İctimai təhlükəsizliyin və hüquq qaydasının etibarlı qorunması daxili işlər orqanları üçün ən mühüm vəzifədir

 

Müsahibimiz Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil USUBOVDUR

 

- Cənab nazir, bu günlərdə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr edilən geniş kollegiya iclası keçirilmişdir. Hesabat ilində fəaliyyətinizin təhlili hansı ümumi nəticələrdən danışmağa əsas verir?

- Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında demokratik proseslərin daha da sürətləndiyi, xalqımızın rifah halının yüksəldiyi, sosial və infrastruktur layihələrin uğurla icra olunduğu 2010-cu il ölkəmizdə davamlı şəkildə gedən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan amillərdən olan ictimai asayişin, sabitliyin, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə səciyyəvidir. Azərbaycan Respublikasının qanunları, dövlət başçısının fərman, sərəncam və tapşırıqları rəhbər tutularaq ötən illərin müsbət nəticələri qorunub saxlanılmaqla, bir çox istiqamətlərdə inkişaf etdirilmiş, bütövlükdə qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Kriminogen durum fasiləsiz izlənilmiş, təhlil edilmiş, baş verən dəyişikliklərlə əlaqədar vaxtında adekvat tədbirlər görülmüşdür.

Cinayətlərin qarşısının alınması, açılması, cinayətkarların axtarışı, ictimai qaydaya nəzarət, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələrdə müsbət nəticələr əldə olunmuşdur. Sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması və ən yüksək tələblərə cavab verən şəraitdə, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyətinin təşkili sahəsində olduqca əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Polisin sosial funksiyalarını effektli yerinə yetirməyə imkan verən yeni iş metodlarının, habelə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də zəruri iş aparılmışdır. Bu gün maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab verməyə tam qadirdir.

- Cinayətkarlığa qarşı mübarizənin uğurlu nəticələr verdiyini qeyd etdiniz. Bu sahədəki fəaliyyətin göstəriciləri necədir və ötən illərlə müqayisəli təhlildə hansı müsbət, yaxud mənfi tendensiyalar görünür?

- 10 ildən artıqdır ki, fəaliyyətin əsas istiqamətləri üzrə göstəricilərdə müsbət təmayül müşahidə olunur. Bu təmayül 2010-cu ildə də məntiqi davamını tapmışdır. Bütün subyektlər üzrə 23010 cinayət qeydə alınmışdır. Onların 88,8 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,2 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir.

Cinayətlərin ümumi sayı 1,2 faiz, onların strukturunda adam oğurluqları 2,1 dəfə, zorlamalar 2,2 dəfə, soyğunçuluqlar 16,9 faiz, hədə-qorxu ilə tələb etmələr 7,7 faiz, quldurluqlar 6,5 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 3,5 faiz azalmışdır. Yeri gəlmişkən, məlumat üçün bildirim ki, əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə əhalinin hər 100 min nəfərinə düşən qəsdən adam öldürmələr və ona cəhdlər Azərbaycanda 2-4 dəfə az olmaqla cəmi 2,7 faktdır. Fiziki zorakılığa məruz qalmış qadınların sayı isə ölkəmizdə 1,3-5 dəfə az olmaqla 13,3 nəfər təşkil edir. Həyata keçirilən kompleks profilaktik tədbirlərlə cinayətlərin ayrı-ayrı subyektlərinin kriminal aktivliyi də azalmışdır. Bu baxımdan, əvvəllər məhkum olmuş şəxslər tərəfindən törədilən cinayətlərin sayının 2,9 faiz, yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərinin 2,4 faiz, habelə məişət zorakılığı ilə bağlı cinayətlərin 9 faiz azalmasını qeyd etmək olar. Cinayətlərin açılma göstəricisi də yüksək olmaqla ötən il 86,4 faiz təşkil etmişdir. Qəsdən adam öldürmələrin açılması 5,4 faiz, adam oğurluqlarının açılması 6 faiz yaxşılaşmış, hədə-qorxu ilə tələb etmə və banditizm cinayətləri tam açılmışdır. İnsanların hüquqlarının və qanuni mənafelərinin təmini işinin mühüm amillərindən olan keçmiş illərdən bağlı qalmış 296, o cümlədən 65 ağır və xüsusilə ağır cinayətin prokurorluq orqanları ilə birgə açılmasını da vurğulamaq istərdim.

Yerli və dövlətlərarası axtarışda olan 2296, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 127 təqsirləndirilən şəxs tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən edilmişdir. Axtarışa elan olunmuşların 66,3 faizi tutulmuşdur.

Mütəşəkkil cinayətkarlığa, onun transmilli növlərinə qarşı aparılan mübarizə də sistemli xarakter daşımışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 647 ağır və xüsusilə ağır cinayət törətmiş 656 nəfəri birləşdirən 211 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 873 odlu silah və 60 mindən çox patron götürülmüşdür. Qanunsuz odlu silah saxlama və daşıma cinayətlərinə görə 108 nəfər məsuliyyətə cəlb olunmuşdur.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması üzrə davamlı şəkildə həyata keçirilən əməliyyat tədbirləri ilə 32 saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Bu növ hüquqazidd əməllərlə bağlı cinayət məsuliyyətinə 30 nəfər cəlb olunmuşdur. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ilə bağlı 19 cinayət faktı müəyyən edilərək qanunsuz dövriyyədən çəkisi on tonlarla ölçülən istifadə müddəti ötmüş müxtəlif ərzaq məhsulları və saxta tikinti materialları çıxarılmışdır.

Narkotrafikə və insan alverinə qarşı mübarizə, həmçinin qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində görülən işlər də davamlı olmuşdur. Qanunsuz dövriyyədən 660 kq narkotik vasitə çıxarılmış, 94,5 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır. Xüsusi əməliyyat planı əsasında həyata keçirilən tədbirlərlə ümumi çəkisi 331 ton olan narkotik tərkibli bitki aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 70 müvafiq cinayət aşkarlanaraq 39 nəfər məsuliyyətə cəlb edilmiş, 24 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu cinayətlərin qurbanı olmuş 34 şəxs müəyyənləşdirilmişdir.

Ölkənin müxtəlif yerlərində keçirilmiş 429 kütləvi tədbirə cəlb olunan polisin və Daxili Qoşunların şəxsi heyəti asayişi və təhlükəsizliyi yüksək səviyyədə qorumuşdur. Əməkdaşlarımız və hərbi qulluqçular sel daşqınlarına məruz qalmış ayrı-ayrı rayonlarda asayişin mühafizəsi, əhalinin evakuasiyası, nəqliyyatın hərəkətinin nizamlanması, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə tədbirlərdə yaxından iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəxsi heyətin fədakar əməyi yüksək qiymətləndirilərək 35 nəfər dövlət mükafatlarına, 3 rəhbər vəzifəli şəxs ali rütbələrə layiq görülmüşdür.

Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də Azərbaycan asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 2009-cu illə müqayisədə ötən il daha da yaxşılaşaraq 252 fakt təşkil etmişdir.

Şübhəsiz ki, ictimai asayişin təmini və cinayətkarlıqla mübarizədə əldə edilən önəmli nəticələr dahi öndər Heydər Əliyevin yaradıcısı olduğu hüquq-mühafizə strategiyasının zati-aliləri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin, yüksəlişin və tərəqqinin məntiqi nəticəsidir.

- Müasir dövrün tələblərindən biri də fəaliyyətdə yeni informasiya texnologiyalarından istifadədir. Bu sahədə Daxili İşlər Nazirliyində görülən işlər sizi qane edirmi?

- Ümumən, cinayətlərin qarşısının alınmasında, açılmasında, hüquqazidd əməllərlə bağlı operativ tədbirlərin görülməsində və hər bir vətəndaşın təhlükəsizliyinin təmin edilməsində yeni informasiya texnologiyalarının rolu mühüm və danılmazdır. Son illər bu məsələ ilə bağlı Milli Strategiya çərçivəsində həyata keçirilən tədbirlər ölkə həyatının bütün sahələrini əhatə etməklə cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.

Əsas təyinatı vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə çevik reaksiya verilməsindən, cinayət və hadisələr barədə daxil olmuş məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsindən ibarət olan "102" xidmətinin ölkənin bütün ərazisini əhatə etməsi üzrə işlər ötən il başa çatdırılmışdır. Artıq respublikanın istənilən nöqtəsindən bu zəng mərkəzi ilə əlaqə yaratmaq mümkündür. "Təhlükəsiz şəhər" xidmətinin videonəzarət vasitələrinin tətbiqinin ikinci mərhələsində əlavə 150 nöqtədə 448 rəqəmsal və çoxfunksiyalı kameralar quraşdırılmış və hazırda onların sayı 1110-a çatmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı"na uyğun olaraq Bakı şəhəri üzrə 228 taksofon aparatının "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sistemi videokameralarının görüntü dairəsində yerləşdirilməsi təmin olunmuş və bu istiqamətdə işlər davam etdirilir. Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun polis orqanlarını əhatə edən "İnzibati Xətaların Qeydiyyatı Sistemi" istismara verilmiş, cari ildə isə digər şəhər və rayonlar bu sistemin əhatə dairəsinə daxil ediləcəkdir. Respublikanın bütün şəhər, rayon polis orqanlarının məhkumluq, axtarılan cinayətkarlar, avtonəqliyyat vasitələri, odlu silahlar və s. haqqında informasiyaları özündə birləşdirən Məlumat Portalının Mərkəzi Serverinə, habelə "Elektron Sənəd Dövriyyəsi" sisteminə qoşulması təmin edilmişdir.

Bu informasiya resurslarının əhəmiyyətinə gəldikdə isə, təkcə onu qeyd edim ki, 2010-cu ildə "102" xidmətinə daxil olmuş məlumatlar əsasında 1679 cinayət işi başlanmış, məişət zəminli 2 minə yaxın hüquqazidd əməlin qarşısı alınmış, habelə bu qurumun imkanları ilə 314 cinayət "isti izlərlə" açılmışdır. "Təhlükəsiz şəhər" xidməti tərəfindən videomüşahidə vasitələrinin tətbiqi ilə 20 cinayətin üstü açılmış, 2104 yol-nəqliyyat qəzası, o cümlədən piyadaların vurulması ilə bağlı 49 hadisə müəyyən edilmişdir.

Yol hərəkəti qaydaları əleyhinə olan 40979 inzibati xəta aşkarlanmışdır. Digər tərəfdən, yaradılmış avtomatlaşdırılmış laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 28,3 faizi üzrə sübut bazası toplanılmışdır. "Məlumat Portalı" vasitəsilə axtarılan 540 şəxs və 10 avtomobil müəyyən edilmiş, eləcə də məhkumluq, axtarışda olan cinayətkarlar, avtonəqliyyat vasitələri, odlu silahlar və s. haqqında 750 mindən çox sorğu cavablandırılmışdır.

Daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və modernləşdirilməsinə şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük dəstək vardır. Nəticə isə belədir ki, bu gün cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələr üzrə nazirlikdə 13 informasiya resursu fəaliyyət göstərir.

- Cənab nazir, yol hərəkəti təhlükəsizliyi sistemində son illərdə aparılan islahatlar bütövlükdə uğurlu nəticələr versə də, bu sahədə müəyyən narazılıqlar hələ də qalır. Son kollegiya iclasında bu sahədəki problemlərdən geniş bəhs etdiniz...

- Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində də fəal inkişaf tempi saxlanılmışdır. Yol hərəkətinə nəzarət çərçivəsində texniki sistemlərin, foto və video vasitələrin tətbiqi, habelə hərəkət iştirakçılarının inzibati məsuliyyətinin sərtləşdirilməsi hadisələrin qarşısının alınmasına öz müsbət təsirini göstərmişdir. 2010-cu ildə respublika üzrə 61 minədək avtomobilin artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 2,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,7 faiz, ölənlərin sayı 0,5 faiz azalmışdır. Bu müsbət dinamika yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş verən hadisələrdə də nəzərə çarpmışdır.

Nəticədə sürət həddinin aşılmasından irəli gələn qəzalar 5,3 faiz, ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın yoluna çıxma ilə əlaqədar olanlar 5,6 faiz, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən törədilənlər 25,3 faiz, piyadaların vurulması ilə bağlı hadisələr 2 faiz azalmışdır. Sürücünün görünüş dairəsini məhdudlaşdıran və yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi vəziyyətində idarə olunan 6619 avtomobil, habelə 21.500-ə yaxın sərxoş sürücü və 706 avtoxuliqan müəyyən edilərək müvafiq tədbirlərin görülməsi təmin olunmuşdur. Bununla yanaşı, dövlət yol polisi xidməti tərəfindən cinayətkarlığa qarşı mübarizədə də müəyyən işlər görülmüş, axtarışda olan 51 təqsirləndirilən şəxs yaxalanmış, oğurlanmış və qaçırılmış 148 avtomobilin tapılması təmin edilmiş, digər xidmətlərlə birgə 46 kq-a yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılmışdır.

Lakin yol-nəqliyyat qəzalarının təhlili göstərir ki, bu sahədə sürücülərin intizamı və sürücülük mədəniyyəti hələ də istənilən səviyyədə deyildir. Bir çoxlarının ötmə və manevr etmə qaydalarını pozmaqla qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxmaları, avtomobili yüksək sürətlə, sərxoş vəziyyətdə idarə etmələri və s. inzibati xəta törətmələri səbəbindən ölüm və yaralanma ilə nəticələnən hadisələr azalsa da, belə qayda pozuntuları hələ də əsas problemlərdən biri kimi qalır. Nəzərə alsaq ki, ötən il yol-nəqliyyat hadisələrinin 93,1 faizi məhz bu səbəblərdən baş verib, bu halda hər bir şəxsin yol hərəkəti qaydalarına şüurlu şəkildə riayət etməsi onun bilavasitə borcudur. Yol-patrul xidməti əməkdaşlarının insanlarla gündəlik ünsiyyətdə olması baxımından isə onların fəaliyyətindən narazı qalanlar da, razılıq edənlər də vardır. Bu təbii haldır. Təhlil göstərir ki, ümumi müraciətlərin içində yol polisi əməkdaşlarından olan şikayətlərin xüsusi çəkisi 8,3 faizdir.

Şikayətlərin əksər hissəsini yerində nəzərdə tutulmuş cəriməni ödəyə bilməyən sürücü haqqında protokolun əsassız tərtib olunması, avtomobilin etibarnaməsiz idarə edilməsi və yolun hərəkət hissəsində yerləşdirilməsi səbəbindən duracağa qoyulması, xüsusi səs siqnallarından və ya istehsalçı zavodun nəzərdə tutmadığı siqnallardan, yaxud işıq cihazlarından istifadə edilməsi, sükan arxasında telefonla danışmaq və s. qanunla qadağan olunmuş əməllərlə bağlı tətbiq olunan inzibati tənbehlərdən narazılıqlar təşkil edir.

Əlbəttə, tərəfimizdən daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə yol-patrul xidməti əməkdaşlarının qanunvericiliyə zidd, neqativ hərəkətləri də aşkarlanır ki, nəticədə müvafiq intizam və digər məsuliyyət tədbirləri görülür. Müxtəlif qanun pozuntularına görə 33 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb olunmuşdur. Onlardan 5-i xidmətdən xaric edilmiş, biri tutduğu vəzifədən azad olunmuş, bir nəfər cinayət məsuliyyətinə cəlb edilmiş və başqa məsuliyyət tədbirləri görülmüşdür.

Sözsüz ki, yol patrul xidməti əməkdaşlarının gecəli-gündüzlü gərgin əməyi fonunda belə neqativ halların mövcud olması ümumi işə təsirsiz ötüşmədiyindən nazirlik qanunçuluğun daha da möhkəmləndirilməsi və onun səviyyəsinin yüksək tələblərə cavab verməsi üçün davamlı iş aparır.

- Son vaxtlar müəyyən dairələrin baş örtüyü məsələsi ilə bağlı süni problemlər yaratmaq istiqamətində fəallığı müşahidə olunur. Prosesi izləyən ekspertlərin qənaətincə, bu ajiotajın müəllifləri ölkəmizdə dini durumu qərəzli şəkildə gərginləşdirməklə ictimai sabitliyin pozulmasına çalışırlar...

- Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik bu gün hər bir vətəndaşımız üçün müstəqilliyimiz qədər əzizdir. Onun qorunması, möhkəmləndirilməsi və əbədiliyi naminə böyük fədakarlıqlar ortaya qoyulmuşdur.

Aidiyyəti dövlət orqanları bu gün də vətəndaşlarımızın dinc həyatını təmin edən siyasətin keşiyində sayıqlıqla durmuşlar. Gizli deyil ki, müstəqilliymizi istəməyən, Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsindən əndişələnən müəyyən xarici qüvvələr və onların daxildəki əlaltıları dövlətimizi sarsıtmağın yeganə yolunu sabitliyi zəiflətməkdə görürlər. Amma unudurlar ki, bu sabitlik xalqın məhz Heydər Əliyev siyasi kursuna sədaqəti və Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə dəstəyi əsasında mövcuddur. Respublikamızda ictimai-siyasi sabitliyin gücü xalqın öz Prezidentinə etimadı ilə müəyyənləşir. Bu etimad isə ən yüksək səviyyədədir! Demək, heç bir qüvvə Azərbaycanda sabitliyə xələl gətirə bilməz! Şübhəsiz ki, nailiyyətlərimiz artdıqca, ölkəmiz daha da inkişaf etdikcə bədxahlarımız da yerlərində dayanmır, müxtəlif məkrli ssenarilər üzərində baş sındırırlar. Ancaq antiazərbaycançı şəbəkə bilməlidir ki, onun dövlətimizə və xalqımıza qarşı yönəlmiş hər bir bədnam planı həmişə olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq. Bununla belə, mövcud demokratik şəraitdən sui-istifadə edən bir sıra yerli radikal dini qruplar xarici havadarlarının təhriki ilə ölkəni sivil, dünyəvi inkişaf yolundan döndərməyə cəhdlər göstərirlər. Lakin respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sayıqlığı nəticəsində bu əməllər və məkrli niyyətlər ifşa olunmuş və müvafiq tədbirlər davam etdirilir. Xüsusi vurğulamaq istərdim ki, çox təhlükəli və zərərli meyil olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar. Aidiyyəti dövlət orqanları bu cür təzahürlərin yayılmasına, ölkədə sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcəklər.

Bu mövzuda son vaxtlar ölkəmizdə geniş ictmai müzakirələr açılır. Sevindirici haldır ki, vətəndaşlarımız baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır. Problemin məğzini və haradan qaynaqlandığını dərk edir. Fürsətdən istifadə edərək, bu barədə öz vətəndaş mövqeyimi də bildirmək istərdim. Azərbaycan yüksək islami dəyərləri təməl mənəvi prinsiplər kimi qəbul edən ölkədir, eyni zamanda, dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən biridir.

Həmçinin bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkəmizdə hər hansı bir dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur. Bu mənada, qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur. Amma bu cür etiqad azadlığının hökm sürdüyü mütərəqqi mühiti gözü götürməyənlər indi yeni bir iddia ortaya atıblar: orta məktəblərin qız şagirdləri dərsə baş örtüyü ilə gəlməlidir. Belə yanaşma dünyəvi, sivil cəmiyyətə xas dəyərlər baxımından yolverilməzdir. Orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər. Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək. Müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyi daha yüksəkdir və onun azadlığının, tamhüquqlu vətəndaş olma haqqının real təminatı var. Bu gün Azərbaycan qadını öz yüksək mənəvi keyfiyyətləri, ailəsinə bağlılığı, şərəfi, qüruru, namusu ilə milli iftixarımızdır. Onun ölkəmizin ictimai-siyasi həyatında, elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə rolu danılmazdır.

Digər tərəfdən, mənəviyyat, əxlaq heç də zahiri görünüşlə müəyyənləşmir. Biz daha çox insanların, xüsusən də yeniyetmələrin və gənclərin daxili dünyasının, mənəviyyatının zənginləşməsinə, milli dəyərlərə uyğunlaşmasına önəm verməliyik. Fikrimcə, bu mövzulara həmçinin din xadimləri xüsusi diqqət ayırmalıdırlar. Onlar həm də vətəndaşlarımızın mövhumatdan, cəhalətdən, ekstremizm və radikalizmdən uzaqlaşmasına çalışmalı, dinimizin əsl mahiyyətinin təbliğinə səy göstərməlidir.

- Cənab nazir, əhalinin müraciətlərinə baxılması prosesi necə tənzimlənir və ümumilikdə polis-vətəndaş münasibətləri, ictimaiyyətlə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti Sizi qane edirmi?

- Bu gün cəmiyyətin daxili işlər orqanlarına tələbi olduqca yüksəkdir. Azərbaycan Respublikasına və xalqa sədaqət andı içib vəzifələrinin icrasına başlayan hər bir əməkdaşın fəaliyyəti xalqa xidmət funksiyalarının yerinə yetirilməsinə, polisin nüfuzunun artmasına yönəlmişdir. Belə vacib məsələdə başlanğıc nöqtəsi kimi vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin effektli təşkili xüsusilə əhəmiyyətlidir. Ötən il nazirlikdə 4000-dən artıq vətəndaş qəbul edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 10 faiz çoxdur. Bundan əlavə, "Qaynar xətt", elektron poçt ünvanı da vətəndaşların müraciətlərinin operativ həllində və eyni zamanda ictimaiyyətlə əlaqələrin səmərəli qurulmasında böyük rol oynayır. 2010-cu ildə "Qaynar xətt"ə 684, elektron poçt ünvanına isə 3058 müraciət daxil olmuşdur. Qaldırılan bütün məsələlər nəzarətə götürülərək əksəriyyəti müsbət həllini tapmış, nəticələri barədə təşəbbüskarlara yazılı cavablar verilmiş, hüquqları izah edilmişdir. Dövlət başçısının bilavasitə diqqət mərkəzində olan bütün bu tədbirlər həm də insanların polisdə gedən demokratikləşmə prosesinə, ictimai təhlükəsizliyin təmini işinə daha fəal cəlb olunmasına yönəlmişdir.

Ümumən, polisin sosial funksiyalarının genişləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi başlıca vəzifələr kimi həyata keçirilməklə vətəndaşlar tərəfindən müsbət qarşılanır. Qarşılıqlı əlaqələrimizin önəmli nəticələrindən biri 2010-cu ildə, vətəndaşların bilavasitə köməyi ilə 700-dən çox cinayətin açılmasıdır. Digər tərəfdən, hüquq qaydasının təmini üzrə ictimai şuraların formalaşdırılması prosesi də sürətləndirilmiş, onun üzvləri inzibati sahədə sosialyönümlü məsələlərin həllinə, cinayət törətməyə meyilli şəxslər ətrafında aparılan profilaktik işlərə daha fəal cəlb olunmuşlar. Bugünədək 3262 nəfər vətəndaş İctimai Şura üzvlüyünə qəbul edilmiş və yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, bu yeni qurum əhali arasında kifayət qədər rəğbət qazanmışdır.

Onu da qeyd edim ki, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi üzrə də davamlı iş aparılır. Lakin bu da bir faktdır ki, polis əməkdaşlarının ölkədə ictmai asayişin təminatına yönələn fəaliyyətindən bir çox hallarda geniş ictimaiyyət məlumatsız olur. Polisin işinin olduqca çətin, məsuliyyətli və risqli tərəflərinin əsl mahiyyətini ictimaiyyətə çatdırmaqda isə KİV-lərin alternativi yoxdur. Kütləvi informasiya vasitələrinin həm də ictimai nəzarət funksiyası daşıması baxımından Daxili İşlər Nazirliyi mətbuatda gedən haqlı tənqidləri və əksini tapan çatışmazlıqlar barədə obyektiv rəyləri xidməti fəaliyyətdə nəzərə alır və adekvat tədbirlər görür. Ümumilikdə, biz KİV-lərlə əməkdaşlığımızı uğurlu sayır və bu münasibətlərin inkişafında maraqlıyıq.

- Cənab nazir, necə hesab edirsiniz, cinayətkarlığa qarşı mübarizədə şəxsi heyətin peşə hazırlığı və əməkdaşların vəzifə borcuna riayət səviyyəsi yetərlidirmi?

- Daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığı əməliyyat-xidməti fəaliyyətin prioritet istiqamətlərindən biri olmaqla bu işin məqsədyönlü təşkilinə və aparılmasına xüsusi diqqət göstərilir. Qanunla müəyyən edilmiş funksiyaların müvəffəqiyyətlə yerinə yetirilməsində şəxsi heyətin professional hazırlığının artırılması və peşəkar kadr özəyinin yaradılması böyük rol oynayır. Polisdə xidmətin yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, dərrakə, elm, təhsil və təcrübə tələb etdiyini vurğulayan ümummilli lider Heydər Əliyev daim pofessional səviyyənin yüksəldilməsini, gündəlik işin müasir tələblərə, beynəlxalq təcrübəyə uyğun qurulmasını bir tələb kimi qarşıya qoymuşdu. Bu proqram vəzifələrin yerinə yetirilməsi məqsədilə bütün polis orqanlarında və nizami hissələrdə kadr və peşə hazırlığı üzrə inspektor vəzifələri təsis edilmiş, zəruri normativ hüquqi baza yaradılmışdır.

Nəzəriyyə ilə praktikanın uzlaşdırılmasına da önəm verilərək Polis Akademiyasında idarəetmənin təşkili fakültəsi, müasir elmi-metodik kabinetlər, laboratoriyalar, kriminalistik təlim otaqları yaradılmış, tədris və məişət korpusları, xüsusi təchiz olunmuş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. tikilərək istifadəyə verilmişdir. Analoji tədbirlər sıravi və kiçik rəis heyəti hazırlayan məktəbdə də həyata keçirilmişdir.

Qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün əməkdaşlar xarici dövlətlərdə və beynəlxalq təşkilatlar tərəfindən keçirilən təlimlərə, ilkin hazırlıq və ixtisasartırma kurslarına cəlb olunurlar. Onların peşəyə olan marağının artırılması və stimullaşdırılması məqsədilə ayrı-ayrı xidmət sahələri və təsnifat vəzifələri üzrə müsabiqələr də keçirilir, habelə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslaşmaya nail olmaq üçün xüsusi proqram əsasında kurs və treninqlər təşkil edilir. Gənc kadrların tədris müəssisələrində aldıqları nəzəri bilikləri praktikada istifadə etməsinə, xidmətdə möhkəmlənməsinə və inkişafına da lazımi şərait yaradılmışdır. Əməkdaşların işgüzar, mənəvi və şəxsi keyfiyyətlərinin hərtərəfli və obyektiv qiymətləndirilməsində, xidmətə və tutduğu vəzifəyə uyğunluq dərəcəsinin müəyyən edilməsində professionallığı, peşə biliyi, xidməti vəzifələrə münasibəti, bütövlükdə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirmə meyarları nəzərə alınır. Həyata keçirilən bu və digər kompleks tədbirlər nəticəsində güclü və bacarıqlı kadr potensialı, peşəkar özək formalaşmış, onun möhkəmlənməsi və genişlənməsi üzrə tədbirlər isə sistemli şəkildə davam etdirilir.

Ötən il xidməti vəzifələrinin icrası zamanı 153 əməkdaşımız xəsarət almış, 5 nəfər həlak olmuşdur. Bu, heç də adi rəqəm deyil, deyərdim ki, şəxsi heyətimizin öz funksiyalarını layiqincə yerinə yetirməsi üçün hər cür rəşadətə hazır olduğunun göstəricisidir. Ölkənin inkişafında, demokratik quruculuq proseslərində yaxından iştirak edən əməkdaşlarımız və hərbi qulluqçularımız isə Vətənə, xalqa və vəzifə borcuna həmişə sadiqdir və üzərinə düşən vəzifələri bundan sonra da şərəflə yerinə yetirməyə hazırdır.

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

 

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 3.