Azərbaycanla Latviyanın dostluq əlaqələri
möhkəmlənir
Müstəqilliyinin iyirminci ildönümündə Azərbaycanın ən böyük uğurlarından danışarkən onun get-gedə artmaqda olan beynəlxalq əlaqələrindən, diplomatik nailiyyətlərindən, iqtisadi münasibətlərindən söhbət açmamaq mümkün deyil. Vaxtilə Azərbaycanın dünya dövlətləri BMT və digər nüfuzlu beynəlxalq təşkilatları tərəfindən tanınması məsələsi bir məqsəd olaraq qarşıya qoyulmuşdusa, indi müstəqilliyin bəhrəsi kimi iqtisadi-siyasi mövcudluğun bəhrələrindən, onun nəticələrindən danışmağın tam zamanıdır.
Azərbaycan bir dövlət kimi artıq nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmək əzmindədir. Yüksək səviyyəli xarici qonaqların respublikamıza gəlməsi, Azərbaycan nümayəndə heyətinin mütəmadi olaraq inkişaf etmiş müxtəlif ölkələrə rəsmi səfərləri beynəlxalq əlaqələrin qurulması, daha da inkişaf etdirilməsi baxımından təqdirə layiqdir.
Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Latviyaya rəsmi səfəri də mühüm hadisələrlə yadda qaldı. İstər Azərbaycan Prezidentinin Latviya Prezidenti Valdis Zatlerslə təkbətək görüşü, istərsə nümayəndə heyətinin keçirdiyi görüşlər səmərəli keçmiş, ikitərəfli əlaqələri daha da intensivləşdirən xeyli sənəd imzalanmışdır. Bu isə gələcəkdə hər iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin daha da güclənəcəyindən xəbər verir. Latviyanın dövlət başçısı bunlara toxunaraq qeyd etdi: "Bizim ikitərəfli əlaqələrimiz çox müsbətdir və son illərdə dünyada iqtisadi geriləmə müşahidə olunduğu bir dövrdə bizim ölkələr arasında iqtisadi əməkdaşlıq 10 faiz artıb". Latviya Prezidenti bu mənada biznes forumların əhəmiyyətini xüsusi nəzərə çatdıraraq bildirdi ki, bundan əvvəl keçirilmiş biznes forumlarda ölkələrimiz arasında müəyyən əlaqələr qurulmuş, bunun üçün müvafiq qanunvericilik bazası da yaradılmışdır. "Biz gələcəyə baxarkən ikitərəfli əlaqələrimizi möhkəmləndirmək və Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa dəstək vermək üçün "Şərq tərəfdaşlığı" layihəsindən necə yararlanmağı da düşünürük. Burada bizim təhsil və məhz dövlət idarəçiliyində informasiya texnologiyaları sahələrində əməkdaşlığa dair çox yaxşı müzakirələrimiz olub"- deyən Latviya Prezidenti Avropa İttifaqı ilə Azərbaycan arasında ölkəsinin hansı rol oynaya biləcəyinə də aydınlıq gətirilməsini istədi: "Zənnimcə, "Şərq tərəfdaşlığı"nın müvəffəqiyyəti üçün olduqca əhəmiyyətlidir ki, Azərbaycan bu tərəfdaşlığı, onun mahiyyətini necə gördüyünü və Latviyanın Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafına hansı töhfə verə biləcəyini dəqiq desin." Azərbaycanın enerji ehtiyatlarına da toxunan Latviya Prezidenti onun Avropaya çatdırılmasında da ölkəmizin rolunu yüksək qiymətləndərək bunun artması üçün gələcəkdə də əllərindən gələni əsirgəməyəcəklərini bildirdi: "Latviya ilə Azərbaycan coğrafi cəhətdən strateji mövqeyə malikdirlər. Biz Qərblə Şərqin, Avropa ilə Asiyanın kəsişməsində yerləşirik. Bu yerləşmə heç də hər zaman bizim insanlar üçün rifah və əmin-amanlıq gətirmir. Lakin bu, xalqlarımızın ruh yüksəkliyini möhkəmləndirmiş və mədəniyyətimizi əsaslı şəkildə zənginləşdirmişdir."
Azərbaycan Prezidenti də imzalanan sənədləri, görülən işləri yüksək qiymətləndirərək Latviya-Azərbaycan biznes forumunda 50-dən çox iş adamının iştirak etdiyini bildirdi: "Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir və ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır."
200-dən artıq iş adamının iştirak etdiyi forumda dövlətimizin başçısı son illər Azərbaycanın qazandığı uğurlardan söhbət açdı, Xəzər dənizi hövzəsi ölkələrinin Baltikyanı dövlətlərlə ənənəvi əlaqələrinin genişlənməsində nəqliyyat əlaqələrinin inkişafına toxundu, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini vurğuladı, hər iki ölkə arasında imzalanan birgə bəyannamənin əhəmiyyətindən danışdı: "Əminəm ki, bu gün imzalanmış vacib sənədlər gələcək illərdə də münasibətlərimizi müəyyən edəcəkdir. Mən imzalanmış sənədlərin arasında birgə bəyannaməni xüsusilə vurğulamaq istəyirəm. Bu bəyannamə çox ciddi bir sənəddir və orada gələcək əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapmışdır."
Biznes forumda hər iki ölkənin investisiya imkanları və əməkdaşlıq yolları haqqında sənədlər də imzalandı, bu ölkələrdə istehsal olunan məhsullara baxış keçirildi.
Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu səfər çərçivəsində keçirdiyi görüşlər də diqqəti cəlb edir. Mehriban xanım Əliyeva "Putti" İncəsənət Qalereyasına getmiş, "Saule" Sosial İnkişaf Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Eyni zamanda, müxtəlif mədəni tədbirlərlə yadda qalan bu səfər həm də iki əbədi dənizin - Baltik və Xəzərin dostluq əlaqələrini daha da möhkəmləndirdi.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.- 27 yanvar.- S. 4.