Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasının 10 illiyinə həsr edilmiş konsert verilmişdir

 

Yanvarın 25-də Strasburqun möhtəşəm konsert salonunda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunmuş konsert verilmişdir.

Konsertdən əvvəl Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi səfir Arif Məmmədov qonaqları salamlamış, Azərbaycanın dünyanın ən nüfuzlu və mötəbər təşkilatlardan biri olan Avropa Şurasına üzv qəbul edilməsinədək çətin və ağır bir yol keçdiyini qeyd etmişdir. A.Məmmədov dünyanın tanınmış siyasi xadimlərindən olan Azərbaycan Prezidenti Heydər Əliyevin ölkəmizin tanıdılması, onun həqiqətlərinin beynəlxalq təşkilatların tribunalarından səsləndirilməsi üçün Azərbaycanın Avropa Şurasına üzvlüyə qəbul edilməsində israrlı olduğunu diqqətə çatdırmış, məhz ulu öndərimizin apardığı uzaqgörən xarici siyasəti nəticəsində respublikamızın 2001-ci il yanvarın 25-də Avropa Şurasının tamhüquqlu üzvü olduğunu bildirmişdir.

Səfir folklor-caz musiqisi barədə məlumat vermiş, Azərbaycan incəsənət ustalarını konsert iştirakçılarına təqdim etmişdir.

"İki dünya" adlı konsertdə gənc cazmen Emil Əfrasiyabın ifasında Azərbaycan musiqisindən nümunələr səsləndirilmişdir. Müğənnilər Rəvanə Ərəbovanın və Teyyub Aslanovun ifa etdikləri xalq mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Konsert Azərbaycan təbiətinin görməli yerlərini, tarixi abidələrini, Bakının ümumi görünüşünü əks etdirən slaydlarla müşayiət olunmuşdur.

Konsertdə Strasburq şəhər bələdiyyə idarəsinin və Avropa Şurasının rəsmiləri, Strasburq şəhər ictimaiyyətinin nümayəndələri, akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan və türk diasporlarının təmsilçiləri, tələbələrimiz iştirak etmişlər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.-27 yanvar.- S. 7.