Qılınc düzəltməyin
sirləri var
Bunun üçün
30 sənəti bilmək
lazımdır
Qılınc düzəltmək nə qədər çətindirsə, bir o qədər də maraqlıdır. Hazırda nəinki Azərbaycanda, MDB-də, hətta Avropada da qılınc hazırlayan sənətkar, az qala, yox dərəcəsindədir.
Azərbaycanda bu qədim sənət növünü yaşadan və "Qılınc Məmməd" ləqəbi ilə tanınan Məmməd Məmmədovun bildirdiyinə görə, heç onun davamçısı yoxdur. Kiçik bir guşədə özünə dəmirçixana düzəldən Məmməd Məmmədovun əslində nə ayrıca sexi, nə də onun yaşatdığı bu qədim sənətə marağı olanlar var. Heç bu sevdiyi peşəsi ilə çörək pulu da qazanmaq niyyətində deyil. Sadəcə, usta Məmməd bu "gözdən uzaq, könüldən iraq sənət"ə olan sevgisini göstərmək üçün özünəməxsus bir küncdə qılınc düzəltməklə məşğuldur. Qılınc ustası xüsusi vurğulayıb ki, qılıncın qını vəhşi sığın buynuzundan hazırlanır. Bu işə məharətlə yiyələnmək üçün o, ən azı, 30 sənət növünü öyrənib. Qılınc düzəldən mütləq fiziki cəhətdən güclü olmaqla yanaşı, xəttatlıq-nəqqaşlıq, dəmirçilik, rəssamlıq, qraviatura, çekanka-qabartma, yandırma-oyma üsulu ilə naxışvurmanı bilməlidir.
Qılıncın əsas xam materialı isə son illər "Moskviç" markalı avtomobilin xüsusi bir detalı imiş. Bir qılıncın tam hazır olması üçün 5-6 ay vaxt lazımdır. Usta bildirir ki, 90 santimetrlik bir qılncı itiləyərkən dayanmaq, nəfəs dərmək belə olmaz. Usta söyləyir: "Mükəmməl qılınc düzəltməyi bacarmaq üçün təkcə dəmirçi olmaq kifayət deyil. Bahalı qılıncın qınını Rusiyadan əldə etdiyim vəhşi sığın buynuzundan, sadəsini isə malın dırnaq sümüyündən hazırlayıram. Xəttatlığı bildiyimdən onu sümüyə tətbiq etməklə xalqımıza məxsus milli ornamentləri yaşadıram. Ən mürəkkəb proses qılıncın itilənməsidir. Qılıncı daş, rezin, keçə ilə o vaxta kimi itiləməlisən ki, ülgüc kimi, dəsmalı göydə kəssin. Qılıncın parıldaması üçün təkcə bu proses yetərli deyil. Sonra onun səthinə xrom və nikel çəkmək lazımdır. Hazırda bahalı bir qılıncı 7 ay müddətinə düzəltmək mümkündür".
"Bir qalanın sirri" filminə baxdıqdan sonra usta Məmməd qılınclar üçün "futlyar" - sandıqlar da düzəltməyi qarşısına məqsəd qoyub. Hazırladığı sənət nümunələrinin məhz hansı sənətkara məxsus olmasını göstərmək və təsdiq etmək üçün onların üzərinə, sadəcə, "Q.M." hərflərini həkk etməklə kifayətlənir. Türkiyədə və Çində hazırlanan qılınclarla onun əlinin qabarından sığallanan, alnının tərindən "su içən"lər arasında kəskin fərqlərin olduğunu deyən usta sözün əsl mənasında unikal sənət sahibidir. Sifariş əsasında işlədəyini deyən usta Məmməd əl işlərini satmadığını bildirib: "Məqsədim düzəltdiyim qılınlarla tariximizi, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir. Bir çox dövlət qurumları onları alaraq muzeylərə verirlər. Əlbəttə, bu məni çox sevindirir ki, milli kökümüzlə bağlı sənət nümunələri muzeylərdə qorunur və gələcək nəsillərə çatdırılır. Elə onun istəyi də məhz bu halın bir qədər də genişlənməsi, qılınclara marağın kütləvi şəkil almasıdır. Qılınclar eyni zamanda qədim incəsənət növlərindən biridir, baxmayaraq ki, onlar vaxtilə döyüşlərdə düşmən başı üzərində şimşək kimi çaxıblar"...
Məmməd Məmmədov bir maraqlı faktı xatırladır ki, Şamaxı ustaları hələ XVII əsrdə
üzərində 120 tilişkə
arasına "Allahu-Əkbər"
sözləri həkk
olunmuş qalxanlar düzəldirmişlər. Rus tacirləri Xəzər
dənizi ilə gəlib həmin qalxanları alaraq I Pyotra
bağışlayıblar. Bu sənətin tamamilə
itib-batmasından ehtiyat edən usta onu, hələ ki, öz
övladlarına öyrədir: "Sənətkar istəyər
ki, onun davamçıları olsun. Amma nədənsə gəncliyin
qədim sənət növlərinə marağı o qədər
də ürəkaçan deyil. Övladlarıma bu sənətin
müəyyən sirlərini öyrətmişəm. Təəssüf
ki, işin çətinliyi insandan təmkin, səbir və
fiziki güc tələb etdiyindən gənclər onu öyrənməyə
həvəs göstərmirlər. Axı kim 6-7 ay müftə
çalışar ki... Burada bir həqiqət var ki, gəlir
gətirməyən sənət növlərinin
yaşadılması olduqca çətindir. Biz isə zamanında
milli-mənəvi dəyərlərimizin sahibi olduğumuz
üçün onları qorumalı və gələcək
nəsillərə çatdırmağa borcluyuq".
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 26 yanvar.- S. 7.