Prezident İlham Əliyev
Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının birgə nahar mərasimində
iştirak etmişdir
Yanvarın 27-də Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dünyanın məşhur siyasət və biznes dairələrinin nümayəndələrinin bir araya gəlmələri və fikir mübadiləsi aparmaları baxımından xüsusi əhəmiyyətə malik olan nahar mərasimində Azərbaycana maraq daha çox hiss edilirdi. Bu da ilk növbədə, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əhəmiyyətinə, Azərbaycanın malik olduğu potensiala söykənir. Dövlətimizin başçısının mərasimdən əvvəl keçirdiyi görüşlər də Azərbaycanın iqtisadi nailiyyətlərinin dünyanın işgüzar dairələrinin diqqət mərkəzində olduğunu təsdiqləyir.
Mərasimdə çıxış edən Avstriyanın federal kansleri Verner Fayman, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Ukrayna Prezidenti Viktor Yanukoviç, OECD-nin baş katibi Angel Qurria və başqaları Dünya İqtisadi Forumunun mahiyyətinə diqqət çəkərək forumun iqtisadi-siyasi əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışdılar. Bildirildi ki, forumun gündəliyi genişdir və burada təmsil olunan dövlətlərin nümayəndələri müzakirələrə qatılaraq ölkələrində gedən proseslər, əldə olunan uğurlar barədə forum iştirakçılarına məlumat verirlər.
Tədbirin aparıcısı, Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer dövlətimizin başçısına müraciətlə dedi: İndi isə böyük şərəf hissi ilə Azərbaycan Prezidenti İlham Əliyevi çıxış etməyə dəvət edirəm. Mən özüm bu yaxınlarda Bakıya səfərim zamanı cənab Prezidentlə görüşmüş, Avstriya səfirliyinin açılışında iştirak etmişəm.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Hörmətli xanımlar və cənablar!
İlk növbədə mən Avstriyadan olan həmkarlarımıza, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına bu mühüm tədbirdə iştirak etmək üçün dəvətə görə təşəkkürümü bildirirəm. Əminəm ki, bu gün aparacağımız səmimi danışıqlar və müzakirələr regionumuz haqqında daha çox təəssürat və anlayış yaradacaq. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Asiya regionunun deyil, Qafqazın bir hissəsidir, lakin biz çox yaxınıq, qonşuyuq. Uzun illər ərzində biz bir ölkədə yaşamışıq. Buna görə də bizim bir çox əlaqələrimiz, mədəni və iqtisadi bağlılığımız mövcuddur. İndi isə biz həmin ənənəvi əlaqələrin bərpası və regionda layihələrin daha səmərəli olması üzərində düşünürük.
Biz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı tərəfdaşlarımızla bir çox məsələlərlə bağlı sıx işləyirik. Biz enerji və nəqliyyat sahəsində çalışırıq. Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir. Hazırda biz Şərq-Qərb, Şimal-Cənub daşıma dəhlizləri sahəsində işləyirik. Türkiyə ilə Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki ölkəni birləşdirən xətt deyil, əslində bu, Avropa ilə Asiya arasındakı bağlantıdır. Çünki həmin dəmir yolu Çindən başlayıb Avropaya qədər gedəcəkdir. Bu, yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşrut olacaqdır.
Azərbaycan neft ölkəsi
kimi tanınır. Bu, tamamilə doğrudur. Çünki
dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda
hasil edilib. Sonradan dənizdə neft ilk olaraq yenə Azərbaycanda
hasil edilib. Lakin bu gün təbii ki, biz bir sıra
mühüm şaxələndirmə layihələri üzərində
işləyirik. Bizim enerji daşıyıcılarını
beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz
vardır. Biz nəhəng qaz yataqlarını aşkar
etmişik. Onlar bizə böyük qaz ixracatçısı
olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu
ölkələrə ixrac edirik. Hasilatın
artırılması və yeni bazarların tapılması ilə
bağlı böyük planlarımız vardır. Azərbaycanın
təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir və bu
həcm İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi kimi,
bizim üçün 100 ildən artıq müddətə
kifayətdir.
Bizim şaxələndirilmiş
müasir daşıma infrastrukturumuz vardır. Hazırda
üzərində çalışdığımız məsələ
yeni bazarların müəyyən edilməsidir. Əslində
biz həmin bazarların yerləşdiyi yeri bilirik. Lakin bu
layihənin qarşılıqlı surətdə faydalı
olması üçün biz hasilatçı, tranzit və
istehlakçı ölkələrin maraqlarını bir araya
gətirməliyik. Enerji resursları təbii ki, bizdə əlavə
əminlik yaradır. Bunlar qeyri-neft sektoruna sərmayə qoymaq
imkanı yaradır və biz bu işi uğurla
aparırıq. İqtisadiyyatın şaxələndirilməsi
və müasirləşdirilməsi bizim əsas məqsədimizdir.
İqtisadi
artımımız çox sürətli olubdur. Son yeddi il ərzində
ÜDM 2,8 dəfə artıb. Bu, təqribən 300 faiz təşkil
edir. 2009-cu ildə böhranın baş verdiyi və neftin qiymətlərinin
4 dəfə aşağı düşdüyü halda
iqtisadiyyatımız 9,3 faiz, ötən il isə 5 faiz
artmışdır. Hazırda artım əvvəlki illərdəki
kimi o qədər böyük deyil, lakin davamlıdır.
ÜDM-in strukturu çoxşaxəlidir və daha cəlbedicidir.
Söyləyə biləcəyimiz
nailiyyətlərimizdən biri yoxsulluğun
azaldılmasıdır. Bu, birbaşa iqtisadi
islahatlarımızla bağlı idi. Çünki enerji
sektoru çox sayda iş yeri yaratmır. Buna görə də
vəsaitlərin neft sektorundan qeyri-neft sektoruna yönəldilməsi
iqtisadiyyatımızı müəyyən dərəcədə
şaxələndirməyə imkan yaratdı və yeddi il
bundan əvvəl mövcud olmuş 49 faizlik yoxsulluğun 9
faizə qədər endirilməsini mümkün etdi. Bu rəqəm
gələn illər ərzində daha da aşağı
olacaqdır.
Biz təhsil sahəsinə
böyük sərmayələr yatırırıq. Rəqabətə
davamlılıq baxımından Azərbaycan
iqtisadiyyatını Dünya İqtisadi Forumu yüksək qiymətləndirir.
Hazırda biz uğurlu və davamlı gələcəyi təmin
edəcək iqtisadiyyatın sektorları üzərində
çalışırıq. Biz gələcəyimizi regionda
yaxşı mövqeyə və qonşularla yaxşı
münasibətlərə, o cümlədən Avropa ilə
strateji əlaqələrə malik olduqca dinamik və
inkişaf etmiş ölkə kimi görürük.
Azərbaycan Avropa
İttifaqının "Şərq tərəfdaşlığı"
Proqramına qoşulub. Biz avropalı tərəfdaşlarımızla
həyatımızın bütün sahələrini əhatə
edən bu proqramın reallaşdırılması üzərində
işləyirik. Biz iqtisadi və siyasi islahatları paralel
şəkildə aparırıq. Ölkəni müasirləşdirmək,
davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq
üçün əlbəttə ki, biz siyasi və iqtisadi
islahatlar sahəsində daha çox
çalışmalıyıq.
Bu il biz müstəqilliyimizin
20 illiyini qeyd edəcəyik. Keçdiyimiz yol asan olmayıb.
Bu dövr ərzində, xüsusən də müstəqilliyin
ilk illərində bir çox çətinliklərlə
üzləşmişik. İqtisadi, siyasi, hərbi böhran
baş verirdi. Ermənistan tərəfindən Azərbaycan ərazisinin
bir hissəsi işğal edildi. Lakin biz səylərimizi səfərbər
edə bildik və müstəqillik fürsətini əldən
qaçırmadıq. İqtisadi və siyasi nöqteyi-nəzərdən
bu gün Azərbaycan müstəqil siyasət yürüdən,
regionda yaxşı mövqeyə malik olan və gələcəyə
böyük ümidlərlə baxan müstəqil ölkədir.
Biz ölkə daxilində və
xaricində əmin-amanlıq istəyirik, Avropa və beynəlxalq
maliyyə təsisatları ilə güclü əlaqələrin
olmasının tərəfdarıyıq. Fikrimcə, xarici sərmayələrin
cəlb olunması sahəsində əldə etdiyimiz təcrübə
bu yolda ilk addımlarını atan ölkələr
üçün faydalı ola bilər. Biz olduqca münbit sərmayə
mühiti yaratmalı idik. Son 15 il ərzində Azərbaycana
95 milyard ABŞ dolları məbləğində sərmayə
yatırılıb. Bu sərmayələrin demək olar ki,
yarısı xarici sərmayələrdir. Biz sərmayələrin
qorunması üçün güclü hüquqi baza
yaratmışıq və bütün əsas enerji müqavilələrimiz
parlament tərəfindən təsdiq olunur və qanun qüvvəsini
almaq məqsədilə Prezident tərəfindən
imzalanır. Bu o deməkdir ki, hətta biz istəsək belə
həmin müqavilələrin şərtlərini dəyişdirmək
hüququmuz yoxdur. Bu isə ən vacib amildir. Çünki sərmayədar,
xüsusən də regionumuzdakı xarici investorlar 100 faiz əmin
olmalıdırlar ki, sərmayələr qorunacaq və
heç kim artıq imzalanmış müqavilələrdəki
şərtləri dəyişdirməyə
çalışmayacaqdır.
Mən təşkilatçılara,
xüsusən də avstriyalı dostlarımıza bir daha təşəkkür
edirəm. Fürsətdən istifadə edib qeyd etmək istərdim
ki, biz Avstriya ilə Azərbaycan arasındakı yaxşı
siyasi və iqtisadi münasibətlərdən çox məmnunuq.
Hazırda Avstriya şirkətləri ölkəmizdə
mehmanxana və xizəksürmə istirahət mərkəzinin
tikintisi ilə məşğuldurlar. Onlar
iqtisadiyyatımıza sərmayə yatırırlar və
ümidvaram ki, bu müsbət meyillər davam edəcəkdir.
Çox sağ olun.
AzərTAc
Azərbaycan.- 2011.- 28 yanvar.- S. 1.