Turistin ən yaxşı bələdçisi
- "Azərbaycan təbiəti"
Bünövrəsi unudulmaz akademik Həsən Əliyev tərəfindən qoyulan və uzun illər xalq şairi Məmməd Arazın baş redaktorluğu ilə işıq üzü görən "Azərbaycan təbiəti" jurnalının yurdumuzun zəngin, əsrarəngiz təbiətinin təbliğində, qorunmasında əvəzsiz rolu olub. Jurnalın çapında əsas məqsəd yurdumuzun təbii sərvətlərini, nemətlərini oxuculara tanıtmaq, fauna və floranın, bütünlükdə ekologiyanın problemləri ilə bağlı yazılar dərc etmək, təbiət haqqında əvəzsiz bilgilər verməkdən ibarət idi. Həm də "Azərbaycan təbiəti" jurnalı yeganə mətbuat orqanı idi ki, təbiətdən yazırdı. Bu jurnalın əhatə etdiyi məkanın sahili yox idi. Azərbaycanda ən oxunaqlı mətbuat orqanlarından birinə çevrilmişdi. Mütəxəssislər təsdiqləyirlər ki, bu jurnal həqiqətən də Azərbaycan təbiətinin güzgüsü kimi öz missiyasını ləyaqətlə yerinə yetirə bilirdi. Oxucuların ən oxunaqlı və sevimli dərgilərindən olan bu jurnal 1975-ci ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin orqanı kimi nəşrə başladı. O vaxt belə bir jurnalı çap etmək elə də asan məsələ deyildi. Bir səhifəlik çap məhsulu buraxmaq üçün mütləq Mərkəzi Komitənin razılığı lazım idi. Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri olan akademik Həsən Əliyev 25 ildən artıq bir müddətdə mübarizə apararaq jurnalın açılmasına nail olmuşdu. Əlbəttə, Azərbaycanda belə bir dərginin çapına ilk xeyir-duanı da ümummilli lider Heydər Əliyev vermişdi.
Jurnalın iki nömrəsi çapdan çıxdıqdan sonra Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə (Qlavlit) jurnalın növbəti sayının çapına icazə vermədi. Səbəb bu oldu ki, bizə "Moskvanın razılıq kağızını" göstərin. Xalq şairi Məmməd Araz yazırdı: "Coğrafiya İnstitutuna gedib Həsən Əliyevə məlumat verdim ki, bürokratizm, yalançı qanunpərəstlər bizi işləməyə qoymur. Yenə də Moskvanın icazə kağızını tələb edirlər. O, sakit bir ahənglə "əyləş" dedi. Sonra da dəstəyi götürüb harasa zəng etdi. Hiss etdim ki, Heydər Əliyevlə danışır. Bir-iki dəqiqəlik söhbətdən sonra Həsən müəllim telefon dəstəyini yerə qoyaraq üzünü mənə tutdu: "Heydərin sözü qəti oldu ki, jurnalınızı çap eləyin, qalan məsələləri mən həll edərəm".
Beləliklə,
"Azərbaycan təbiəti" ulu öndərin növbəti
qayğısı sayəsində yenidən işıq
üzü gördü. Əslində bu jurnal təbiəti
qorumaq haqqında bir haray idi! Jurnal öz səhifələrində
yazırdı ki, ermənilər bizim çaylara tökülən
"öz çaylarından" zərərli tullantılar
axıdır, Arazın və digər çayların suyunu zəhərləyirlər.
Bu proses çoxdan, lap
çoxdan başlanıb, indi də davam edir. Jurnal
üzünü bu bədnam qonşulara tutaraq yazırdı:
"Tutaq ki, biz düşmənik, ay "insan" adlanan bəndə,
bəs Arazdan su içən ceyranların, dağkeçilərinin,
qoyun sürülərinin günahı nədir?" Jurnal bunu
ötən əsrin 70-ci illərində yazırdı.
Jurnalın özünəməxsus
rəngarəng mövzuları var idi. O dövrdə
"ekologiya" sözü az işlənirdi. Amma nə fərqi
vardı. Təbiətin mühafizəsi deyirdilər, ondan
yazırdılar. Atmosferin zəhərli tullantılardan
qorunmasından, ozon qatının fəlakətindən
yazırdı. Jurnalın məqalələrinin birində
oxuyuruq: "Ay haray, ay millət, torpaqlarımız dəhşətli
vəziyyətdədir - bir tərəfdən duzlaşma, bir tərəfdən
aşınma, eroziya didir torpağı, o biri tərəfdən
də şüurlu, mədəni adamlar torpağın,
yaşayış evlərinin, yeni məktəblərin, ictimai
binaların altında dəfn edirlər.
Gözümüzün qabağındaca Abşeronun məhsuldar,
münbit torpaqları yeyildi, qurtardı; şübhə eləyən
varsa, bir neçə saatlığa çıxsın
Abşeronun seyrinə: yarımadada torpaqların çox hissəsi
çoxdan bəri neftli çirkabla kifayət qədər
çirklənib; şəhərətrafı torpaqlar xeyli
zibil tullantıları altındadır. Bu gedişatla qalan
torpaqlarımız da yeni-yeni tikililərə "yataq"
olacaq" (1980-ci il, ¹ 2).
"Azərbaycan təbiəti"nin
çox fəal müəlliflər ordusu yetişdi. Bu jurnal əslində
alimlər üçün bir xitabət kürsüsü
oldu. Bu kürsüdən H.Əliyev, İ.Səfərov,
B.Budaqov, M.Qasımov, İ.Mustafayev, A.Əsgərov, Ə.Qasımov,
O.İbadov və digər görkəmli alimlərin səsi
müntəzəm eşidilirdi.
Jurnalın yaradıcı heyəti
elə də böyük deyildi. İlk baş redaktor Həsən
Əliyev, redaktor Məmməd Araz, məsul katib Məmməd
Aslan, əməkdaşlar - Suliddin Qasımlı və Həmid
Nəcəfquliyev idi. Sonralar yaradıcı kollektivin tərkibi
dəyişsə də amal, məqsəd eyni olaraq
qalırdı. Şair Məmməd Aslan o günləri yada
salaraq söyləyir: "Hər sayımız hazırlanarkən
mən mütləq Həsən Əliyevin yanına gedərək
materialları ona göstərirdim. Çox qəribə xasiyyəti
vardı. Sanki böyük akademik yox, adi bir müxbir idi.
Fotoaparatı çiynində bütün Azərbaycanı gəzib-dolaşar,
hətta xarici ölkələrdə də bu vərdişindən
əl çəkməzdi. Jurnalımız üçün
maraqlı şəkillər, reportajlar, yazılar göndərərdi.
Qonorarını da götürməzdi. Deyərdi ki, onu texniki
işçilərə verin. Mənim yadımdadır ki, ilk
nömrələrimiz çox yüksək tirajla (26-30 min)
çıxmağa başladı. Getdikcə də
oxucularımızın sayı artırdı". Bu jurnala
indi daha çox ehtiyac var. Eyni təmayüldə onlarla mətbuat
orqanı işıq üzü görür. Təbiətlə
bağlı isə əl boyda kataloq da yoxdur.
Məmməd Araz jurnal
haqqında qələmə aldığı məqalələrin
birində yazırdı: "Təbiətə, ətraf
mühitə, bioloji varlığa münasibət dərgimizdə
öz əksini tapıb. Sevindirici haldır ki, biz oxuculara
maraqlı yazılar çatdıra bilirik.
"Qırmızı kitab"a düşən fauna və
flora nümunələri ilə oxucuları tanış etməkdə
bizə qələm sahiblərindən Qulu Xəlilov, Eldar Qənbərli,
jurnalistlərdən - Flora Xəlilzadə, Flora Sadıqlı,
Sədaqət Kərimova, tərcüməçi Zahid Əhmədov
yaxından kömək edirlər. Onların jurnalımızda
həmişə diqqəti cəlb edən məqalə və
publisistik yazıları oxucuların marağına səbəb
olur".
"Azərbaycan təbiəti"
o dövrdə "Azərbaycan qadını"
jurnalından sonra ikinci dərgi idi ki, rəngli
çıxırdı. Jurnalın bədii tərtibatı nəfis
idi. "Azərbaycan təbiəti" respublikamızda təbiəti
sevənlər, onun gözəlliyini tərənnüm edənlər
üçün çox dəyərli bir məcmuə idi. Bu
jurnalın səhifələrində dağların qarlı
zirvələri görünürdü, dərələrdən
axan çayların, şəlalələrin səsi, meşələrdə
quşların cəhcəhi eşidilirdi. Bu jurnal həm də
turist səfərlərinə gedənlər üçün
yoldaşlıq edirdi. Azərbaycan təbiətindən xəbər
tutmaq istəyənlər böyük məmnuniyyətlə
bu dərgini vərəqləyirdilər. Bu jurnal Azərbaycan
təbiətinin əks-sədası idi. Gözəlliyi də
görünürdü, ona balta çalan namərdlərin
xisləti də! Meşələrin get-gedə azalması
planetdə qorxuya çevriləndə bu barədə ilk yazan
da məhz "Azərbaycan təbiəti" oldu.
Təəssüf ki, ötən
əsrin 90-cı illərində ölkədə baş verən
ağır iqtisadi durum jurnalın müntəzəm
çıxmasını ləngidirdi. Amma bütün çətinliklərə
baxmayaraq, jurnalın fədakar kollektivi onun fəaliyyətinə
nail olurdu. Yadımdadır ki, 2001-ci ilin dekabrında indiki Heydər
Əliyev sarayında xalq şairi Rəsul Rzanın 90 illik
yubileyi qeyd edilirdi. Məmməd Araz həmin mərasimdə
ümummilli lider Heydər Əliyevlə
görüşdü. Həmişəki kimi ulu öndər
şairin səhhəti və problemləri ilə
maraqlandı. Zorla yeriyən və güclə danışan Məmməd
Araz söylədi ki, heç bir şikayəti yoxdur. Onu
narahat edən "Azərbaycan təbiəti" jurnalının
taleyidir. Ulu öndər bildirdi ki, təzə yaradılan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
göstəriş verib. Onlar jurnalın təsisçisi olacaq
və çapla bağlı bütün problemləri həll
edəcəklər. Həqiqətən də "Azərbaycan
təbiəti" bir müddət bu nazirliyin təsisçiliyi
ilə işıq üzü gördü. Jurnalın dünya
standartları səviyyəsində çap edilməsində
müəyyən islahatlar aparıldı. Daha da keyfiyyətli
kağızda, rəngli, bədii, nəfis şəkildə
işıq üzü görən jurnal yenidən öz
axarına düşdü. Təəssüf ki, bu vəziyyət
uzun müddət davam etmədi. Yenə də jurnalın əməkdaşları
bir araya gələrək onu yaşatmaq üçün hər
cür çətinliyə dözürdülər. Məmməd
Arazın vəfatından sonra isə sanki jurnalın da
ömrü bitdi. Halbuki iki görkəmli şəxsiyyətdən
yadigar qalan və yeganə ekologiya dərgisi olan bu jurnal
mütləq yaşamalı idi. Həmin məcmuədə
tez-tez çıxış edən həmkarımız Flora
Sadıqlı yana-yana söyləyir: "Azərbaycan təbiəti"nin
yeri yamanca görünür. Onun yoxluğunu həm oxucular, həm
də yurdunun torpağından, havasından, suyundan,
saya-sözə gəlməyən gözəlliklərindən,
eləcə də təbiətin saflığı
üçün yaranan problemlərdən yazan jurnalistlər
çox hiss edirlər. Mən bu sözləri jurnalın daimi
oxucusu və orada müntəzəm çıxış edən
bir müəllif kimi deyirəm. Bu gün mətbuatda ekologiya
mövzusu geniş işıqlandırılsa da, sırf təbiətdən
bəhs edən ayrıca bir jurnalın mövqeyinə,
sözünə çox ehtiyac var. "Azərbaycan təbiəti"
bu ehtiyacı tam ödəyən bir jurnal idi...
Nəşri heç bir məna
daşımayan, hətta cəmiyyətə zərər gətirən
bir çox qəzet və jurnalların (onları qəzet və
jurnal adlandırmaq olarsa) ortaya çıxıb meydan
sulamasının bir səbəbi də bəlkə elə
"Azərbaycan təbiəti" kimi mətbu orqanların
qeyb olmasındadır".
Deyirlər ki, təbiəti
qorumaq vətənə xidmətdi. Onda bu mövzuda yazan, haray
qoparan bir jurnalın yaşamasını təmin etmək də
elə vətənə xidmət deməkdir. Bəşər
öz sivilizasiyasının mənbəyini də təbiətdən
alıb. Bu gün ekoloji mübarizənin ön sırada
olması təsdiqləyir ki, insanın sağlam və
xoşbəxt yaşaması üçün ilk növbədə
təbiət qorunmalıdır. Bəlkə də elə ona
görə dünyanın bütün ölkələrində
bu sahəni əks etdirən təbiət jurnalları
çap edilir. Çoxunun çapı XXI əsrə təsadüf
edir. Biz isə bir qərinəyə yaxın fəaliyyət
göstərən Azərbaycan mətbuatında öz yeri,
mövqeyi olan təbiət jurnalını tarixin arxivinə
vermişik. Halbuki onun yaşamasını şərtləndirən
bir sıra səbəbləri unutmamaq gərəkdir. Öncə
ümummilli lider Heydər Əliyev söyləyirdi: "Mən
istəyirəm ki, hamınız təbiəti qoruyanlar
olasınız. Təbiətə zərər vuranlar, ağac
kəsənlər, təbiəti çirkləndirənlər,
korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir".
Bu düşmənləri isə "Azərbaycan təbiəti"
jurnalı həmişə ifşa edirdi.
Akademik Həsən Əliyev
isə söyləyirdi: "Təbii gözəlliyi görmək
hər şeydən əvvəl ona qayğı göstərmək
deməkdir. Əgər bu gözəlliyin qayğısına
qalmırıqsa, demək, onu görmürük". Həsən
Əliyev təbiətlə bağlı onlarla məqaləsini
məhz "Azərbaycan təbiəti" jurnalında
çap etdirirdi. Bütün bunlarla bərabər "Azərbaycan
təbiəti" unudulmaz şəxsiyyətlərdən bir ərməğan
idi. Bu nişanəni qorumaq isə bizim vətəndaşlıq
borcumuz olmalı idi. Bu qədər jurnal və qəzet
bolluğunda ənənəsi və şərəfli tarixi
olan təbiət jurnalının yoxa çıxması
ürək ağrısıdır. 2010-cu il "Ekologiya
ili" elan edildi. Fikirləşirdik ki, bu mövzu ilə
bağlı öz səhifələrində yüzlərlə
yazıya ömür verən, ekologiyamızın qorunmasında
xidməti olan "Azərbaycan təbiəti" təbiətsevərlərə
yenidən hədiyyə ediləcək. Təəssüf ki,
biz bu bərpanın şahidi olmadıq. Prezident İlham Əliyev
tərəfindən 2011-ci il "Turizm ili" elan edildi. Turist
üçün ən yaxşı bələdçi isə
həmişə təbiətdən bəhs edən dərgilər,
jurnallar, bukletlər olub. Bəlkə bu il halal haqqını
"Azərbaycan təbiəti"nə qaytaraq?! Jurnalın
yenidən bərpası, işıq üzü görməsi
həm təbiətsevərləri fərəhləndirər,
həm də haqq dünyasına qovuşan o görkəmli
insanların ruhlarını şad etmiş olar!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 26 yanvar.- S. 7.