Azərbaycan Prezidenti İlham Əliyevin "Microsoft" Korporasiyasının vitse-prezidenti və "Microsoft İnternational" şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda "Microsoft" Korporasiyasının vitse-prezidenti və "Microsoft İnternational" şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşmüşdür.

Jan-Filip Kurtua Prezident İlham Əliyev ilə bundan əvvəlki görüşünü xatırladaraq təmsil etdiyi şirkətin ölkəmizdə səmərəli fəaliyyət göstərməsi üçün verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq etdi. O, neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə bağlı Azərbaycan Prezidentinin fikirlərinin və ölkəmizdə təhsil sisteminin inkişafına böyük həcmdə investisiyaların qoyulmasının önəmini vurğuladı.

Prezident İlham Əliyev "Microsoft" şirkətinin Azərbaycanda fəaliyyətinin genişlənməsində və ölkəmizin bu şirkətlə əməkdaşlıqda maraqlı olduğunu deyərək bildirdi ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sistemi inkişaf edir və "Microsoft" şirkətinin ölkəmizdə daha geniş fəaliyyəti üçün yaxşı imkanlar vardır.

Görüşdə Azərbaycanın indiki inkişaf tempinin və Prezident İlham Əliyevin bununla bağlı həyata keçirdiyi fəaliyyətin nəticələrinin "Microsoft" ilə əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığı vurğulandı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-28  yanvar.- S. 2.