Həyata keçirilən böyük infrastruktur layihələri muxtar respublikanın iqtisadi potensialını gücləndirir

 

Naxçıvan MR dördüncü çağırış Ali Məclisinin ikinci sessiyasından qeydlər

 

Naxçıvan Muxtar Respublikası dördüncü çağırış Ali Məclisinin ikinci sessiyasında iclasın gündəliyi və iş qaydası təsdiq olunduqdan sonra Ali Məclisin Sədri Vasif Talıbov "2010-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları" barədə geniş məruzə etdi.

Ali Məclisin Sədri bildirdi ki, Naxçıvan Muxtar Respublikasında inkişafın mühüm amillərindən biri Azərbaycanın blokada şəraitində yaşayan bu tarixi ərazisinin qarşılaşdığı problemlərin həllinə ulu öndər Heydər Əliyev tərəfindən göstərilən həssas dövlətçilik münasibətinin davam etdirilməsidir. Ölkəmizin bütün regionlarının tarazlı inkişafına çalışan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına da qayğı və diqqətini əsirgəmir. Dövlət başçısı ötən ilin payızında regiona səfəri zamanı görülmüş işləri yüksək qiymətləndirərək demişdir: "Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir. Naxçıvan ən müasir şəhərə çevrilibdir. Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir..."

İqtisadiyyatın əsas sahələrinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin müsbət nəticələr verdiyini deyən natiq muxtar respublikanın tarixində ilk dəfə olaraq ümumi daxili məhsul istehsalının həcminin 1 milyard manat səviyyəsini keçərək, əvvəlki illə müqayisədə 17 faiz artdığını nəzərə çatdırdı.

Sədr qeyd etdi ki, muxtar respublikada həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri sənayenin üstün inkişafının təmin olunmasıdır. Ötən illər sənaye müəssisələrinin yaradılmasına və inkişafına xüsusi fikir verilmişdir. Yaradılan sənaye müəssisələrində daxili bazarın tələbatı ilə yanaşı, ixrac yönümlü məhsulların istehsalı da artmışdır. Əgər 1989-cu ilin əvvəlində muxtar respublikada 40 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2011-ci ilin əvvəlinə müəssisələrin sayı 11 dəfə artaraq 423-ə çatmışdır. Həmin müəssisələrdə bu gün 239 adda sənaye məhsulu istehsal olunur. Beləliklə, tarixən aqrar region kimi formalaşan muxtar respublikada sənayenin üstün inkişafı təmin edilmişdir. Natiq həmçinin vurğuladı ki, sahibkarlığın inkişafına, qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəldilmiş kompleks tədbirlər hesabına hazırda Naxçıvan MR-də istehsal olunan sənaye məhsulunun 88 faizi özəl sektorun payına düşür. Bu, əvvəlki illə müqayisədə 50 faiz çoxdur.

Daxili bazarı qorumadan inkişafın mümkün olmadığını deyən sədr belə bir amili də önə çəkdi ki, yerli istehsalın inkişafı bir tərəfdən daxili bazarı qoruyursa, digər tərəfdən xaricə valyuta axınının qarşısını alır və idxaldan asılılığın azaldılmasında əhəmiyyətli rol oynayır. Muxtar respublikada yerli istehsalın inkişaf etdirilməsi ötən il də diqqətdə saxlanmış, dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 78 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmişdir.

2010-cu ildə bütün maliyyə mənbələri hesabına muxtar respublikada əsas kapitala yönəldilən investisiyaların həcminin əvvəlki illə müqayisədə 22 faiz və ya 89 milyon 583 min manat artaraq 501 milyon 106 min manat olduğunu söyləyən V.Talıbov tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcminin əsas kapitala yönəldilən sərmayələrin 88 faizini təşkil etməklə 443 milyon 426 min manata çatdığını və bunun 2009-cu illə müqayisədə 22 faiz çox olduğunu diqqətə çatdırdı. Tikinti sahəsində xarakterik göstəricilərdən biri də ondan ibarətdir ki, keçən il muxtar respublikada ümumilikdə müxtəlif təyinatlı 669 obyekt tikilmiş və əsaslı şəkildə yenidən qurulmuşdur.

Ali Məclisin Sədri belə bir amilə toxundu ki, tikinti sektorundakı yüksək fəallıqla yanaşı, əhalinin şəxsi vəsaiti hesabına aparılan inşaat işlərinin də həcmi davamlı şəkildə artır. Sovetlər birliyi zamanı inkişafın ən yüksək həddi sayılan 1988-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına cəmi 75 min 400 kvadratmetr mənzil tikintisi aparılmışdırsa, təkcə ötən il bundan 3 dəfə çox - 259 min 414 kvadratmetr yaşayış sahəsi inşa olunmuşdur.

Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin müasirləşdirilməsi istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması muxtar respublikada diqqət mərkəzində saxlanan əsas sahələrdən biridir. Son illər bu istiqamətdə işlər intensiv xarakter almışdır. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən, hazırda "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur.

Muxtar respublikanın aqrar sektorundakı vəziyyətdən danışan sədr xammal istehsalı və emal sahələrinin əlaqəli inkişafının təmin olunması, rəqabətədavamlı məhsul istehsalının stimullaşdırılması, yarmarkaların təşkili, kənd təsərrüfatı məhsullarının ixracına dövlət tənzimlənməsinin həyata keçirilməsi, zəruri infrastrukturun, o cümlədən anbarların yaradılması, kənd təsərrüfatı maşın və mexanizmlərinin, gübrələrin güzəştli şərtlərlə istehsalçılara çatdırılması, genişmiqyaslı kreditləşdirmənin təşkili və digər bu kimi tədbirlər hesabına regionda kəndə və torpağa marağın xeyli artdığını vurğuladı. 2010-cu ilin məhsulu üçün muxtar respublikada 59 min 204 hektardan çox sahədə əkin aparılmışdır. Əsas təbii ehtiyat sayılan torpaqların məhdud olması nəzərə alınaraq bitkiçiliyin müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla inkişaf etdirilməsi diqqət mərkəzində saxlanmışdır. Ötən il "Naxçıvan Aqrolizinq" ASC-nin xətti ilə ümumi dəyəri 1 milyon 554 min manata yaxın olan 4033 tondan çox mineral gübrə yardım kimi torpaq mülkiyyətçilərinə paylanmışdır. Həmçinin 123-ü 2010-cu ildə olmaqla, son 5 il ərzində müxtəlif təyinatlı 577 kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmiş, onlardan 298-i lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.

Əsas ərzaq məhsulu kimi taxıl istehsalının diqqət mərkəzində saxlandığını deyən natiq keçən il muxtar respublikada 96 min ton məhsul toplandığını qeyd etdi. Sədr onu da vurğuladı ki, taxıl ehtiyatı anbarının yaradılması, gündəlik istehsal gücü 200 ton olan taxıl emalı müəssisəsinin tikintisinə başlanması, istehsal olunan buğdanın mərkəzləşmiş qaydada satın alınması da taxılçılığın inkişafına təkan vermişdir.

2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nın icrası ötən il uğurla yekunlaşdırılmışdır. Muxtar respublikada kartof əkinlərinin sahəsi proqramın qəbulundan öncəki 2004-cü illə müqayisədə 1138 hektar artaraq 2740 hektar təşkil etmişdir. Ötən il sahələrdən 37 min 901 ton məhsul tədarük edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 2,2 dəfə və ya 20 min 843 ton, 1988-ci illə müqayisədə isə 38 dəfə və ya 36 min 896 ton artım deməkdir.

Ötən il muxtar respublikada əkinçilik üzrə ən çox inkişaf edən sahələrdən biri də şəkər çuğundurudur. Əvvəlki illə müqayisədə şəkər çuğunduru sahələrinin həcmi 43 faiz artaraq 1691 hektara çatmış, 26,7 min ton məhsul yığılmışdır.

Sədrin sözlərinə görə, aqrar sektorda məhsul istehsalına olan marağın artmasında soyuducu anbarların istifadəyə verilməsinin mühüm rolu olmuşdur. Bu anbarlar bir tərəfdən məhsul satışı ilə bağlı meydana çıxan problemləri aradan qaldıraraq meyvə-tərəvəzın yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təminatı üçün geniş imkanlar yaradır. Artıq bölgədə tutumu 7 min 920 ton olan 12 soyuducu anbar fəaliyyət göstərir. Təkcə ötən il 1800 ton tutuma malik 2 soyuducu anbar istifadəyə verilmişdir.

Aqrar sektorla bağlı qeydlərinə yekun vuran V.Talıbov belə bir faktı açıqladı ki, ötən il muxtar respublikada ümumilikdə 247 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 13 faiz çoxdur.

Sonra məruzəçi qeyd etdi ki, son dövrlər muxtar respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması həyata keçirilən ekoloji siyasətin əsas istiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini xeyli artırır. Son 15 il ərzində keçirilən yaşıllıq aylıqları çərçivəsində salınan yeni meşə massivləri, meyvə bağları və yaşıllıq zolaqları hesabına bu gün muxtar respublikanın ümumi ərazisinin 8 faizə qədərini yaşıllıqlar təşkil edir. Halbuki 1988-ci ildə bu göstərici 1 faizdən də aşağı idi. Bu tədbirlər ölkəmizdə "Ekologiya ili" elan olunan 2010-cu ildə daha intensiv xarakter almışdır. Yaz və payız əkini mövsümlərində muxtar respublikada 522 hektardan çox ərazidə meşəbərpa və meşəsalma işləri həyata keçirilmiş, 585 mindən çox ağac və bəzək kolları əkilmişdir.

Son illər muxtar respublikaya təbii qazın nəqlinin bərpası, yeni elektrik stansiyalarının istifadəyə verilməsi energetika sektorunun inkişafına şərait yaratmış, Naxçıvan MR-in enerji təhlükəsizliyini təmin etmişdir. Sədr bildirdi ki, bu, energetika sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin ən ciddi uğurlarından biridir. Sovet hakimiyyəti illərində cəmi 1 elektrik stansiyası olan, qazlaşdırılması tam başa çatdırılmayan muxtar respublikada bu gün 5 elektrik stansiyası var, regionun ən ucqar dağ kəndlərinə təbii qaz xətti çəkilmişdir. "Bununla yanaşı, ekoloji cəhətdən daha səmərəli olan alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetiririk. Muxtar respublikanın iqlim şəraiti və relyef xüsusiyyətləri bu baxımdan xeyli əlverişlidir. Ötən il Gilançay üzərində istifadəyə verilmiş 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası muxtar respublikanın enerji potensialını daha da gücləndirmişdir. Bundan başqa, Ordubad və Arpaçay su elektrik stansiyalarının inşası üçün texniki-iqtisadi cəhətdən əsaslandırma işləri də davam edir" - deyə V.Talıbov vurğuladı.

Sonra məruzəçi belə bir amili xüsusi qeyd etdi:"Daxili bazarın qorunması, idxaldan asılılığın aradan qaldırılması, əhalinin tələbatının daha dolğun ödənilməsində yerli istehsalın həcminin artırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, indi muxtar respublikada 108-i ərzaq və 184-ü qeyri-ərzaq olmaqla 292 adda məhsul istehsal olunur. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində istehsal olunan 247 növ məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu məhsullardan 89-u ərzaq, 158-i isə qeyri-ərzaq məhsullarıdır".

Sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait yeni istehsal müəssisələrinin işə salınmasına, mövcud müəssisələrin fəaliyyət dairəsini genişləndirməsinə imkanlar açmaqla, eyni zamanda, məşğulluq səviyyəsinin yüksəlməsinə və əhalinin gəlirlərinin artmasına səbəb olmuşdur. Ötən il muxtar respublikada əhalinin gəlirləri 2009-cu illə müqayisədə 10 faiz artaraq 1 milyard 7 milyon 484 min, onun hər nəfərə düşən həcmi isə 9 faiz artaraq 2 min 480 manata çatmışdır. Əldə olunmuş sabit artım tempi yeni iş yerlərinin açılmasına və səmərəli məşğulluğun təşkilinə də səbəb olmuşdur. 2010-cu ildə yaradılan 3,5 mindən çox iş yerindən 80 faizə qədəri daimidir.

Əldə edilən iqtisadi nailiyyətlərin Naxçıvan MR-in xarici ticarət əlaqələrinin genişlənməsinə, istehsal olunan məhsulların ixracının artmasına geniş imkanlar açdığını söyləyən məruzəçi ilk dəfə olaraq 2009-cu ildə xarici ticarət dövriyyəsində müsbət saldo yarandığını və bu prosesin 2010-cu ildə də davam etdiyini bildirdi. Belə ki, ötən il 211 milyon 714 min dolları ixrac, 46 milyon 219 min dolları idxal olmaqla xarici ticarət dövriyyəsi 257 milyon 933 min dollara çatmışdır. Bu göstərici 2009-cu illə müqayisədə 17 faiz çoxdur.

 

***

 

Sessiyada digər məsələlər də müzakirə olundu. Deputatlar "Naxçıvan Muxtar Respublikasının 2010-cu il dövlət büdcəsinin icrasının təsdiqi" barədə məsələyə öz münasibətlərini bildirdilər. Sonra məsələ ilə bağlı muxtar respublikanın maliyyə naziri Xalid İsgəndərov, vergilər naziri Əli Mahmudov, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan MR İdarəsinin rəisi Rasim Hüseynov çıxış etdilər.

Sessiyada həmçinin "Naxçıvan MR Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi" haqqında məsələ ikinci oxunuşdan sonra qəbul olundu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Ülkər Bayramovanın hesabat məruzəsi dinlənildi. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan MR Ali Məclisinin deputatı Anar İbrahimovun məlumatı da deputatlar tərəfindən maraqla qarşılandı.

Sonda müzakirə olunan məsələlərlə əlaqədar qərarlar qəbul olundu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sessiyalararası dövrdə imzaladığı fərmanlar təsdiq edildi.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2011.- 27 yanvar.- S. 2.