 4 ay qalmış, 1984-cü ilin iyun ayında Heydər Əliyevin uçduğu vertolyot düz yoldöşəyən qatarın yanındakı zolağa qondu. Kompleksin işi haqqında məlumat verdikdən sonra briqadir Aleksandr Bondar gözlənilmədən relsi şpala birləşdirən başı əyri mismarı çıxarıb Siyasi Büronun üzvünə uzatdı:

- Heydər Əliyeviç, siz kostılı vura bilərsinizmi?

Əliyev briqadirin müraciətini diqqətsiz qoymadı, təmkinlə gülümsəyərək onun xahişini yerinə yetirdi. Ölkənin baş tikintisindəki uğurlu debütü ilə onu təbrik etdilər, relsi şpala mismarlayan bamlı qızın taxta heykəlciyini də ona hədiyyə etdilər.

Aradan 24 il ötdükdən sonra, 2008-ci ilin yayında Anqoyadakı vağzala Heydər Əliyevin adını verdilər. Stansiyaya Rusiya Dəmir Yolu ASC-nin prezidenti Vladimir Yakunin, Rusiya nəqliyyat naziri İqor Levitin, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Nadejda Babkinanın rəhbərliyi altında bir qrup artist gəlmişdi.

Qarabağda münaqişə alovlananda BAM-da yaşayan azərbaycanlılar və ermənilər gərginləşən siyasi proseslərə rəğmən öz dostluqlarını pozmadılar, münasibətləri qırmadılar.

Lakin 1990-cı ilin yanvarında sibirli qafqazlılar qoşunların əməliyyatlarının acınacaqlı nəticələri haqqında, demək olar ki, heç nə bilmirdilər. Mənim özümə qaldıqda isə, bu haqda Moskvada "Komsomolskaya Pravda"nın redaksiyasında xəbər tutdum. Artıq 1990-cı il yanvarın 25-də Bakıya uçarkən mən ona hazır idim ki, rus kimi mənə Bakıda dükanlarda yeməyə çörək satmazlar, üzümə tüpürərlər və hətta ondan da pis rəftar edə bilərlər! Məni bir şahılıq kimi tullaya da bilərlər! Belə səhnə ilə doğrudan da qarşılaşdım. Bu şahı - beşqəpiklik pul həqiqətən də Bakı ezamiyyətində rastıma çıxdı. Amma rus deyimində (müəllif məktubunda "dat v pyatak" ifadəsini işlədib - B.İ.) arxadan zərbə kimi yox! Məni metroyadək ötürən azərbaycanlılar həmin şahını turniketə metroya keçmək üçün mənim yerimə yol pulu qismində atdılar. Turniketin bətnində gizlənən beş qəpik 1990-cı ilin yanvarında mənim metroya yolumu açmaqla yanaşı, hamımızı baş verən hadisələrin düzgün araşdırılmasına dəvət edirdi. O hadisələr zamanı mən azərbaycanlılarla bir süfrə arxasında əyləşdim, çörək kəsdim. Və onların baxışlarında düşmənçilik hiss etmədim. Əksinə, mən onların baxışlarındakı kədəri və qəzəbi indi də unutmuram! Çünki bu kədər və qəzəb mənim xalqıma qarşı tuşlanmamışdı. Mən bunu elə o zaman dərk etdim. Hadisələrin sonrakı axarı da bunu təsdiq etdi. 90-cı illərdə Sibirdə Azərbaycan diasporu bir qədər də gücləndi və digərlərindən fərqli olaraq ən nüfuzlu təşkilata çevrildi.

 

Puşkin meydanındakı qərənfillər və Sovet İttifaqının dağılması

 

"Komsomolskaya Pravda"da mənim məqaləmi dərc etmədilər. Məsələ burasında idi ki, mənə qədər Bakıda xüsusi müxbirlərdən Gennadiy Sapronov (İrkutsk), Boris Nemsov (Kazan), Bladimir Krayni və bir şöbə müdiri Dmitriy Muratovdan (indi "Novaya Qazeta"nın baş redaktoru) ibarət xüsusi briqada artıq olmuşdu. Onların topladıqları material 10 nömrəyə də bəs edə bilərdi, lakin qənaətlə yazırdılar və çıxışlarını da belə müşahidə ilə yekunlaşdırdılar ki, Moskva nə baş verdiyini anlamadı. "Puşkin meydanında qərənfillərin qiyməti dəyişmədi!" - finaldakı ifadə belə idi. Onların çıxışlarından sonra Azərbaycandan kisələrlə minnətdarlıq məktubları gəlirdi. Məni isə, indi düşünürəm ki, hadisələrin gözlənilməz axara istiqamətlənə biləcəyi hal üçün Bakıya ezam etmişdilər. Gözlənilməz hal isə ondan ibarət oldu ki, Moskvada Puşkin meydanında qərənfillərin qiyməti dəyişməsə də, Bakıda bu güllər satılmadı. Şəhər öz qərənfilləri ilə qurbanlarının məzarlarını, qan tökülən küçələri pulsuz bəzədi.

O zaman hazırladığım yazını isə "Komsomolskaya Pravda" çap etmədi. Məqalə həmin günlərdə məni Azərbaycanda müşayiət edən bir jurnalistin işlədiyi qəzetdə dərc olundu. Ezamiyyətdə olduğum müddət ərzində o mənə bir dəfə də olsun öz iradəsini, mövqeyini aşılamağa cəhd göstərmədi. "Pravoslav məbədinin baş keşişindən müsahibə almaq istəyirsiniz? Buyurun. Müxalifətin təmsilçiləri ilə danışmaq istəyirsiniz? İndi razılıqlarını alarıq. Ağdamdan partiya işçisi ilə görüşmək istəyirsiniz? Bir neçə saata burada olacaq".

Bütün cavabları belə idi. O, əsl jurnalist kimi heç nəyə müdaxilə etmirdi, çalışırdı ki, mən hər şeyi özüm görüm. Lakin bütün bu görüşlər belə bir son nəticəyə gəlməyə əsas verirdi ki, heç bir "gözlənilməz vəziyyət" yaranmayacaq. Azərbaycan SSRİ-nin tərkibində qalmayacaq. Ordu bir daha Bakının üstünə yeriməyəcək. Qorbaçov prezident kürsüsünü yubanmadan tərk edəcək. İttifaq dağılacaq. Və biz Rusiyada buna dəhşətli dərəcədə peşman olacağıq.

 

 

Vladimir MEDVEDEV,

"Zemlyaki" jurnalının

Sibir və Uzaq Şərq üzrə

xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 6.