AŞ PA-nın sədri Azərbaycan nümayəndə heyətini qəbul etmişdir

 

Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu ölkəmizdə keçirilmiş son parlament seçkilərindən sonra qurumda təmsil olunan Azərbaycan nümayəndə heyətini yeni tərkibdə qəbul etmişdir.

Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir:

- AŞ PA sədri ilə bu görüşün keçirilməsi heç də təsadüfi deyildir. Ölkəmiz artıq on ildir ki, Avropa Şurasının tamhüquqlu üzvüdür. Azərbaycan nümayəndə heyəti bu 10 ildə çox böyük işlər görmüşdür. Bu gün Azərbaycanın mövqeyi və gördüyü işlər Avropa Şurasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Avropa Şurasının üzvü olduğu 10 ildə diqqəti cəlb edəcək inkişaf yolu keçmiş, onun iqtisadi qüdrəti daha da yüksəlmiş, beynəlxalq aləmdə imici və nüfuzu artmış, nəhayət, böyük təsir gücünə malik bir ölkəyə çevrilmişdir.

S.Seyidov demişdir ki, AŞ PA-nın sədri Mövlud Çavuşoğlu Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyi ilə bağlı nümayəndə heyətini təbrik etmiş və uğurlar arzulamışdır. O, gələcəkdə Avropa Şurasında Azərbaycanın haqq səsinin daha yüksək səviyyədə eşidiləcəyinə əminlik ifadə etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan AŞ PA sədri bu məsələnin həlli istiqamətində Avropa Şurasının obyektiv mövqeyinin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırmışdır. Azərbaycan nümayəndə heyətinin rəhbəri demişdir ki, bu, əlbəttə, bizim üçün çox vacib və əhəmiyyətlidir. Ona görə ki, bizim əsas məqsədimiz ölkəmizin işğal altında olan torpaqlarının qaytarılmasıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 27 yanvar.- S. 5.