Avropa Şurası dövlət
terrorizmi xəttini tutmuş Ermənistanı cəzalandırmalıdır
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasındakı üçüncü iş günündə müzakirəyə çıxarılmış "Ekstradisiya və qovulma hallarında qaçqınlara və miqrantlara dəyən zərərin qarşısının alınması" mövzusunda məruzə ciddi maraq doğurmuşdur. Təsadüfi deyil ki, bu mövzu ilə əlaqədar diskussiyalarda iştirak etmək üçün 40-a yaxın deputat irəlicədən müraciət etmişdi.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da bu müzakirələrə qatılmış, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün həyatı yaşamağa düçar edən, terrorizmi dövlət siyasətinə çevirən Ermənistana qarşı Avropa Şurasını daha sərt olmağa, bu kriminal rejimi cəzalandırmağa çağırmışdır. R.Hüseynov müzakirələrdə ondan əvvəl çıxış etmiş erməni deputatların riyakar fikirlərini rədd edərək demişdir: "47 ölkənin Assambleyada təmsil olunan 400-ə yaxın deputatının hamısı öz seçiciləri ilə münasibətləri baxımından Azərbaycandan olan deputatlarla müqayisədə daha əlverişli vəziyyətdədirlər. Bunu əminliklə ona görə deyirəm ki, bu qurumdakı heç bir ölkənin 1 milyon qaçqın və məcburi köçkünü yoxdur. Şübhəsiz buradakı başqa deputatlar da yeri düşəndə öz seçiciləri tərəfindən tənqid olunur, bəzən lap sərt tələblər və ifadələrlə də üzləşirlər. Azərbaycanlı deputatların vəziyyəti isə fərqlidir. Ermənistandakı tarixi torpaqlarından deportasiya edilmiş və Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı heç vaxt ermənilərin yaşamadığı 7 rayondan didərgin salınmış bir milyondan çox insan bütün Azərbaycan boyu səpələnmişdir. Ona görə Azərbaycanın istənilən bölgəsindən seçilmiş hər bir deputatın qaçqın və məcburi köçkün həyatı yaşayan seçiciləri vardır.
On ildir ki, biz buradan onların dərdlərindən danışırıq, sənədlər hazırlayırıq, Azərbaycan insanlarının məruz qaldığı bu böyük bəlanın sona çatması üçün mübarizə aparırıq. Ortada isə heç bir nəticə yoxdur. Qaçqın və məcburi köçkünlər daha bizə söz demirlər. Sözləri qurtarıb. Onlar sadəcə olaraq, bizə baxırlar. Amma inanın ki, o baxışlar sizlərdən hər birinizin haçansa hansısa seçicinizdən eşitdiyiniz ən sərt sözlərdən, ən kəskin tənqidlərdən daha üzücüdür.
Bu zavallı insanlar yurdlarını, evlərini, illərlə topladıqları sərvətlərini, ata-baba məzarlarını, bir sözlə, nələri varsa itiriblər. Qalan bircə ümidləridir. Onlar bizə inanır, ümid bəsləyirlər. Onlar Avropa Şurasından kömək umurlar, bura ümid bəsləyirlər. İmkan verməyək ki, onlara yaşamağa kömək edən son dayaqları olan ümidi də itirsinlər.
Onları bu faciəyə düçar etmiş işğalçı Ermənistanın 4 milyon əhalisindən indi ölkədə 1 milyon 300 min adam qalıb. Ermənistan vətəndaşları öz hakimiyyətlərini ölkədə yaratdığı dözülməz şəraitdən baş götürüb qaçırlar. Bu rejim yalnız Azərbaycana deyil, öz xalqına da düşməncəsinə münasibət bəsləyir. Nəticədə indi Ermənistandakı əhalinin sayı Azərbaycanın qaçqın və köçkünlərinin sayına yaxınlaşıb.
Çox təəccüblü və anlaşılmazdır - niyə Avropa Şurası kimi nüfuzlu bir təşkilat cinayətkar Ermənistanın öhdəsindən gələ bilmir, ya gəlməyə cəhd etmir.
Adətən qəfil terror aktları nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edirlər. Ermənistanın Azərbaycana və öz vətəndaşlarına qarşı törətdikləri dövlət terrorizmidir. Bu terrorun nəticəsində minlərlə insan həyatını itirib. Lakin 20 ildir ki, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün həmin terror nəticəsində tədricən ölür. Biz Avropa Şurası olaraq bu tədrici ölümü də sükutla müşayiət edirik.
Yarandığı çağlardan Avropa Şurasının ali məramı insan haqlarını qorumaq olub. Bir milyon insanın haqqını qorumasaq, kim bizə inanar ki, tək-tək haqqı tapdanmış şəxsləri layiqincə müdafiə edə bilərik? Gəlin, nəticəsiz sözlərdən nəticəli işlərə keçək!"
Azərbaycanlı deputatın çıxışı maraqla qarşılanmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2011.- 27 yanvar.- S. 5.