Müstəqilliyimizin dayaqları

 

Əsl həqiqət müqayisədə üzə çıxır! Və elə bu həqiqət işığında da tarixin hər bir səhifəsinə, keçmişin və bugünün gerçəkliklərinə doğru-dürüst, obyektiv qiymət vermək imkanı yaranır! Çətin və kəşməkəşli, fəqət, şərəfli müstəqillik tariximizin ötən 20 ilinə nəzər salarkən belə bir qənaətə gəlirik ki, böyük qürur və fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız həddən ziyadə çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində oluruq. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, böhrandan inkişafa, səfalətdən rifaha keçidin möhtəşəm salnaməsini özündə əks etdirir!

 

Güclü dövlətin müstəqil siyasəti

 

Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu müstəqilliyi bu 20 ildə qazanıb və əzmlə qoruyub saxlaya bilib. Məhz bu baxımdan da dövlət müstəqilliyinin iyirminci ildönümü vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Dövlət müstəqilliyi hər bir vətəndaş, üçün ən böyük sərvətdir. Son 8 ildə respublikamıza inamla rəhbərlik edən möhtərəm Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncam da məhz bu reallıqlarla şərtlənir. Sərəncamda ötən dövrdə keçilən şərəfli yola ümumi nəzər salınmaqla yanaşı, dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması və bununla əlaqədar "Tədbirlər planı"nın təsdiqi məsələsi əksini tapıb. Azərbaycanın istiqlal tarixinə böyük ehtiramın təzahürü olan həmin sərəncamda da xüsusi vurğulandığı kimi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Bəli, müstəqil Azərbaycan bu 20 ildə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz! Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.

Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın bölgədə artan rolunun qərəzli olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmayıb. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.

İqtisadi sahədə keçid dövrü kimi səciyyələnən çətin və mürəkkəb bir mərhələni geridə qoyan respublikamız üzləşdiyi bütün təhdid və təzyiq cəhdlərini inamla dəf edərək regionda tamamilə müstəqil siyasət yeridir. Uzun illər regionda siyasi orbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycanın müstəqil siyasət yeritməsinin mühüm göstəricisi kimi vurğulana bilər. "Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Ölkələr var ki, müəyyən səbəblərə görə müstəqil siyasət aparmaq iqtidarında deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz - bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meyilləri daha da möhkəmləndirək" - deyə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı keçirilən təntənəli mərasimdə vurğulamışdır.

 

İstiqlala uzanan yol

 

Tarixdən məlumdur ki, hər bir dövlətin müstəqillik qazanmasında lider amilinin rolu müstəsnadır. Bu mənada, yəqin ki, gələcək nəsillər bizə məhz ümummilli lider Heydər Əliyevin müasiri olduğumuza görə qibtə edəcəklər. Yalnız bu səbəbdən ki, xalqın ötən əsrdə yetirdiyi bu böyük şəxsiyyətin müasiri olmaq, onun vətən, xalq naminə əzmkar fəaliyyətinin hər bir mərhələsini izləmək, əslində, Azərbaycanın son yarım əsrlik tarixinin bələdçisi, cığırdaşı olmaq deməkdir. Həmin tarixə boylandıqca bu həqiqəti daha aydın dərk edir, Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini daha aydın görürük.

Ümummilli lider xalqının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaratmış şəxsiyyətdir. Böyük strateq Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə belə, məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırlamışdır. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".

Orta və yaşlı nəslin nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 60-cı illərinin sonundan başlandığını yaxşı xatırlayırlar. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalardan biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan taleyin ümidinə buraxılmış kimi görünürdü. Zəngin xammala, karbohidrogen ehtiyatlarına, insan resurslarına malik Azərbaycanın İttifaq miqyasında geridə qalmış ölkələrdən birinə çevrilməsi son dərəcə dözülməz hal idi. Üstəlik, respublikada qanunsuzluq, iqtisadi cinayətkarlıq baş alıb gedir, vətəndaşların vəziyyəti dözülməz olaraq qalırdı. Bu nihilizm və tənəzzül şəraitində müstəqil həyata yeni qədəm qoyan biz gənclərin gələcək barədə təsəvvürləri də "bədbin notlar" üzərində köklənmişdi. Cəmiyyətdəki mənəvi-əxlaqi aşınmalar, sosial-mənəvi sarsıntılar fonunda haqq-ədalətə inamımızı belə, itirmişdik. Açıq deməliyik, imtiyazlı partiya nomenklaturasının yaratdığı sərt maneələr şəraitində hansısa imkansız azərbaycanlı gəncinin yalnız öz biliyi sayəsində ali məktəbə daxil olması, cəmiyyətdə layiqli yerini tutması nəinki çətin, hətta əlçatmaz görünürdü. Həmin dövrdə ən nüfuzlu institutların qapıları zəhmətkeş ailələrin övladlarının üzünə bağlanmışdı.

Respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə - 1969-cu ilin iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi isə respublikanı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. İyulun 14-də keçirilən plenumda ana dilində nitq söyləyən yeni rəhbər elə ilk gündən köhnə stereotipləri dağıdaraq milli ideallara bağlı lider olduğunu ən yüksək kürsüdən nümayiş etdirdi. Heydər Əliyevin ədalətə, qanunçuluğa tapınaraq respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırdı.

Böyük strateq yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirir, paralel şəkildə həyata keçirirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Ötən əsrin nüfuzlu dövlət xadimlərindən olmuş Uinston Çörçill deyirdi ki, "siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür". Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməklə yanaşı, gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. İrimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla, Azərbaycan həyatında intibah mərhələsinin əsasını qoydu. Ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürdü, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail oldu. Həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda - 70-ci illərin ortalarında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etdi. Azərbaycan böyük sənaye və neft maşınqayırması mərkəzinə çevrildi.

Bu və digər faktlar ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında vurğulandığı kimi, "Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır".

 

Müstəqilliyi qoruyaraq möhkəmləndirən lider

 

Tarixən imperiya buxovu altında yaşamağa məhkum olmuş hər bir xalqın hansısa əlverişli şəraitdə soy-kökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər, məfkurə və düşüncə sisteminə söykənərək özünəməxsusluğunu qorumaq, müstəqilliyə, azadlığa qovuşmaq şansı əldə etməsi əksərən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənmişdir. İndi bu həqiqəti əksəriyyət etiraf edir ki, əgər 70-80-ci illərdə Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ilə xalqın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik ölkə kimi mövcudluğu şübhə altında qalacaqdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də eynən birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənirdi. Respublikamız 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini əldə etsə də, xalqımız bu nemətin şirinliyini dada bilməmişdi. Üstəlik, hakimiyyətdə olan səriştəsiz qüvvələr cəmi 2 ildən də az müddətdə respublikadakı ictimai-siyasi, iqtisadi, hüquqi, mənəvi böhranı daha da dərinləşdirmiş, ölkəni idarəolunmaz vəziyyətə gətirmişdilər. Dövlətçiliyin taleyi baxımından ən ağrılı və çətin günlərdə xalq öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi liderə - Heydər Əliyevə etibar edir, onun rəhbərliyi altında üzləşdiyi fəlakətdən xilas olacağına böyük ümid bəsləyirdi. Ulu öndər məhz belə bir ağır dövrdə, 1993-cü ilin iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Əzmkar səyləri ilə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, xalq vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda vurğulandığı kimi, "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".

Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. Ölkədə sabitliyin, hüquq qaydalarının bərpası, milli həmrəyliyin təmini istiqamətində atılan addımlar paralel olaraq iqtisadi sahədə də radikal islahatların aparılmasına, ictimai-iqtisadi formasiya dəyişikliyi ilə bağlı zəruri institusional-qanunverici tədbirlərin həyata keçirilməsinə imkan verdi.

Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürdü və onu əsaslandırdı. Bu zaman böyük öndər respublikanın özünəməxsus cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə aldı. İctimai şüur səviyyəsində bazar iqtisadiyyatının tələblərinin hələlik tam qəbul olunmadığı faktını diqqətdən qaçırmadı, sosialyönümlü bazar iqtisadiyyatı yolunu prioritet kimi önə çəkdi.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə irəli sürülən yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbələri formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna, elmtutumlu istehsal sahələrinin yaradılmasına, bir sözlə, insan kapitalının formalaşdırılmasına yönəltmək idi. Əminliklə demək olar ki, ötən 17 ildə bu məqsədə tam nail olunub, Azərbaycanın yeni neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrində yüksəliş və tərəqqini təmin edib. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda "Əsrin müqaviləsi"nin respublikamızın dinamik inkişafı baxımından tarixi əhəmiyyəti xüsusi vurğulanır: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının reallaşması üçün imkan verdi və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu".

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası müstəqil dövlət quruculuğu prosesinin əsas prioritetlərini müəyyənləşdirdi. Respublikamız demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda bu məsələyə də diqqət ayrılır və Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi bazanın formalaşdığı diqqətə çəkilir.

1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da, Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsası qoyuldu. Ötən illərin reallıqları deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasını təmin etdi.

 

Yeni inkişaf salnaməsinin müəllifi

 

Fransız mütəfəkkiri Jan-Jak Russo demişdir ki, dövlət onun inkişafı ilə bağlı yeni fikir və ideyalar tükənəndə uçuruma yuvarlanır. Müstəqil Azərbaycan isə bu təhlükədən birdəfəlik qurtulub: Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün nəinki proqressiv proqram və konsepsiyalar mövcuddur, eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini məhz bu prinsip çərçivəsində qurur.

Tarix boyu hər bir ölkədə hakimiyyətin xalqa xidmət səviyyəsi, ilk növbədə, onun ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi əsasında müəyyənləşib. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa çalışıb. Hər bir vətəndaşın mənafeyinə hesablanmış sosial-iqtisadi islahatları uğurla gerçəkləşdirməyi qarşıya məqsəd qoyub. Vətəndaş mənafeyinə cavab verən bu qayğıkeş siyasət həm də ictimaiyyətin hakimiyyətə olan etimadını artırıb. Məmur təbəqəsini ümumi məqsədlər naminə vahid komanda kimi işləməyə, qarşıya qoyduğu vəzifələri işlək mexanizmlər əsasında gerçəkləşdirməyə sövq edib. Bu yanaşma səlahiyyətinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi kimi dəyərləndirən möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik konsepsiyasında da özünü qabarıq göstərir. Ötən 8 ildə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldan dövlət başçısı hər bir addımında vətəndaşların sosial mənafeyini, şəxsiyyət və insan amilini əsas tutur.

"Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən cənab İlham Əliyev son 8 illik fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirib. Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərində də insanların yanında olub. Onlara diqqət və qayğısını, köməyini, sevgisini əsirgəməyib. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətənlaşlarla görüşüb, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edib. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxıb. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə də nail olub. Bütün bunlar isə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırıb, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaradıb. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlib.

Cənab İlham Əliyevin dövlət idarəçiliyində qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 8 ildə dövlət büdcəsi 10 dəfə, hərbi xərcləri 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artsın. Azərbaycanda ötən dövrdə maaş və pensiyalar da orta hesabla 5-6 dəfə artıb, yoxsulluq 5 dəfə azalaraq 49 faizdən 9,1 faizə enib, 900 minədək yeni iş yeri açılıb.

Azərbaycan isə bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra edib, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib. Sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli addımlar atılıb. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda müstəqilliyin möhtəşəm uğurları sırasında Azərbaycanın son illərdəki dinamik inkişafına da xüsusi yer ayrılıb: "Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir".

Bu gün milli iqtisadi inkişaf modeli ilə tanınan Azərbaycan sovet dövründən qalmış köhnə infrastrukturdan tamamilə azad olaraq, iqtisadi-mədəni səviyyədə modernləşir. Ölkənin hər bir guşəsində müasir tələblərə cavab verən abadlıq-quruculuq işləri aparılır. Bütün bunlar isə məhz iqtisadi sahədə keçid dövrünün geridə qaldığını əminliklə söyləməyə ciddi əsaslar yaradır.

Ümumilikdə, dövlət başçısının 2003-2010-cu illərdəki daxili və xarici siyasəti deməyə əsas verir ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe və maraq amili hər zaman olduğu kimi, bu gün də öndədir. Dövlət başçısı istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərinin xarakterində, istərsə də xalqın təbii sərvətlərindən səmərəli istifadəsində, ilk növbədə, xalqın milli maraqlarını əsas götürür. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda da vurğulandığı kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil ölkədir.

Ən əsası, bu gün respublikamızın müstəqilliyini daim möhkəmləndirən, onu davamlı inkişaf yoluna çıxaran qətiyyətli və müdrik rəhbəri var!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2011.- 27 yanvar.- S. 3.